Qərbin seçkiləri tanımaması hakimiyyətdə isterika yaratdı; Əli Kərimlidən hökumət-Qərb qarşıdurmasına sərt reaksiya
Avropa Parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərinin saxtalaşdırıldığı haqda 23 oktyabr tarixli plenar sessiyasında qəbul etdiyi qətnaməyə hakimiyyət isterik reaksiya verib. Bu reaksiya rəsmi Bakının Avropa strukturları ilə əlaqələri kəsmək kimi hədələrlə müşaiyət olunur. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, Avropa Şurasının prezidenti Jan-Klod Minyona, ATƏT PA-nın prezidenti Ranko Krivokapiçə və Avropa Parlamentinin üzvlərinə “odlu-alovlu” bir müraciət ünvanlayıb.
E.Süleymanov müraciətində Avropa Parlamentini Azərbaycanda iğtişaş və təxribat törətməkdə ittiham edib.
E.Süleymanov yazır:
“Hələ bu il iyul ayının əvvəllərində Azərbaycan seçkilərin müşahidə ediləcəyi ölkələrin siyahısına salınmadıqda biz hesab edirdik ki, ölkədə ciddi problemlərin olmamasını nəzərə alaraq Avropa Parlamenti Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidə missiyası göndərməmək qərarına gəlmişdir. O zaman hətta mən Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi sizin bu addımınızı Azərbaycanda problemlərin olmaması kimi qiymətləndirmişdim. Çünki adətən beynəlxalq təşkilatlar seçkilərdə müşahidə missiyalarını problemlərin çox olduğu ölkələrə göndərirlər. Bu gün isə sübut olunur ki, Avropa Parlamentinin hələ iyul ayının əvvəllərində Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməmək qərarı onun Azərbaycanda gizli təxribat və iğtişaş yaratmaq planlarından irəli gəlmişdir.
Azərbaycanı seçkilərin müşahidə ediləcəyi ölkələr siyahısına salmamaqla Avropa Parlamenti siyasi təxribata başlamış və regionda açıq-aşkar işğalçı dövlət olan Ermənistana, eləcə də Gürcüstana seçkiləri müşahidə missiyası göndərməklə Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunu zədələməyə cəhd göstərmişdir. Nədənsə sonradan sentyabr ayının əvvəllərində Avropa Parlamenti fikrini dəyişmiş və Azərbaycana seçkiləri müşahidə missiyası göndərməyə qərar vermişdir. Bundan sonra Yaşıllar Partiyası istisna olmaqla Avropa Parlamentində fəaliyyət göstərən bütün qruplar və siyasi fraksiyaların təmsil olunduğu müşahidə missiyası formalaşmışdır. Görünür, formalaşan müşahidə missiyasının nüfuzunu görən Avropa Parlamenti Azərbaycana qarşı olan mənfur, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinmiş və seçkilərin nəticələrini gözləmişdir. Seçkilərin nəticələri hamıya bəllidir və mən Azərbaycandakı Prezident seçkilərini müşahidə edən Avropa Parlamentinin rəsmi müşahidə missiyasının seçkiləri qiymətləndirmə bəyanatından sitat gətirirəm: “Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik. Seçkilər azad, şəffaf, ədalətli və demoktariyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmişdir”.
Görünür ki, müşahidə missiyasının bu müsbət qiymətləndirmələrini görən Azadlıq və Vəhdət evinin rəhbərliyi bərk qəzəblənmiş və Avropa Parlamentinin qətnamə layihəsinə 32-ci bənd olaraq əlavə qəbul edərək seçkilərin ATƏT standartlarına uyğun olmaması və ATƏT-in tələblərinin yerinə yetirilməməsi iddialarını həmin bəndə daxil etmişdir. Görünür, Avropa Parlamentinin rəhbərliyi və Parlament üzvləri 10 oktyabrda ATƏT Sədri Leonid Kojaranın AP, AŞPA və ATƏT PA-nın, eləcə də digər beynəlxalq müşahidə missiyalarının müsbət qiymətləndirməsini unutmuşdur və bəlkə də elə bunlardan da qəzəblənmişdir. Ancaq Avropa Parlamenti nəzərə almalıdır ki, DTİHB ATƏT-in çoxsaylı qurumlarından yalnız biridir. Seçkiləri izləyən 4 beynəlxalq qurumdan üçünün – Avropa Parlamenti, AŞPA və ATƏT Parlament Assambleyasının müsbət qiymətləndirmə vermələrinə baxmayaraq AP-nin kiçik ranqlı məmurlardan təşkil olunmuş ATƏT DTİHB müşahidə missiyasının qərəzli qətnaməsinə təkidlə əsaslanması Avropa Parlamenti deputatlarından formalaşmış İnsan Haqqları evinə, AP, AŞPA və ATƏT PA-na vurulmuş ağır zərbə, inamsızlıq və etibarsızlıqdır.
