Nurəddin Məmmədli: «Hakimiyyət bütün problemləri zorakılıq vasitəsilə həll etməyə çalışır»
Arif Hacılı: «Azərbaycanda radikal müxalifət yox, radikal iqtidar var»
Prezident seçkilərində baş verən saxtakarlıqlardan sonra beynəlxalq aləmin sərt təpkisi ilə üzləşən hakimiyyət müxalifətə, eyni zamanda beynəlxalq qurumlara qarşı bir qədər də aqressivləşib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son açıqlamaları da bunu deməyə əsas verir. PA rəhbəri ölkədə baş verənlərin məsuliyyətini öz üzərindən atmaq və daha çox müxalifəti günahlandırmağa çalışır.
Mətbuata verdiyi son açıqlamasında R.Mehdiyev müxalifətin 20 ildir konstruktiv dialoqa getmək istəmədiyini deyib. PA rəhbəri iddia edir ki, müxalifət pisliyin kökünü özündə, özünün hakimiyyət uğrunda aqressiv mübarizə metodlarında deyil, işləməyi, ölkədə sabitliyə və inkişafa təminat verməyi, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmlətməyi bacaran güclü iqtidarın olmasında axtarır.
Mehdiyevin müxalifətin ünvanına səsləndirdiyi bu ittiham cavabsız qalmayıb.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, iqtidarın işi bir az çətinə düşəndə, beynəlxalq təzyiqlər artanda, Azərbaycanda despotik rejimin mövcud olması problemi gündəmə gələndə dialoq məsələsini ortaya atıb, sonra da qaçırlar. Dialoqun növbəti dəfə gündəmə gəlməsi bu gün Azərbaycan hakimiyyətinin bütün istiqamətlərdə ciddi şəkildə təzyiq altında olması, ölkədəki rejimin mahiyyəti ilə dialoq anlayışının ziddiyyət təşkil etməsindən qaynaqlanır. Amma yenə də bütün bu təzyiqlərə rəğmən hakimiyyətin hər hansı dialoqa getmək istəyində olması inandırıcı deyil. Çünki dialoqa gedən tərəflərin deməyə sözü olmalıdır. Iqtidarın isə sözü qurtarıb. Hakimiyyət bütün problemləri zorakılıq vasitəsilə həll etməyə çalışır: “Iş o yerə çatıb ki, razılaşdırılmış aksiyadan sonra gəncləri döyürlər, sonra da türmələrə doldururlar. Əli Kərimlinin oğluna qarşı edilən hərəkət, yaratdıqları digər çoxlu sayda problemlər göstərir ki, bu hakimiyyət dialoq istəyindən çox uzaqdadır. Digər tərəfdən, əgər ölkədə 120-dən artıq vicdan məhbusu varsa, hansı dialoqdan söhbət gedə bilər. Dialoq birinci növbədə cəmiyyətdə konsolidasiya yaratmağa, partiyaların qarşılıqlı əməkdaşlığına, bir-birinə xoş niyyətini ifadə etməyə yönəlməlidir. Bu cür düşmənçilik şəraitində heç bir dialoqdan söhbət gedə bilməz”.
N.Məmmədlinin sözlərinə görə, hakimiyyətin bu cür kobud şəkildə mənimsənilməsi də dialoq istəyinin mövcudluğunu nümayiş etdirmir: “Biz demokratik düşüncəli insanlarıq, partiyamızın və bütövlükdə Milli Şuranının demokratik yolla hakimiyyətə gəlməsi uğrunda mübarizə aparırıq. Cəmiyyətin bütün problemlərinin həllində dialoq yeganə alternativ variant olduğuna görə bu cür dialoqa hazırıq. Amma hakimiyyətin belə bir dialoqa gedəcəyi mümkünsüz görünür. Bunlar yenə də imitasiya ilə məşğul olacaqlar. Ölkədə guya plüralist fikrə hörmətlə yanaşdıqlarını, müxalifətlə birgə, müştərək problem həll etmək cəhdində bulunduqlarını sübut etmək üçün müəyyən manevr imkanlarını nümayiş etdirəcəklər. Ancaq məsələ sözdən işə keçməyəcək”.
Müsavat Partiyası Icra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, hakimiyyətin iddia etdiyi kimi Azərbaycanda radikal müxalifət mövcud deyil. Çünki Azərbaycanın demokratik qüvvələri və real müxalifəti konstitusiya və qanunlar çərçivəsində fəaliyyət göstərib. Təəssüf ki, Azərbaycanda radikal iqtidar mövcuddur. Iqtidar cəmiyyətdə sərbəst düşüncəli insanların olduğunu, plüralist cəmiyyətin qurulmasının vacibliyini qəbul etmək istəmir. Dəfələrlə dialoqla bağlı çağırışlar səsləndirsə də, heç vaxt real olaraq Azərbaycandakı aparıcı siyasi qüvvələrlə, eyni zamanda ölkədə əhalinin əksəriyyətini təşkil edən protest elektoratla hesablaşmır. Ona görə də indiki şəraitdə hakimiyyətin dialoqla bağlı çağırışlarının real olacağına inanmaq çətindir.
Fizzə