“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli tərəfindən aldadılan iş adamı Elşad Məmmədov “Azadlıq”a növbəti şikayət məktubunu ünvanlayıb.
Həmin məktubu təqdim edirik: “Cənab Hacı İbrahim. Siz Həcc ziyarətinə getmisiniz İstəyiniz o olub ki, Allaha yaxın olasınız, onun buyruqlarına əməl edəsiniz. Allahın isə bəndəsindən tək istədiyi dürüst olmaqdır, kiminsə evini yıxmamaqdır, kiminsə ruzisini əlindən almamaqdır.
Amma bu gün sizin adınızdan mənim 355 min manat pulum mənimsənilib. Bəlkə də kimlər üçünsə bu pul heç nədir. Bəlkə də 4 milyardlıq ada tikən bir iş adamına bu məbləğ az görünür. Amma mənim kimilər üçün bu qədər pul illər ərzində gərgin əmək nəticəsində əldə olunan bir məbləğdir. Və bu pulun böyük hissəsini mən borc etmişdim və bu gün də həmin borcu qaytarmaqdayam. Sizdən heç nə istəmirəm. Sizi bu müqəddəs Qurban Bayramı ərəfəsində Allahı xatırlamağa dəvət edirəm. Məncə dili namazlı bir Allah bəndəsi üçün bundan gözəl arzu ola bilməz. Unutmayın ki, mən 3 körpə uşağımla kirayələrdə qalmışam və bu müqəddəs bayramı da kirayədə qarşılayacam”.
Qeyd edək ki, Elşad Məmmədov “Həsən-96” MTK-dan 51 və 52 saylı mənzillərə 355 min manat pul verib. Bir müddət keçəndən sonra isə mənzilləri əlindən alıblar və pulunu verməyiblər. İş adamının əlində maliyyə arayışı və ödəiyi pulun qəbzləri var.