Vəsait ayrılsa da, vətəndaşlar bu imkandan yararlana bilmir
Yalançı iqtisadi inkişaf bu sahədə də özünü göstərir
Azərbaycanda tibbi sığorta haqqında qanunun qəbul olunmasına, dövlət büdcəsində bunun üçün vəsaitin nəzərdə tutulmasına baxmayaraq, vətəndaşlar bu imkandan yararlana bilmir. Səhhətində problem yaranan insanlar çox vaxt qonşu Irana üz tutmalı olur. Buna səbəb ölkədə keyfiyyətli səhiyyə sisteminin olmaması, yaxud normal müalicə almaq istəyənlərin bunun üçün böyük vəsait xərcləmək məcburiyyətində qalmasıdır. Ancaq tibbi sığorta olsa, müalicə pulsuz həyata keçirilər.
Hakimiyyət nümayəndələri Azərbaycanı əsasən inkişaf etmiş ölkələrlə müqayisə edir, hətta bəzi hallarda ölkəmizin inkişaf baxımından həmin dövlətləri geridə qoyduğunu deməyə də çəkinmir.
Avropada tibbi sığorta hansı səviyyədədir?
Avropada sığorta səhiyyəsi
Ötən əsrin əvvəllərində Avropa ölkələrinin əksəriyyətində əməkçilərlə sahibkarları, dövlətlə vətəndaşları bir birinə bağlayan icbari tibbi sığorta haqqında qanun qəbul edilib. Bu qanuna əsasən, göstərilən tibbi xidmətlərə görə ödənişin bir hissəsini işçi, yaxud sahibkar ödəyir (25-40%). Öz növbəsində dövlətin də tibbi yardımın göstərilməsi üçün ödənişdə payı var. Zaman keçdikcə maliyyələşmə dinamikasında dövlətin iştirakı və bu sahəyə nəzarəti artdı. Nəzarəti həyata keçirmək meyli dövlət səhiyyəsinin yaradılmasına gətirib çıxardı. Böyük Britaniya, Isveç, Danimarka, Irlandiya kimi dövlətlərdə tibbi sığorta tədricən dövlət səhiyyəsinə transformasiya olundu. Almaniya, Fransa, Avstriya, Isveçrədə sığorta səhiyyəsi inkişaf edib.
Bu ölkələrin bəzilərinə ayrı ayrılıqda nəzər salaq.
Almaniya
Almaniyada daima səhiyyə sistemində islahatlar həyata keçirilir. Məqsəd – sığorta xidmətləri sahəsində rəqabətin artırılmasıdır.
2009-cu ildən istisnasız olaraq bütün vətəndaşlar üçün sığorta öhdəliyi tətbiq edilib. Hazırda ölkədə sığortasız cəmi bir neçə min nəfər var. Özəl sığortaçılar baza tarifləri əsasında sığorta polisləri təklif edir. Bura dövlət sığorta şirkətlərinin öz müştərilərinə təklif etdikləri standart paket daxildir. Baza polisinin dəyəri dövlət sığorta kassalarında tariflərdən baha ola bilməz. Həmçinin Səhiyyə Nazirliyi tibbi xərclərin toplandığı fond yaradıb. Bu fond sığorta ödənişləri və vergilər hesabına maliyyələşir. Fondun vəsaitlərindən sığorta şirkətləri hər sığortalanan şəxsə görə müəyyən məbləğ alır. Hər xroniki xəstə və əlilə görə isə əlavə vəsait ödənilir. Əgər xəstənin müalicə xərcləri fondun ayırdığı məbləğdən bir neçə dəfə çox olsa, o zaman sığorta şirkəti müştəridən əlavə ödəniş tələb edə bilər. Ancaq bu ödəniş sığortalanan şəxsin illik gəlirinin bir faizindən artıq ola bilməz.
Yoxsul və xroniki xəstələrin sığortalandığı sığorta kassalarına fonddan əlavə maliyyə vəsaiti alır. Bir kassadan digərinə ildə 100 mln avro civarında vəsait ötürülə bilər.
Peyvənd, sanatoriyaya səfər, uşaqlarının müalicəsi və əmək fəaliyyətinin bərpasına yönəlik digər tədbirlərin ödənişi sığorta şirkətinin üzərinə qoyulur.
