Adı iri məbləğli fırıldaqçılıqda hallanan Həsən Əliyevin səlahiyyətlərinə xitam verildi
Məhkəmə-Hüquq Şurası Ağır cinayətlər məhkəməsinin adı iri məbləğdə fırıldaqçılıqda hallanan hakim Həsən Əliyevin səlahiyyətlərinə xitam verib. Bu barədə məlumat Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilib. Məlumatda deyilir ki, Məhkəmə-Hüquq Şurasının bu gün iclası keçirilib və bir sıra başqa məsələlərlə yanaşı, Həsən Əliyevin məsələsi də müzakirə olunub. Onun hakimlikdən uzaqlaşdırılması haqda məlumatda deyilir:
“Iclasda Məhkəmə-Hüquq Şurasının 04.09.2013-cü il tarixli qərarı ilə Bakı Ağır cinayətlər məhkəməsinin hakimi Həsən Əliyev barədə başlanılmış intizam icraatına baxılıb, kobud qanun pozuntularına, korrupsiyaya şərait yaradan hallara, etik davranış kodeksinin tələblərini pozmaqla, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb”.
Xatırladaq ki, Həsən Əliyevin adının hallandığı dələduzluqla bağlı “Azadlıq” qəzətində 2 material dərc edilib. Həmin materiallarda Həsən Əliyevin Rusiyadan gəlmiş iş adamı Ramazan Səlimovun külli miqdarda pulunu mənimsəməsindən söhbət gedirdi. Rusiyadan külli miqdarda pulla Azərbaycana gələn Ramazan Səlimov Azərbaycanda vəzifə almaq istəyib. Bu işdə Həsən Əliyev ona yardımçı olacağını deyib və iş adamından 600 min manat pul alıb. Ramazan Səlimov bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra isə pulun 250 min manatını qaytarıb, qalan 350 min manatı isə mənimsəyib. Ramazan Səlimovun şikayətləri davam etdikcə Həsən Əliyev vəziyyətdən çıxmaq üçün bu işdə vasitəçi olan dostu Elman Məmmədovu həbs etdirib.
Bu dələduzluq əməlində Həsən Əliyev vəzifəli şəxslərin adından istifadə edib. Bu işə görə başqa bir şəxs də dünən həbs edilib. Bu şəxs Hacı Azər Orucovdur. O, Ədliyyə Nazirliyində icra məmuru vəzifəsində çalışıb. Həsən Əliyev məhz bu şəxsin vasitəsilə Ramazan Səlimovla olan problemi həll etməyə çalışıb. Hacı Azər Orucov bu məsələdə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun adından istifadə edib.
Azad