Milli Şura əlverişsiz hava şəraitində əla mitinq keçirdi FOTO VİDEO
“Məni bu mitinqə vicdanım çağırıb. Yağış yox, lap göydən daş da yağsaydı, oğurlanan səsimin, Cəmil Həsənlinin müdafiəsi üçün bura gələcəkdim” – bu fikirlər dünən Milli Şuranın metronun “Inşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionda keçirdiyi mitinqə Imişlidən gəlmiş Vüqar Qədirliyə aiddir.
Elə bu cür insanların hesabına Milli Şuranın dünənki mitinqi də əzəmətli oldu.
Yağış minlərin mitinqə gəlişinə mane olmadı
Səhər saatlarından başlayan yağış çoxlarının qanını qaraltsa da, sosial şəbəkələrdəki rəylərdən bilmək olurdu ki, yox, yağışı qar əvəz etsə belə, yenə də insanlar inadından dönməyəcək. Belə də oldu…
Mitinqdən öncə Siyavuş Novruzovun, güc orqanlarının “təxribat olacaq” tipli təhdidləri də təsirsiz qaldı. Minlərlə insan ötən gün etiraz şüarları ilə “Məhsul” meydanına toplaşdı.
Mitinq meydanı əsasən Ilham Əliyevin istafasını tələb edən plakatlarla bəzədilmişdi. Şüarların da çoxu “Istefa!”, “Ilham, get!” formasında oldu.
Gənclər öndə və tribunada…
Budəfəki mitinqin diqqət çəkən cəhəti gəncliklə bağlı idi. Mitinq tribunası bu dəfə gənclərin “işğalındaydı”. Orada Cəmil Həsənli ilə yanaşı, gənclər hərəkatının liderləri və fəalları dayanmışdı. Siyasi partiya liderləri – Əli Kərimli, Isa Qəmbər, Mirmahmud Mirəlioğlu, Eldar Namazov və başqaları mitinq tribunasında deyil, etirazçıların yanında durmuşdular.
Mitinqin aparıcısı da gənc fəal idi – “NIDA” Vətəndaş Hərəkatının üzvü Nicat Məmmədbəyov.
“Belə yaşamaq istəmirik”
“Tələb edirik!” adı verilən mitinqin ilk çıxışçısı AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı oldu.
Əbülfəz Qurbanlı gənclərin mübarizədə iştirakını yüksək qiymətləndirdi. Dedi ki, gəncliyin seçimi dəyişikliyi ifadə edən, bu yolda çalışan Cəmil Həsənlidir.
O, yada saldı ki, Azərbaycan gəncliyinə seçki boyunca ən təsirli xitabı – “Ey Azərbaycan demokratiyasının körpə fidanları olan gənclər…” ifadəsini də Cəmil Həsənli səsləndirib.
Qurbanlı dedi ki, uzun illərdən sonra yenə də gənclik mübarizənin əsas qüvvəsinə çevrilib, hər yerdə, o cümlədən meydanlarda haqqını müdafiə edir, xalqının əzilməsini istəmir.
“Bu əllər saxtakarlığa görə Əliyevin yaxasından yapaşıb”
“Illər əvvəl azərbaycanlılar, işığı sönəndə, tıxaca düşəndə, bir sözlə, ən adi problemindən tutmuş, ən böyük dərdinə qədər hansı çətinliklə üzləşirdisə, inamsızcasına ”Bura Azərbaycandır” deyirdi. Indi isə gənclik öz qorxmaz duruşu ilə meydanlarda ayaqdadır. Meydana baxıram və əsl Azərbaycanı burada görürəm. Budur Azərbaycan!”, – deyə Əbülfəz Qurbanlı çıxışında dəyişikliyin ayaq səslərini belə xarakterizə etdi.
Ə.Qurbanlı həmçinin YAP-ın siması olan Siyavuş Novruzovun “Milli Şuranın mitinqində xarici qüvvələrin əli var” ittihamına da cavab verdi: “Burada heç bir xarici qüvvənin əli, barmağı yoxdur. Bu, xalqın əlidir. Bu əllər gözləmədikləri halda, saxtakarlığa görə Ilham Əliyevin yaxasından yapışıb.
Qələbə yolu
Gediləsi uzun, incə bir yolumuz var. O yol bizi mütləq qələbəyə aparır. Əmin olun ki, bu şərəfli yolun heç də hamısı Əliyevlərlə mübarizə olmayacaq. Tezliklə Ilham Əliyev də, onun sülaləsi də gedəcək. Bunun üçünsə meydanda olan partiyalı-partiyasız hər kəs təşkilatçı olmalı, fəallıq göstərməli, bunun da nəticəsində qaniçən rejimi Qəzzafinin, Mübarəkin yanına yollamalıdır”.