Fransa
Fransada vahid sığorta təşkilatı – Milli xəstəxana kassası mövcuddur. Əmək və sosial təminatı nazirliyi səhiyyə sisteminin fəaliyyətinə nəzarət edir. Icbari tibbi sığorta ölkə vətəndaşlarının 80 faizini əhatə edib. Tibbi sığorta ödənişinin üçdə bir hissəsini vətəndaş, qalan hissəsini isə çalışdığı müəssisə ödəyir. Tibbi sığorta sosial sığortanın bir hissəsi sayılır. Işləyənlərin hamısı sosial sığorta əldə edir. Sığortalanan şəxs və onun ailə üzvləri əlavə ödəniş etmədən bütün tibbi servisdən yararlanmak imkanı qazanır. Əgər ailədə iki nəfər işləyirsə, hər birinin ayrıca sığorta kartı olur. Uşaqlar da valideynlərinin kartlarından yararlanır.
Əgər işçinin sağlamlığına iş yerində ziyan dəyibsə, tibbi sığorta bütün müalicə xərclərini ödəyir. Digər xəstəliklərin malicəsi üçün müştərinin xərclərinin 75%-i sığorta qurumu tərəfindən ödənir. Stasionar müalicə zəruri yarandığı halda xəstəxanada 33 günlük müalicə sığortaya daxildir. Müalicə iki aydan artıq davam etsə, xəstənin xərcləri tam şəkildə dövlət tərəfindən ödənilir. Üç il müddətində tam müalicə oluna bilməyən xəstə əlillik dərəcəsi alır. Həkimin evə çağırılması, tibbi ləvazimatlar və diaqnostik müayinə də sığortaya daxildir. Aptekdən alınan dərmanlarıın dəyərinin 75 faizi sığorta qurumu tərəfindən ödənilir.
Xəstəliyə görə işə gedə bilməyən şəxsin həmin günlərinə görə də sığorta haqqı ödənilir.
Fransada bütün şirkətlər könüllü tibbi sığortanı sosial paketə daxil edir. Öz işçilərinin sağlamlığının qayğasına qalan şirkətiin statusu yüksək hesab edilir. Könüllü tibbi sığorta təkcə yaxşı klinikalarda müalicə deyil, eyni zamanda tibbi xidmətlərə görə ödənişlərin həllidir. Sığortası olan şəxs heç bir tibbi xidmətə görə pul ödəmir.
Isveçrə
Bu ölkədə yaşayanların hamısı sığortalanmalıdır. Isveçrədə xəstəxana kassaları həm könüllü, həm də icbari sığorta növləri təqdim edir. Bu səbəbdən də əlavə tibbi xidmət əldə etmək üçün digər sığorta şirkəti axtarmağa ehtiyac yoxdur. Isveçrədə tibbi sığortanın daha bir fərqli cəhəti vətəndaşların xəstəxana kassasına öz seçimlərinə uyğun ödəniş etməsidir. Xəstəxana kassaları ən yaxşı tibb klinikaları ilə işləyir. Bu da yüksək xidmətə zəmanət verir.
Iveçrədə icbari tibbi sığortaya profilaktik tədbirlər – qripə qarşı peyvənd, ildə bir dəfə tibbi müayinə, xəstəliklərin diaqnostikası da daxildir. Digər Avropa ölkələrində olduğu kimi Isveçrədə sığortalanan şəxs göstərilən tibbi xidmətin 10%-ni ödəyir.
Avropa Birliyi ölkələrində vahid sistem
Qeyd edək ki, Avropa ölkələrinin hamısında icbari tibbi sığorta ilə yanaşı bir sıra könüllü tibbi sığorta növləri də mövcuddur. Avropa Birliyinə üzv ölkələrin vətəndaşları öz ölkəsində tibbi sığortası olduğu halda quruma üzv olan digər ölkələrdə də bundan istifadə edə bilər. Avropa dövlətlərində səhiyyə və əhali keyfiyyətli tibbi xidmətin göstərilməsi ən çox diqqət ayrılan sahələrdən biridir. Eyni zamanda bir çox sosial qruplara pulsuz tibbi xidmət göstərilir. Bura pensiyaçılar, aztəminatlı və çoxuşaqlı ailələr daxildir. Vətəndaşlar dövlətin nəzarətində olan bütün klinikalarda istənilən tibbi xidmətdən pulsuz istifadə edə bilir. Hətta göz linzaları və eynəklərin xərci də sığortaya daxildir.
