«El Pais»: «Bu ölkədə seçkinin nəticələri səsvermədən bir gün əvvəl bəlli olur»
«Azərbaycan hakimiyyətinin sizə verdiyi pullar xalqındır və diktatura rejiminin yox, xalqın maraqlarına xərclənməlidir»
Ispaniyanın “El Pais” qəzeti Madridin “Atletiko” klubunun rəhbərliyinə diktatura rejimilə əməkdaşlığı haqda xəbərdarlıq edib. Müəllif Xosu Iqnasio Torreblanka “Atletiko” azarkeşləri üçün bəd xəbər: Azərbaycan diktatura ölkəsidir” başlıqlı məqalədə xüsusən bu ölkədə Mərkəzi Seçki Komissiyasının prezident seçkisinin nəticələrini səsvermədən bir gün əvvəl yaymasına diqqət çəkib:
***
Azərbaycan – Odlar Yurdu Madridin “Atletiko” klubunun sponsorudur. Bu maraqlı ölkənin Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini açıqlamaq üçün səbr edə bilməyərək, nəticəni seçkidən bir gün əvvəl açıqladı.
“Atletiko”nun prezidenti Enrike Sereso deyir ki, “Azərbaycan böyük iqtisadi potensialı olan, zəngin təbii ehtiyatlara malik ölkədir. Qədim tarixi olan bu ölkə müstəqillik əldə edəndən sonra humanitar, iqtisadi və mədəni inkişaf baxımından böyük nailiyyətlər əldə edib”.
Təəssüf ki, reallıq tamamilə bunun əksini göstərir.
31 oktyabr 2003-cü ildən bu ölkəyə Ilham Əliyev rəhbərlik edir. O da prezident postunu atasından miras alıb. Atası Heydər Əliyev 1993-2003-cü illərdə hakimiyyətə rəhbərlik edib.
“Şimali Afrika diktatorları Mübarək, Qəzzafi və Ben Əliyə baha başa gələn əməlləri Əliyevlər də həyata keçirir. Bu ölkədə hakimiyyət atadan oğula ötürülüb və beləliklə, sülalə idarəçiliyi yaradılıb. Əlbəttə ki, müxalifətə qarşı təzyiqlər və media üzərində sərt nəzarət sayəsində…” – bu barədə “Freedom House” hüquq-müdafiə təşkilatının hesabatında bildirilir.
Məqalənin əvvəlində qeyd etdiyimiz məsələyə qayıdaq. Seçkinin nəticələrini yerləşdirmək üçün Mərkəzi Seçki Komissiyasının saytı işlənərkən səhvən nəticələr səsvermədən bir gün əvvəl yerləşdirilib. Bu qurumun rəsmiləri əvvəlcədən yayılan nəticələrin saxtakarlığın göstəricisi olmadığını və həmin rəqəmlərin sadəcə, namizədlərlə bağlı baza hazırlanarkən test məqsədilə yazıldığını iddia etdilər.
Amma onların nə hazırlamasından asılı olmayaraq, yayılan məlumatlarda göstərilmişdi ki, Ilham Əliyevə seçicilərin 72,76 faizi səs verib və o, qalib gəlib.
Burada təəccüblü heç nə yoxdur. Çünki Əliyevə 2003-cü ildə 76, 2008-ci ildə də 87 faizlik nəticə yazılıb. Budəfəki seçkidə isə son nəticədə Əliyevə səslərin 85 faizi verildi.
Aydındır ki, seçki azad və ədalətli olmayıb. ATƏT-in müşahidə missiyası seçkidə xeyli çatışmazlıqlar və ciddi qanun pozuntuları aşkarlayıb. Məsələn, bülletenlərin qutulara topa-topa doldurulması, “karusel” (eyni adamlar bir neçə məntəqədə dəfələrlə səs verməsi), müxalifət namizədinin mediaya çıxışının məhdudlaşdırılması və s. Bir sözlə, bu cür hallarda adətən baş verənlər növbəti dəfə təkrarlandı.
ATƏT-in Müşahidə Missiyasının tənqidlərinə “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı da qoşuldu. Bu təşkilat bildirir ki, seçki öncəsi hakimiyyət onlarla müxalifətçiyə qarşı repressiya həyata keçirib, onları həbs edib, mediaya çıxış məhdudlaşdırılıb, əslində, görüntü məqsədi daşıyan bir neçə məhkəmə prosesi keçirilib.
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı da eyni fikirləri bölüşür. “Euronews” seçkidən sonra çoxsaylı həbslər barədə xəbər verir.
ATƏT-in Müşahidə Missiyasının hesabatında da bu barədə yazılıb. Azərbaycandakı rejim ölkənin neft-qaz ehtiyatları sayəsində özünün avtoritar-sülalə monarxiyasını qəbul etdirməyə çalışır. Rejim dünyada öz obrazını yaxşılaşdırmaq məqsədilə geniş miqyaslı kampaniyalar həyata keçirir. “Atletiko” futbol klubuna 12 milyon dollarlıq sponsorluq da bu qəbildəndir. Halbuki, bu pullar Azərbaycan xalqına məxsusdur və ondan öz rejimini əbədiləşdirməyə çalışan hakimiyyətin deyil, xalqın maraqları çərçivəsində istifadə olunmalıdır. Neft-qaz gəlirləri sayəsində Azərbaycanda adambaşına düşən gəlir 1995-ci ildəki 1844 dollardan 2013-cü ildə 8153 dollara qalxıb. Bununla belə, nə əhali arasındakı qeyri-bərabərlik aradan qalxıb, nə də azadlıqlar artıb.