Avropanı şantaj cəhdi Azərbaycanda saxta seçki mövzusunu yenidən gündəmə gətirib
"Avropa Birliyinin xarici siyasət idarəsi və Avropa Komissiyası da ATƏT DTİHB-in rəyini dəstəkləyib"
Deputat Elxan Süleymanov "qaş düzəltmək istədiyi halda vurub, göz çıxardı"
Avropa Parlamentinin Azərbaycanda prezident seçkisinin saxtalaşdırıldığına dair qətnaməsinə hakimiyyətin əsəbi reaksiyası Brüsseldə müzakirə mövzusudur. Xüsusən, Azərbaycan hakimiyyətinin aqressiv davranaraq, deputat Elxan Süleymanovun vasitəsilə Avropa Birliyini şantaj etməsi diqqət çəkib. Avropa Birliyinin saytında bu mövzuda məqalə yayımlanıb:
***
Avropa Ittifaqı Azərbaycanda bu yaxınlarda keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını bəyan edəndən sonra bu ölkənin deputatı Avropa Parlamentini “pozucu fəaliyyətdə” ittiham edib.
Deputat Elxan Süleymanov dövlət başçısı Ilham Əliyevə yaxındır. O, eyni zamanda, Azərbaycanın “AvroNest” Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəridir. “AvroNest” Avropa Birliyinin keçmiş sovet ölkələrilə daha sıx münasibətlər məqsədilə yaradılmış orqanıdır.
Elxan Süleymanov Avropa Parlamentinin sədri Martin Şultsa oktyabrın 24-də qəzəbli bir məktub göndərib. O, Avropa Parlamentini “Azərbaycanda qarışıqlıq yaratmaq və ölkəni Liviya, Suriyaya çevirmək cəhdində” günahlandırıb.
Deputat bildirib ki, “onlar Avropa Birliyinin nüfuzuna ciddi zərbə vurur” və bu səbəbdən Azərbaycan nümayəndə heyəti “AvroNest” Parlament Assambleyasında fəaliyyətini dayandıracaq.
O həmçinin ATƏT-in seçkilərin müşahidəsi üzrə ixtisaslaşmış Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunu adlarını çəkmədiyi “xarici dövlətlərin maraqlarına xidmət edərək, Azərbaycanın mənfi obrazını yaratmaqda, böhtan atmaqda” günahlandırıb.
Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 23-də Azərbaycanla bağlı qətnamə qəbul edib. Sənəddə bildirilir ki, Əliyevin növbəti dəfə prezident olduğu 9 oktyabr seçkisi saxtalaşdırılıb. Deputatın məktubu bu qətnamənin qəbulundan dərhal sonra göndərilib.
Qətnamə layihəsini Avropa Parlamentinin polşalı deputatı Yatsek Sariuş-Volski hazırlayıb. Sənəd əhəmiyyətli səs çoxluğuyla qəbul olunub.
Sənəddə ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycandakı seçki ilə bağlı ilkin hesabatına dəstək ifadə olunub. Sözügedən hesabatda Azərbaycandakı rejimin müxalifətçiləri qorxutduğu, saxtakarlıq, seçki məntəqələrinin 58 faizində səslərin sayılması prosesinin pis və ya çox pis olduğu haqda faktlar öz əksini tapıb.
Bu hesabat Avropa Parlamentinin 7 deputatı və Avropa Şurası Parlament Assambleyası müşahidəçilərinin həmin seçki ilə bağlı birgə rəyilə kəskin ziddiyyət təşkil edir. Avropa Parlamenti və AŞ PA deputatlarının rəyində seçkinin “azad, ədalətli, şəffaf” keçdiyi bildirilir.
Avropa Parlamenti yeddi deputatının bu cür bəyanat verməsini də müzakirəyə çıxarıb.
“Əgər nəticələrinin ciddi təsiri olmasaydı, AŞ PA və Avropa Parlamenti deputatlarının birgə rəyinə gülüb keçmək olardı… Beynəlxalq normalara sayğısızlıq edənlərin cəzalandırılması vacibdir”, – deyə Avropa Parlamentinin britaniyalı deputatı Qrehem Uotson bildirib.
“Avropa Parlamenti və AŞ PA müşahidəçilərinin bəyanatı açıq-aşkar saxta seçkiyə legitimlik donu geyindirir” – bunu isə Londonda yerləşən Seçki Islahatları üzrə Beynəlxalq Mərkəzin analitiki Holli Rusrauf “EUobserver”ə açıqlamasında deyib.
Avropa Birliyinin xarici siyasət idarəsi, həmçinin Avropa Komissiyası da ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun rəyini dəstəkləyib.
Amma Əliyevin seçki saxtakarlığına dair onların verdiyi bəyanatlar Avropa Ittifaqının Azərbaycanın neft-qaz ehtiyatlarını əldə etmək cəhdlərinin kölgəsində qalır.
Avropa Ittifaqının xarici siyasət və təhlükəsizlik üzrə komissarı Ketrin Eşton və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle Əliyevə ünvanlanmış məktubda “ciddi çatışmazlıqların” olduğunu diqqətə çatdırıb.
Bununla belə, onlar məktubda əlavə ediblər ki, “Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyi səbrsizliklə gözləyirlər”, həmçinin səsvermədə “yüksək fəallığı” tərifləyiblər.
Siyasət şöbəsi