Milli Şuranın prezidentliyə namizədinin «Dubay mülkü»ndən reportaj
Uzunluğu 15, eni 9 – 135 kvadrat metrlik üç otaqlı ev. Evin aynabəndi, otaqları bəlkə də tikildiyi gün ağ rəngə boyanıb. Indi bu boya qışın sazağından, yayın istisinə tab gətirə bilməyərək qaralıb, qabar verib. Buna baxmayaraq bu ocaq öz təravətini, hətta hərarətini belə qoruyub. Balaca bir mənzil hər kəsi doğmalıqla, sanki bu evin sakinimiş kimi qəbul edir. Burada evin daimi sakinləriylə qonaqlar arasında heç bir fərq yoxdur. Özünü çox sakit və rahat hiss edirsən. Qarşına qoyulan çay isə… Bu lap aləmdir…
“Gec, ya tez, bu qələbəni əldə edəcəyik”
Bu, Cəmil Həsənlinin, Milli Şuranın prezidentliyə namizədinin Cəlilabad rayonunun Alar kəndindəki ata evidir.
Cəmil müəllimin ata evi kəndin lap “dibində” olsa da onu tapmaq elə də çətin olmadı. Hətta gecə getməyimizə baxmayaraq mənzil başına çatmaq su içmək qədər asan oldu.
Alar böyük kənd olsa da ilk yaxınlaşdığımız adam Cəmil müəllimin evinin ünvanını dəqiqliklə dedi. Ancaq yolumuza davam etməyə imkan vermədi; Bir-iki kəlmə söhbət etmək niyyətində olduğunu, dərdini demək istədiyini dedi. Etiraz etmədik.
Cəmil Həsənli haqda xeyli xoş sözlər deyəndən sonra, mətləbə keçərək bildirdi ki, Milli Şuranın vahid namizədi seçkini udub (guya xəbərimiz yox idi – R.D.). Sonra əlavə etdi ki, bütün ölkə boyu saxtakarlıq oldu və qələbimizi əlimizdən aldılar: “Gec, ya tez bu qələbəni əldə edəcəyik. Əsas odur ki, Cəmil Həsənli seçkini uddu. Bizim fəxrimiz Cəmil müəllim”.
“Düzdür!” deyib sağollaşırıq və Cəmil müəllimin evinə doğru gedirik.
Gününün böyük hissəsi kitab oxumaqla keçib
Həsənovlar ailəsində 11 övlad böyüyüb – 5 oğlan, 6 qız. Cəmil Həsənli ailənin üçüncü övladıdır. Evin böyüyü Hacı Valehdir.
Ailənin dördüncü övladı Saday müəllimlə söhbətə başlayırıq. Deyir ki, Cəmil müəllim çox zəhmətkeş bir insan olub. Orta məktəbdə oxuduğu dövrdən ailənin yükünü böyük bir hissəsini çiynində daşıyıb. Hətta tələbəlik illərində belə ailəni tək qoymayıb. Səhər dərsə gedib, axşam işləyib.
“Atamız dünyasını dəyişəndən sonra ailəmizin dolanışığı anamın, böyük qardaşımın və Cəmil müəllimin üzərinə düşüb. Heç vaxt bizdən – bacı-qardaşlarından qayğısını əsirgəməzdi, hər zaman kömək edirdi, dadımıza çatırdı. Düzdür, aldığı maaş çox cüzi idi. Bu heç bir tələbənin dolanışığına yetməzdi. O, qənaətcil olduğu üçün hər şeyi yerbəyer edə bilirdi” – deyə Saday müəllim bildirir.
Həsənovlarla Cəmil müəllimin uşaqlıq illərinə də baş vururuq. Deyirlər ki, o, dəcəl olmayıb: “Cəmil müəllim zəhmətkeş olub. Əkinə-biçinə gedirdi. Ancaq bu zaman da kitab əlindən düşməyib. Günün böyük bir hissəsi kitab oxumaqla keçirib. Məktəbdə 3 nəfər əlaçı vardısa, onlardan biri də Cəmil müəllim idi. Hamısı 5 idi, bir dənə də olsun 4-ü olmayıb”.
Cəmil müəllimi yolundan təzyiqlə döndərmək olmaz
Söhbətimiz teledebatdakı məlum çıxışlara və Cəmil müəllimə olan hücumlara gəlib çıxır. Ailə üzvləri ona qarşı hücumların olacağını bilirdilər, ancaq bu qədərinə inanamırdılar: “Bilirdik ki, hücumlar olacaq, qara yaxacaqlar, ancaq təzyqilərin bu qədər olacağını güman etmirdik. Hər debatdan sonra telefonla əlaqə saxlayırdıq. Deyirdi ki, narahat olmayın, hər şey yaxşıdır. Kiməsə əziyyət verməyi, narahat etməyi sevən adam deyil. Nə problem varsa özü həll edər. Ancaq başqasının probleminə binganə qalmaz”.