Cəmil Həsənliyə “Cənab prezident!” müraciəti
Növbəti çıxışçı – Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Samir Əsədli Cəmil Həsənliyə “Cənab prezident!”, – deyə müraciət etdi.
O, bəyan etdi ki, Azərbaycan xalqı, onun aparıcı hissəsi olan gənclik ölkədə hökm sürən saxtakarlıqla barışmayıb, barışmayacaq da: “9 oktyabrda seçkiyə könüllü gələn hər kəs səsini Cəmil bəyə verib. Hakimiyyətin isə bacardığı səs yığmaq yox, xalqın iradəsini zorlamaq oldu. Ancaq əmin olsunlar, Şərqdə ilk demokratiyanı quran bizlər olmuşuq, müasir Azərbaycanda da demokratiyanı Milli Şura quracaq”.
Daha sonra Samir Əsədli Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətini tənqid etdi. Bildirdi ki, ölkə “dərə xəlvət, tülkü bəy” prinsipi ilə idarə olunur, kənd təsərrüfatı, səhiyyə, təhsil bərbad hala salınıb: “Bu gün xəstəxanalarımızın ən yaxşı bacardığı iş xəstələri öldürməkdir. Məktəblərimizdə elm yox, saxtakarlıq öyrədilir. Çünki bunların mayası saxtakarlıqdır. Biz bu zümrəni yola salacağıq”.
“Əliyev başa düşür ki, azad seçkidə yarışa bilməz”
Müsavat partiyası Gənclər Təşkilatının üzvü Nərgiz Yaqublu da çıxışçılar arasında idi. O, seçki prosesini təhlil etdi, saxtakarlığın səbəbinin sadə olduğunu vurğuladı: “Ilham Əliyev dərk edir ki, azad seçkidə onun yarışmaq qabiliyyəti yoxdur. Buna görə də süni qələbələr əldə edir, saxtakarlığa gedir. Saxtakar bir hakimiyyətin ucbatında da dövlətin bütün sahələrində bərbad vəziyyət hökm sürür”.
Nərgiz Yaqublu yeni hökumətdə bəzi kadr dəyişikliklərinin faydasızlığından da söz açdı. Dedi ki, bir neçə ay əvvəl Ilham Əliyev təhsil nazirini dəyişsə də, təhsil sahəsində vəziyyət əvvəlki kimidir. Buna görə də tək çarə ölkədə real demokratik dəyişikliyə nail olmaqdır.
Universitetlərdə tələbələrin fəallıq etdiyi üçün sıxışdırıldığını diqqətə çatdıran Nərgiz Yaqublu qeyd etdi ki, hakimiyyətin bu cəhdləri də səmərə verməyəcək. Çünki mübarizəyə qoşulan gənclik demokratiyanı, azadlığı zərurət olaraq dərk etmiş insanlardır.
“Qələbəni biz qazanmışıq!”
“NIDA” Vətəndaş Hərəkatının təmsilçisi Ülvi Həsənli çıxışında həbsdə olan gənc əqidə dostlarını yada saldı. Bildirdi ki, onlar sona qədər bu mübarizədə var olduqlarını bəyan ediblər: “Çox adam deyir ki, hə, biz seçkilərdə qalib gəldik, amma hakimiyyət də həmişəki kimi, öz xislətinə sadiq qalaraq, açıq və kütləvi saxtakarlıqğa getdi. Xeyr, belə deyil. Biz bu il böyük uğurlara imza atdıq. Hakimiyyətin, hətta Avropaya gedib çıxan uzantılarını məhv etməkdəyik. Beynəlxalq aləmin seçki saxtakarlığını təsdiqləyən rəyləri, eyni zamanda, seçkiyə müsbət rəy vermiş bəzi avropalı deputatlarla bağlı araşdırma başlanması məhz bizim mübarizəmizin nəticəsidir. Biz qələbə qazandıq. 21 gün ərzində həm paytaxtda, həm də regionlarda mitinqlər, görüşlər keçirdik. Bütün maliyyə və inzibati resurları əlində toplamış bir hakimiyyətin dizini yerə gətirə bildik. Onların seçkiyə, ”karusel”çilərə, yüzbaşı, minbaşılara xərclədikləri milyonlarla puldan 100 dəfə, 1000 dəfə az pul xərcləməklə etdik bunu”.