ATƏT/DTHİB-nin qərəzli, faktlara söykənməyən bu məruzəsinin bir məqsədi vardır – özlərindən yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq bir müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək. Lakin bu güclər bir məlum həqiqəti dərk etməlidirlər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək və hazırda olduğu kimi regionun aparıcı dövləti olaraq liderlik rolunu qoruyub saxlayacaqdır.
Bu gün Avropa Parlamenti və digər beynəlxalq qurumlar Azərbaycanın təkidli tələblərindən sonra 23 ildən artıq dövr ərzində işğal olunmuş torpaqlarımız haqqında icra olunmayan və Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən qətnamələrlə beynəlxalq ictimaiyyəti və Azərbaycan xalqını aldadır. Avropa Parlamentinin prezidenti Martin Şults mənə yazdığı cavab məktubunda deyir: “Bu mürəkkəb məsələni Azərbaycan və Ermənistanın özü həll etməlidir”. Bu, absurddur.
Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-ya istinad edilməsinə təkidli çağırışı Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir. Görünür ki, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olmuşlar. Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT/DTİHB-ya söykənərək böhtanlar atmaq sizlərin “sovet diktaturası” adlandırdığınız rejimdə belə olmamışdır. Bizdə belə bir xalq məsəli var: “Özünə nüfuz etməyən, başqasına nüfuz edə bilməz””.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı Avronest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır”.
Avropa Parlamentindən BBC-nin Azərbaycan xidmətinə bildirilib ki, E.Süleymanovun müraciəti quruma daxil olub və ona cavab veriləcək.
Bəs görəsən, Azərbaycan hakimiyyətinin Avronest PA-da fəaliyyətini dayandırması hansı nəticələr verə bilər? Rəsmi Bakı Avropa strukturları ilə əməkdaşlıqdan imtina siyasətinə keçid edir, yoxsa bu, sadəcə Qərbi İlham Əliyevin saxta seçkisinə münasibətdə tutduğu indiki sərt mövqeyindən geri çəkilməyə məcbur etmək cəhdidir?
Suallara cavabı AXCP sədri Əli Kərimlinin baş verənlərlə bağlı rəsmi Facebook səhifəsində paylaşdığı münasibətdə tapa bilərik. Əli Kərimli yazır:
“Kürü və neft pulları hər şeyə qadir deyilmiş. Avropa Birliyinin də ABŞ və ATƏT-lə birlikdə prezident seçkilərini saxta və qeyr-legitim elan etməsi hakimiyyətdə elə bir çaşqınlıq yaradıb ki, isterikanı gizlədə bilmirlər. Azərbaycan hakimiyyəti də Qərblə Bəşər Əsəd, Lukaşenko leksikonu ilə danışmağa başlayıb. Avropanı və bütövlükdə Qərbi nə az-nə çox “Azərbaycana qarşı təxribat və iğtişaş hazırlamaqda” ittiham ediblər. Baxmayaraq ki, Avropa Birliyi parlamenti Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən xüsusi qətnamə qəbul edib, Azərbaycanda seçkilərin saxtalaşdırılması ilə bağlı son qətnaməsində də Qarabağla, Azərbaycanın işğal olunmuş digər torpaqları ilə bağlı BMT qətnamələrinə dəstək verib və münaqişəni məhz BMT qətnamələri çərçivəsində (bu həm də iqtidarlı-müxalifətli Azərbaycan tərəfinin rəsmi mövqeyidir) həllinə tərəfdar olub, yenə də həyasızcasına Avropa Birliyini “belə böhtanlarla Azərbaycanı 23 ildir ki, işğal altında olan torpaqlarından imtina etməyə məcbur etməkdə” ittiham ediblər. Bundan əlavə Avropa Birliyini Avropa strukturları ilə əlaqələri kəsməklə şantaj edirlər.
