3000-dən çox torpaq yiyəsinə kompensasiya verilməyib
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi Oğuz-Qəbələ-Bakı su kəməri tikintisinin monitorinqini aparıb. Martın 18-də Azərbaycan Media Mərkəzində təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı monitorinqin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. M.Qəhrəmanlı bildirib ki, tikintisi artıq başa çatan kəmər Bakı şəhərinin içməli su ilə təminatı baxımından əhəmiyyətli layihədir. Monitorinq zamanı layihənin icrasında xeyli sayda nöqsanlar aşkarlanıb.
1 kilometrə – 3 milyon manat
Su kəmərinin 14 ay ərzində və 480 milyon manata başa gəlməsi planlaşdırılıb. Lakin kəmərin çəkilməsi 45 aydan çox vaxt aparıb. Layihəyə əlavə olaraq 747 milyon manat ayrılıb. 2011-ci ildə isə daha 33,4 milyon manat əlavə edilib. Bu da kəmərin 1 km-nin təxminən 3 milyon manata başa gəldiyini göstərir.
100 quyu yerinə 75 quyu
Layihənin icrasının ilk dövrlərində kəmərin su ilə doldurulması üçün Oğuz-Qəbələ ərazisində 100 ədəd quyunun qazılacağı planlaşdırılıb. Lakin 75 quyu qazılıb. Sayın nəzərdə tutulduğundan az olması barədə isə heç bir məlumat verilməyib.
Kəmərin tam gücü ilə işləməsindən sonra Bakı şəhərinin 75%-nin fasiləsiz su ilə təmin olunacağı deyilirdi. Lakin təşkilatın apardığı sorğulardan bəlli olur ki, Bakı sakinləri kəmərin işə salınmasını hiss etmirlər.
Torpaq sahiblərinin pulunu kim verəcək?
Kəmərin çəkilməsi zamanı 3000-dən çox mülkiyyətçidən torpaq sahəsi alınıb. Lakin bunun əvəzində torpaq yiyələrinə bir qəpik də olsun pul verilməyib. Tikintinin ilkin mərhələlərində torpaq sahiblərinə kompensasiya veriləcəyi bildirilirdi. Lakin sonra kəmərin keçdiyi yerlərin əvəzində mülkiyyətçilərə başqa yerdə torpaq sahələrinin veriləcəyi bildirilirdi. Lakin 3 il ərzində bu vədlərin heç biri yerinə yetirilməyib. Mülkiyyətçilər əllərində qalan torpaqlardan tam istifadə edə bilmir, bu illər ərzində onlara xeyli ziyan dəyib. Yerli əhali müxtəlif qurumlara müraciət etsə də, onların problemləri həll edilməyib.
Kim uduzdu, kim uddu?
Beləliklə, bu layihəyə sərf olunan neft pullarından qazanan korrupsioner məmurlar, itirən layihə təsirinə məruz qalan insanlar, susuz qalan isə Bakı sakinləri oldu.
Su kəmərinin açılışından sonra isə hökumət suyun qiymətini də qaldırdı.
Elmin