Ölkənin hər yerində olduğu kimi Alar kəndindəki seçki məntəqələrində saxtakarlıq edilərək Cəmil Həsənliyə az səs yazılıb. Məqsəd isə birdir. Cəmil müəllimin doğma kəndinin camaatının ona etimad göstərməməsi görüntüsünü yaratmaq. Ancaq istər kənd sakinləriylə etdiyimiz söhbət, istərsə də ailə üzvləri hökumətin bu projesinin uğurlu olmadığı qənaətindədirlər: “Seçkiyə gedən adamların böyük bir hissəsi ona səs verib. Söhbət təkcə Alar kəndindən yox, ümumiyyətlə, rayondan gedir. Düzdür, bəziləri deyirdi ki, gərək Cəmil müəllim seçkiyə getməzdi, namizədliyini verməzdi. Hərənin öz düşüncəsi, dünyagörüşü var. Bəziləri siyasi savadsızlıqdan, bəziləri isə canıyanalıqdan deyirdi. Istəmirdilər ki, hamı onun üzərinə bu cür gəlsin. Ancaq biz nə deyə bilərik ki? Qərarı Cəmil müəllim özü verib. O elə bir adamdır ki, kiminsə fikrini öyrənsə belə sonda qərarı özü verər. Kifayət qədər siyasi təcrübəsi, dünyagörüşü olan bir insandır. Onu yolundan nə təzyiqlə, nə də hər hansı məsləhətlə döndərmək olar. Əgər belə bir qərar veribsə, deməli, düz verib”.
Nə dəbdəbəli həyat, nə də var-dövlət düşkünü…
Saday müəllim bizimlə söhbətində onu da qeyd edir ki, nə seçkidən əvvəl, nə də sonra kimlərinsə onlara münasibətində dəyişiklik hiss ediblər: “Hər şey əvvəlki qaydasındadır. Cəmil müəllim prezidentliyə namizədliyini irəli sürdüyü, tənqidi çıxışlar etdiyi üçün heç kim bizdən üz döndərməyib. Ən azından bunu hiss etməmişik. Hətta bu olsa belə guya nəsə dəyişəcəkmi? Cəmil müəllim geri çəkiləcək? Yoxsa yolunu, tutduğu mövqedə korrektələr edəcək? Təbii ki, yox. Onun öz yolu, öz mövqeyi var”.
“Həmişə sadə yaşayıb. Nə dəbdəbəli həyat sürüb, nə də var-dövlət düşkünü olub. Əgər istəsəydi edərdi. Bunun üçün imkanı da olub. Millət vəkili olduğu zaman da həmişə bizə tövsiyyə edərdi ki, sadə olaq. Qardaşımız deputatdır deyib, insanlara yuxarıdan aşağı baxmamışıq. Həmişə olduğu kimi yaşamışıq. Özü də kənddəki xeyir və şərdən kənarda qalmayıb. Xeyir iş elədir ki, dəvətlə olur. Ancaq bütün yas mərasimlərində olub. Maşınıyla gələndə kəndin girəcəyində kimi görürsə, düşüb görüşür, hal-əhval tutur. Heç vaxt özündən razı olmayıb. Sadə həyat keçirir. Çünki təbiətən belədir” – Saday müəllim son nöqtəni qoyur.
Kiçik sözardı…
Cəmil Həsənlinin yaxınlarıyla söhbətə yekun vurub sahəsi 135 kvadrat metr olan “Dubay mülkü”nə daxil oluruq. Dəhlizi və bir otağı geridə qoyub, bizim Cəmil müəllimin yatdığı, dərs oxuduğu otağa daxil oluruq. Divarlarda asılmış şəkillər və stolun üstündə kompüterdən başqa heç nə gözə dəymir. Həsənovlar ailəsinin sonbeşiyi deyir ki, Cəmil müəllim bütün əşyalarını Bakıya öz evinə aparıb. Otağın şəklini fotoaparatımızın yaddaşına həkk edib evi tərk edirik.
Bu, Cəmil Həsənlinin ata mülküdür. Onun nə Dubayda dəyəri 75 milyon manata övladlarının adına 3 mülkü var, nə offşor zonalarda şirkəti, nə də ölkədən pul çıxarıb. Çünki o, millətin Cəmil müəllimidir…
Ramin DEKO