“Etiraz etmək uğurun açarıdır”
Gənc fəal onu da qeyd etdi ki, ölkədə medianın hakimiyyətin total nəzarətində olmasına baxmayaraq, ölkədəki reallıqları vətəndaşlara çatdırmaq üçün müəyyən resurslar yenə də var: “Facebook”da yüz minlərlə insan var. Sizi əmin edirəm ki, hər birimiz əlimizdə olan resurslardan istifadə etməklə, tezliklə ciddi nəticə əldə edə bilərik. Etirazın alternativi yoxdur! Etiraz inkişafdır, tərəqqidir! Etiraz etməsək, haqqımızı tələb etməsək, heç bir davamlı uğur qazana bilmərik”.
“Bu, mənim bayrağımdır, İlham Əliyevin deyil…”
Daha sonra Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli çıxış etdi:
– Sevgili millət, uca xalq!
Yenidən meydanlardayıq. Ilahi, sən bu millətin vəfasına, demokratiya sevdasına bax ki, göydən başına yağış tökə-tökə meydana toplaşıb. Eşq olsun sizlərə!
Dəyərli dostlar, ilk növbədə mitinq iştirakçılarına Milli Şuranın sədri, böyük ziyalımız, fikir adamımız Rüstəm Ibrahimbəyovun salamlarını çatdırmaq istəyirəm.
Mən dəfələrlə demişəm ki, 9 oktyabrdan sonrakı Azərbaycan 9 oktyabrdan əvvəlki Azərbaycan deyil. Baxın meydanalara, baxın dalğalanan bayraqlara. Ötən mitinqdən sonra biz bu bayraq uğrunda mücadilənin şahidi olduq. Bir bacımız Azərbaycan bayrağını öz başı üzərində ucaltdı. Bayrağı qanun üzrə qorumalı olan qüvvələrə dedi ki, bu, mənim bayrağımdır, bu, Ilham Əliyevin bayrağı deyil!
100 ilə yaxındır ki, bu bayraq uğrunda mücadilə gedir. Yalnız keçmişimizi, bu günümüzü deyil, gələcəyi də özündə ehtiva edən, ruhumuzun hopduğu, bizi qələbəyə, hədəflərə aparan bayraqdır.
“Əli və Nino”dan təsirli xatırlatma
1920-ci ilin aprel günlərindən kiçik bir hadisəni sizə danışmaq istəyirəm. Bütün dünyanı məhəbbət cazibəsinə salmış “Əli və Nino” əsərinin qəhrəmanı Əlixan Şirvanşir aprel işğalından sonra seçim qarşısında qalaraq, ya canı qədər sevdiyi Nino və körpə qızıyla qoşulub xaricə getməli idi, ya da körpə qızı yaşında olan Cümhuriyyət uğrunda mübarizə aparmalıydı. Əlixan Şirvanşir ikincini seçdi, müstəqillik uğrunda mübarizədə canıni fəda etdi. Bu, on minlərlə gəncliyinin seçimi idi. Gəncliyə eşq olsun!
Azərbaycanı dünyada rüsvay edənlərə ar olsun!
Bu gün sizin qarşınızda çıxış edən gəncləri gördünüz. Bu gün meydanda olan gənclərin hamısı burada çıxış etməyə layiq gənclərdir. Bu gün Azərbaycan müstəqilliyinin qarantı gənclərimizdir, Milli Şuradır. Millətimizin iradəsilə biz meydanlardayıq.
Biz nəyə nail olduq? 9 oktyabrda millətin iradəsini ortaya qoyduq. Biz millətimizin sosial və siyasi fəallığına nail olduq. Biz millətimizin seçkiyə gəlib Milli Şuraya səs verməsinə nail olduq. Biz saxtakar hakimiyyətin rüsvay olmasına nail olduq.
Dəyərli dostlar, bilirsiniz ki, dünyanın ən tanınmış strateji mərkəzləri 2013-cü ilin ən rüsvayçı hadisələrinin siyahısını hazırlayıb. Azərbaycan hakimiyyətinin saxtalaşdırdığı 9 oktyabr seçkisi də “ən rüsvayçı hadisələr” sırasına daxil edilib. Azərbaycanı dünyada rüsvay edən bu adamlara ar olsun!
Demokratiya mücahidlərinə eşq olsun!