Avropa Parlamentinin Azərbaycan hakimiyyətini özündən çıxaran qətnaməsinin bir hissəsini sizə təqdim edirəm: “Avropa Parlamenti iqtisadi əməkdaşlıqda əldə olunan inkişafa baxmayaraq, xüsusən insan haqlarının, demokratiyanın və fundamental azadlıqların boğulmasından, sərbəst toplaşmaq və ifadə azadlığı başda olmaqla, demokratik müxalifətin fəaliyyətinə yaradılan əngəllərdən dərin narahatlıq keçirdiyini və Azərbaycanla hər hansı bir sazişin bağlanmasının müxalifətin, jurnalistlərin, hüquq müdafiəçilərinin birdəfəlik rahat buraxılmasından, vətəndaşların və müxalifətin konstitusiya ilə təyin olunmuş azadlıqlarının toxunulmazlığından asılı olacağını bəyan edir”. Beləliklə:
1. Avropa Parlamenti Azərbaycandan nə Qarabağ, nə də neft-qaz istəmir (nefti-qazı onsuz da ona verirlər). Onlar nəhayət, əzilən xalqımızın səsini eşitməyə başlayıblar. Hökumətdən tələb edirlər ki, seçkini saxtalaşdırmasın, vətəndaşların – sizlərin hüquq və azadlıqlarına hörmət etsin, ölkəmizdə hüquqi dövlət qurulsun.
2. Hökumət Qərbi şantaj edir ki, onlar da Azərbaycanda Belarusda olduğu kimi təcrid edilmiş, anti-Qərb rejimi formalaşdıracaqlar.
Amma gərək Qərb də bu şantajdan çəkinməsin. İlham Əliyev hökuməti Qərblə həqiqi qarşıdurmaya gedə bilməz və getməyəcək. Yalnız qarşıdurma imitasiyasını edə bilər. Ona görə yox ki, milli maraqlarımızı düşünürlər, belə qarşıdurmanın ilk növbədə sadə azərbaycanlılara ziyan vuracağını nəzərə alırlar. Xeyr, yalnız ona görə ki, Belarusdan fərqli olaraq burada nəinki hakim ailə və oliqarxların, hətta deputatların, icra başçısı, polis rəisi və digər orta ranqlı məmurların da Qərbdə bank hesabları və böyük mülkləri var. Ölkə iqtisadiyyatı isə əsasən Qərbə satılan neftdən tam asılıdır. Xalqın böyük əksəriyyəti isə avrointeqrasiyaya müsbət yanaşır.
3. Saxtakarlıqda ifşa olunmuş hökumət indi həm də milli maraqlarımıza təhlükə yaradır. Hakimiyyətini qorumaq üçün hər tərəfə açdığı cəbhələr nəticə etibari ilə bizi Qarabağdan və işğal olunmuş diğər torpaqlardan uzaqlaşdırır. Xalqımızı özünütəcridə və bunun nəticəsi olaraq sosial-iqtisadi çətinliklərə aparır.
4.Unutmayaq ki, bu rejim Azərbaycanda məhz xarici güclərin köməyi ilə bərqərar olub. Çətin məqamlarında xarici güclərdən dəstək alaraq xalqa güc tətbiq edib. İndi dünya dəyişir. Qərbdəki vicdanlı insanlar artıq belə avtoritar və korrupsioner hakimiyyəti dəstəkləməyi öz ləyaqətlərinə sığışdırmırlar. Hazırda xalqımızla, əzilən insanlarımızla həmrəylik nümayiş etdirirlər. Bu, əlbəttə yaxşıdır. Lakin arxayınlaşmağa əsas vermir. Ölkəmizi bu vəziyyətdən məhz biz azərbaycanlılar xilas etməliyik. Asan qələbəyə ümid etmədən, heç kimdən dəstək gözləmədən, hər gün şərlə mübarizəni davam etdirməklə”.