Israil
Dünyanın ən güclü səhiyyə sistemlərindən birinə sahib olan Israilə də tibbi sığortaya böyük diqqət ayrılıb. Bu ölkədə ümumi tibbi sığorta haqqında qanun qüvvədədir. Israil tibbi xidmət sisteminin necə fəaliyyət göstərdiyini görmək üçün “Sağlamlığın dövlət sığortası haqqında” qanuna nəzər salmaq kifayətdir.
Qanuna əsasən:
– Israildə sağlamlığın sığortalanması məcburi xarakter daşıyır.
– Dövlət tibbi sığorta sistemi ölkənin bütün sakinlərinə tibbi yardıma zəmanət verir.
– Xərclərin ödənməsinə görə məsuliyyəti Israil hökuməti öz üzərinə götürür.
– Sağlamlığın sığortalanması çərviçəsində göstərilən tibbi xidmətlər kompleksi hamı üçün eynidir.
– Ölkə sakinlərinə tibbi xidmətə görə məsuliyyət xəstəxana kassaları üzərinə düşür.
– Xəstəxana kassalarının fəaliyyətinə nəzarəti dövlət həyata keçirir.
– Tibbi yardım almaq üçün hər bir ölkə vətəndaşı xəstəxana kassalarından birində sığortalanmalıdır.
– Hər bir vətəndaşın istəyinə uyğun olaraq xəstəxana kassası seçmək hüququ var. Xəstəxana kassaları kimisə qəbul etməkdən imtina edə bilməz.
– Tibbi xidmət həkim sirri qorunaraq və xəstənin şərəf və ləyaqəti alçaldılmadan göstərilməlidir.
– Hüququ pozulan xəstəxana kassasının üzvünün məhkəməyə müraciət etmək hüququ var.
Iran
Azərbaycan vətəndaşlarının müalicə üçün üz tutduğu qonşu Iranda sığorta səhiyyəsi geniş yayılıb. Ölkə əhalisinin 95%-dən çoxunun tibbi sığortası var. Tibbi sığortası olanlar dövlət tibb müəssisələrinə müüraciət edərkən pulsuz xidmət görür. Xəstəxanaya yerləşdirilən şəxs müalicə xərclərinin 10 faizini ödəyir. Qalan 90 faiz sığorta şirkəti tərəfindən ödənilir. Iran əhalisi keyfiyyyətli və müasir tibbi xidmət hesabına arzuladığı müalicəni ala bilir. Bu ölkədəki səhiyyənin səviyyəsinin nə dərəcədə yüksək olduğunu ora üz tutan Azərbaycan vətəndaşları da təsdiqləyə bilər.
Gürcüstan
Qonşu ölkələrdən Gürcüstanda da tibbi sığorta sistemi geniş inkişaf edib. 3 milyona yaxın ölkə vətəndaşı sığorta proqramından yararlana bilir. Sığorta proqramına əsasən, ailə həkiminin xərcləri, laborator müayinələr və digər tibbi xidmətlər də sığorta hesabına ödənilir. Dövlət cərahiyyə əməliyyatı xərclərinin 70 faizini, onkoloji xəstəliklərin müalicəsinin 80 faizini ödəyir.
Bundan əlavə, doğuş xərcləri, o cümlədən qeysəriyə əməliyyatları da sığortaya daxildir.
Sığorta proqramında 6 yaşından yuxarı bütün Gürcüstan vətəndaşları iştirak edə bilər. Sığorta əldə etmək üçün istənilən dövlət tibb müəssisəsindən qeydiyyatdan keçmək lazımdır.
Gürcüstanda əhalinin sağlamlığının sığortalanması proqramının maliyyələşdirilməsinə dövlət büdcəsindən hər il 300 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub.
Türkiyə
Türkiyədə Icbari tibbi sığorta sistemində ölkə vətəndaşları ilə yanaşı əcnəbilər də yararlana bilər. Hər bir Türkiyə vətəndaşı gəlirlərinin həcmindən asılı olaraq müəyyən məbləğ ödəyəndən sonra sığortalana bilər. Bütün hallarda sığorta təkcə sığorta polisi sahibinin deyil, onun həyat yoldaşının və 18 yaşına qədər olan övladlarına da şamil edilir. Polis sahibinin övladı tələbədirsə, 25 yaşına qədər bu imkandan yararlana bilər. Sığorta bütün istehsalat travmalarını əhatə edir. Bu sistemdən Türkiyə ərazisində 12 aydan artıq yaşamış əcnəbilər də yararlana bilər. Onlara göstərilən tibbi xidmət spektri Türkiyə vətəndaşlarına göstərilən xidmətlərdən fərqlənmir.
Fizzə