Cəmil Həsənli çıxışında bütün siyasi məhbusların bir-bir adını çəkdi:
– Onlar vicdan məhbuslarıdır, onlar demokratiya məhbuslarıdır, onlar istiqlaliyyət uğurunda gedən mübarizənin ağırlığını öz çiyinlərində daşıyan adamlardır. Eşq olsun bu demokratiya mücahidlərinə!
Vicdan məhbusların bir hissəsi mənim tələbələrimdir və mən onlarla fəxr edirəm!
“Azadlıq” qəzetinə qarşı hiylə toxumu
Milli Şurada birləşmiş partiyalar – Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, EL hərəkatı, Açıq Cəmiyyət Partiyası, “Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” təşkilatı və bizim tanınmış ziyalılar hər zaman bu hakimiyyətin repressiyalarının, qurama ittihamların hədəfi olublar. Indi də “Azadlıq” qəzetini hədəfə götürüblər. Azərbaycanda demokratiya, söz uğrunda mübarizənin, sözün tam mənasında, milli iradə uğrunda mübarizənin alınmaz bir qalası olan “Azadlıq” qəzetinə qarşı hər gün bir hiylə toxumu səpirlər. Hər gün bir yalançı məhkəmə işi açırlar. Azad sözə qarşı duranlara ar olsun!
Yalançı inauqurasiya
Biz bu hakimiyyəti tələsik, yerli və beynəlxalq ictimaiyyətdən gizli, inauqurasiya adı altında maskarad keçirməyə məcbur etdik. Konstitusiya Məhkəməsinin yalançı qərarı ilə yalançı inauqurasiya mərasimi arasında cəmi bir neçə dəqiqə vaxt fərqi oldu. Dünya tarixində ilk dəfədir ki, öz millətini, beynəlxalq aləmi məlumatlandırmadan öz adamlarını parlamentə yığıb yalançı bir inauqurasiya keçirtdilər. Azərbaycanda dövlət hakimiyyətini bu cür aşğılamaq olmaz.
Ölkəmizdə oğru və korrupsionerlərə yer yoxdur!
Inauqurasiyadan sonra yaranmış hökumətin tərkibinə baxın. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti yenə korrupsiya şəraitində yaşamağa məhkum olacaq. Azərbaycan hakimiyyəti yenə oğurluqla, korrupsiya ilə, ədalətsizliklə, haqsızlıqla bu yolu davam etdirməyə cəhd göstərəcək. Buna biz imkan vermərik, biz bu rejimin qarşısındayıq, oğru və korrupsionerlərə ölkəmizdə yer yoxdur.
Bu hökumətin tərkibi, köhnə hökumətin yeni biçimdə təqdim edilməsilə tanış olduqda, yadıma böyük şairimiz Məmməd Arazın bir bəndi düşdü:
“Gedir yal davası, sümük davası
Gedir vurhavurla çəpik davası
Gedir milyonçunun qəpik davası”
Mən bu hökumətin nəyindən küsüm?
Seçki saxtakarlığında əli olanlara salam verməyək!
Bu hakimiyyət getməlidir və gedəcək də…
80-ci illərin sonu 90-cı illərin əvvəlində Azərbaycanda istiqlaliyyətin böyük memarı Əbülfəz Elçibəyin ruhu bu hərəkatın üzərindədir, gedəcəyimiz yolun müəyyən olunmasında bizə yol göstərir.
Sizə söz verirəm ki, Azərbaycanda seçki saxtakarlıqlarına göz yuman Avropa Birliyinin korrupsioner hakimiyyətin nazirlərilə əməkdaşlıq edən üzvlərini öz ölkələrində rüsvay edəcəyik.
Bu gün ölkədə seçki saxtakarlığına qol qoyanlar cəzalandırılmırsa, onlar ictimai qınağa tuş gəlməlidir, onlara salam verilməməlidir, onları öz tədbirlərimizə dəvət etməməliyik. Bu adamları ictimai yerlərdə rüsvay edin!
Bugünkü havada bura gələn insanlara təşəkkür edirəm!
***
Sonda AXCP Gənclər Komitəsinin üzvü Aysu Seyidi mitinqin qətnaməsin oxudu. Qətnamədə seçkidən əvvəl və sonra həbs olunan siyasi məhbusların dərhal azad olunması, seçkinin kütləvi saxtakarlıqla keçirildiyinə dair yerli və beynəlxalq ictimaiyyətin rəyinin nəzərə alınması, “Azadlıq” qəzetinə qarşı təzyiqlərə son qoyulması tələbləri öz əksini tapıb.
Natiq