Şirkətin rəhbəri Elxan Hüseynovu «Naxçıvan xanı» himayə edir
Həbs edilənlərdən Novruz Muxtarov və Seyfəddin Səfərovun Ilham Əliyevə ünvanladıqları məktubda nələr yazılıb?
“Mur-Ay” MMC-nin əsas sahibi Elxan Hüseynovu Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov himayə edir. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, Elxan Hüseynovun hələ də həbs edilməməsinin bir səbəbi də budur: “Elxan Hüseynovun axtarışa verilməsi əslində vaxtı uzatmaqdır. Bu işlə bağlı 6 nəfər həbs edilib, çalışırlar ki, məsələ bununla da bitsin”.
Oxucuların diqqətinə çatdıraq ki, “Mur-Ay” rəhbərliyinin dələduzluğuna görə, 6 nəfər həbs edilib. Onlardan biri “Azərbaycan” Nəşriyyatının kommersiya direktoru Qalib Məmmədbəylidir. “Mur-Ay”ın himayədarı hesab edilən Qalib Məmmədbəyli Prezident Administrasiyasının (PA) şöbə müdiri Zeynal Nağdəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumudur. Qalib Məmmədbəyli bu məsələdə əsas fiqur sayılsa da, o, özünü təqsirsiz sayır. Məlumatlara görə, o, hətta ifadə də verməyib.
Bu arada redaksiyamıza “Mur-Ay”la bağlı saxlanılanlardan Novruz Muxtarov və Seyfəddin Səfərovun Ilham Əliyevə ünvanladığı məktubun surəti daxil olub. Novruz Muxtarov yazır ki, o, Muray MMC-də qeyri-rəsmi mühasib vəzifəsində çalışıb. Alqı-satqı məsələlərinə qarışmayıb: “Mənim işim vergi bəyannamələrini vergi orqanlarına təqdim etməkdən ibarət olub”.
Onun sözlərinə görə, bu məsələdə əsas günahkarlar Elxan Hüseynov, Bəybala Sultanov, Vaqif Söhbətov və Şəhriyar Ağayevdir. Qalib Məmmədbəyliyə gəlincə, Novruz Muxtarov bildirib ki, o, bu şəxslə bir neçə dəfə görüşüb: “Qalib Məmmədbəylini ağsaqqal kimi tanımışam, ona pul verməmişəm”.
Seyfəddin Səfərovun məktubu da təxminən eyni məzmundadır. O, bildirib ki, “Mur-Ay” MMC-də gözətçi işləyib: “Mənzillərin alqı-satqısında iştirak etməmişəm. Mənə müraciət edənləri də Elxan Hüseynovun üzərinə yönəltmişəm. Amma müstəntiq Möhübbət məni DIN-ə çağırıb, təzyiq edərək hazır ifadələrə imza atdırıb”. Seyfəddin Səfərov da deyib ki, Qalib Məmmədbəylini bir neçə dəfə görüb və onunla hər hansı alış-verişi olmayıb.
Lakin hər iki şəxs vətəndaşlardan mənimsənilən pulların Heydər Əliyev Mərkəzinə sərf edilməsi barədə heç nə qeyd etməyib. Lakin Elxan Hüseynovun özü vətəndaşlara bildirmişdi ki, pullar Heydər Əliyev Mərkəzinə sərf edilib. “Azadlıq” isə ötən saylarında Elxan Hüseynovu bu işə müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, Şirvanın icra başçısı Mərdan Camalovun təhrik etdiyini yazmışdı. Mərdan Camalov Elxan Hüseynovu ümid edib ki, əgər o, Mərkəzin inşasını uğurla başa çatdırsa, rayonlardan birinə icra başçısı təyin ediləcək. Bəzi məlumatlara görə, Elxan Hüseynov bundan sonra hətta özünü müəyyən dairələrdə icra başçısı kimi təqdim edirmiş.
İnformasiya şöbəsi