Rəsul Cəfərov: «Vilnüsdə keçiriləcək sammitdə Azərbaycandakı seçki sxtakarlığı da müzakirə olunacaq»
Litva xarici işlər nazirinin müavini Andryus Krivas Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan 6 dövlətə – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusun diplomatik missiyalarına noyabrın 28-29-da Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində iştirak üçün dəvətnamə təqdim edib.
APA-nın Litva XIN-ə istinadən verdiyi məlumata görə, dəvət məktubları Litva prezidenti Dalya Qribauskayte, Avropa Birliyi Şurasının sədri Herman Van Rompey və Avropa Komissiyasının sədri Joce Manuel Barrozo tərəfindən imzalanıb.
Onu da qeyd edək ki,ÿ”Freedom House” Avropa Ittifaqını 2013-cü ilin noyabrında Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammitində demokratiya və insan haqlarını prioritet hesab edərək, Avropaya sadələşdirilmiş viza rejimi ilə bağlı aparılan danışıqların Azərbaycan rəsmilərinə şamil edilməməsinə çağırıb.
“Freedom Hause”nin bəyanatında deyilir: “Hakimiyyətin müstəqil KIV-ə, vətəndaş cəmiyyətinə, siyasi fəallara və müxalifətin namizədinin tərəfdarlarına qarşı repressiyaları azad və ədalətli seçkini mümkünsüz edir”.
“Mərkəzi Seçki Komissiyasının səsvermə günündən bir gün əvvəl seçkilərin nəticələrini açıqlayaraq Ilham Əliyevi qalib elan etməsi fırıldaqçılıqla bağlı narahatlığı daha da gücləndirdi. Belə seçkilərin keçirilməsi Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəliklərinə olan hörmətsizliyinin ifrat göstəricisidir. Əliyevin ”qələbəsi” onun legitimliyini və imicini tamamilə darmadağın etdi”- deyə “Freedom House”nin prezidenti Devid Kramer bildirib. ÿ
Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitindən hansı nəticələri gözləmək olar və beynəlxalq təşkilatların Azərbaycanla bağlı tənqidləri müzakirə oluna bilərmi?
Hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, Vilnüsdə keçiriləcək sammitdə Azərbaycan hakimiyyətinə ciddi mesajlar veriləcək və digər beynəlxalq təşkilatların da Azərbaycanla bağlı sanksiya çağırışı istisna deyil: “Artıq 2 ilə yaxındır ki, bu sammitə hazırlıq gedir və bu sammitə Azərbaycanın dəvət edilməsi əsasən Assosiasiya sazişinin imzalanması ilə bağlıdır. Azərbaycan isə Avropa Birliyinə Assosiasiya sazişi deyil, Strateji Inkişaf və Planlaşma sazişinin imzalanmasını təklif etmişdi. Bu da onun göstəricisidir ki, Azərbaycan demokratiya və insan haqları kimi dəyərləri özündə ehtiva edən sazişlərdən kənarda qalmaq istəyir. Indi Azərbaycana dəvət gəlibsə, yəqin ki, Azərbaycan bu sammitdə iştirak edəcək. Bu sammitdə iqtisadi və təhlükəsizlik məsələləri ilə yanaşı demokratiya, insan haqları məsələsi də müzakirə olunacaq. Hətta Azərbaycandakı seçkilərin nəticələrinin də müzakirə mövzusu olacağı gözlənilir. Ancaq Azərbaycana birbaşa sanksiya tətbiq edilməsi həmin tədbirdə gözlənilmir. Çünki sanksiyalarla bağlı məsələlərə Avropa Komissiyasının xarici əlaqələr üzrə qurumu münasibət bildirir. Vilnüs sammitinin bizim üçün strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycandakı insan haqları məsələləri, seçki saxtakarlığı kimi vacib məqamlar müzakirə olunacaq. Eyni zamanda bu tədbirə vətəndaş cəmiyyətinin nümayəndələri, müstəqil ekspertlər dəvət olunub. Digər tərəfdən, bəzi beynəlxalq təşkilatların da Azərbaycanla bağlı sanksiya çağırışı gözlənilir. Məsələn, Ictimai Həmrəylik Platforması adlanan bir qurum var ki, özündə 40-dan artıq təşkilatı birləşdirir. Bu təşkilat da Azərbaycanla bağlı yaxın günlərdə bəyanat verəcək. Digər təşkilatların da bu tipli açıqlamalar verməsi ehtimal olunur”.
Ilham Hüseyn