Azərbaycan hökumətini başı bu 3 nəfərə görə ağrımağa başlayıb
Seçkidən sonra beynəlxalq dəstəkdən necə məhrum olduğu göz qabağında olan Əliyev hökuməti bir də iç gərginliklə üz-üzə qalıb. Amma elə bu da xarici faktorlarla bağlıdır. Məsələ burasındadır ki, hələ bir müddət bundan əvvəl Qərb və ABŞ-dakı bir sıra ciddi çevrələr İlham Əliyevdən Azərbaycan hakimiyyətinin simasını müəyyən edən 3 nəfərin vəzifələrdən kənarlaşdırılmasını, hətta onlara qarşı cinayət işinin başlanmasını tələb edirlər. Bunlar Ramiz Mehditev, Kəmaləddin Heydərov və Bəylər Əyyubovdur.
Qərbdə belə hesab edirlər ki, bu üç fövqəloliqarx Azərbaycanın Qərbə inteqrasiyası yönündə siyasi-iqtisadi baryerlərin əsas təşkilatçılarıdır. İlham Əliyevin qarşısına da konkret faktlar qoyulur və ondan mövqe tələb olunur: əgər hökumət bütünlükdə bu 3 fövqəloliqarxın davranışlarını bölüşmürsə, o halda onlardan xilas olmalıdır.
Bu yaxınlarda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı məsələnin müzakirəsinin təxirə salınması da elə bu cür faktorlarla bağlıdır. Orada belə hesab edirlər ki, bu məmurların simasında Azərbaycanda tüğyan edən monopoliyanın mövcudluğu şəraitində Azərbaycan ÜTT üzvü ola bilməz!
Oxucular xatırlayırsa, bu yaxınlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin mətbuat konfransında səsləndirdiyi qeyri-adi açıqlamalar şok effekti yaratmışdı. K.Əliyev bu açıqlamaları ilə ayrı-ayrı oliqarxların kurasiyasında olan (zatən onların kurasiyasında olmayan sahə yoxdur) sahələrdəki neqativ hadisələrdən danışmış, cinayət işinin başlanacağı ilə bağlı təhdidlər yağdırmışdı.
Əlbəttə, Azərbaycan gerçəkliyində bir məmurun özbaşına olaraq bu cür açıqlamalar verə bilməyəcəyi hər kəsə aydındır. Bu açıqlamalar əslində nə qədər yerli ictimai rəyə hesablanmışdısa, bir o qədər də xaricə ötürülən pas kimi dəyərləndirilməlidir. Hökumət bu ranqda olan bir məmurun açıqlamaları ilə Qərbə siqnal vermək istəyirdi ki, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə tədbirlərinə hazırlaşırlar. Amma dəfələrlə yalan vədlər verməklə aradan çıxmağa çalışan Azərbaycan hökumətinin bu manerası bu dəfə qəbul edilməyib: Ya bu üçlük getməlidir, ya da sanksiyalar qaçılmazdır!
Nəyə görə, məhz bu üçlük?
Onların hakimiyyətdən kənarlaşdırılmasını tələb edənlər israr edirlər ki, bu üç oliqarx özü-özlüyündə oliqarx deyillər və yerdə qalan bütün oliqarxlardan ən azı bir neçə pillə qabaqda olduqlarına görə iqtisadi hakimiyyətin əsas rıçaqlarına nəzarət edirlər. Qərbdə belə hesab edirlər ki, Azərbaycanda 100 milyon dollardan artıq pulu olan oliqarxların sayı bir neçə yüz nəfər ola bilər. 500 milyon dollardan artıq pula nəzarət edən oliqarxların sayı 100 nəfərdən artıq deyil. Bu 3 oliqarxın nəzarətində isə toplam 15 milyard dollardan artıq sərvət var və bu çirkli sərvət ölkədə daxili iqtisadi rəqabətin məhv edilməsi üçün başlıca rol oynayır.
Qərbdə belə hesab edirlər ki, hətta İlham Əliyevin simasında bütün siyasi hakimiyyət də bu oliqarxların kontrolu altındadır, buna görə də Azərbaycan hakimiyyəti ilə sırf siyasi müzakirələrin aparılması mümkünsüz hala gəlib.
İlham Əliyevin bu tələblər qarşısında hansı addımlar atacağı isə bəlli deyil. Doğrudur, bu yaxınlarda Kəmaləddin Heydərovun nəzarəti altında olduğu söylənilən broker Əbülfəz adlı “iş adamı”nın MTN-də saxlanması, sonra isə müəmmalı şəkildə azad edilməsi ilə bağlı dolaşıq informasiyalar peyda oldu. Əbülfəz Məlikov ictimai maraq kəsb etməyən bir ad olsa da iş dünyasında həddən artıq məşhur addır və bütün qanunsuz biznes ipləri bu adamın əlinə bağlanıb. Onun nə üçün həbs edildiyi və nə üçün azad edildiyi barədə yalnız rəvayətlər gəzir. (Maraqlıdır ki, müəyyən dairələrdə Əbülfəz Məlikovun yardımçısı kimi tanınan Şamil Heydərov da eyni qaydada həbs və azad edilmişdi).
Azərbaycanın biznes çevrələrində belə bir xəbər dolaşır ki, Əbülfəz Məlikovun bu həbsi siqnal xarakterlidir. Onu yenidən həbs edəcəklər və bir daha azad etməyəcəklər. “Siqnal”ın neçəyə başa gəldiyini isə heç kim bilmir.
Əbülfəz Məlikovun həbsinin Kəmaləddin Heydərova xəbərdarlıq olduğunu söyləyənlər də var. Hüquq mühafizə orqanlarından əməkdaşımıza sızdırılan xəbərə görə, bu yaxınlarda baş prokurorluq “Gilan” Holdinqin fəaliyyətinin araşdırılmasına başlayacaq. Xəbərin nə dərəcə dəqiq olduğunu deyə bilmərik, amma Qərbin bu oliqarxı hakimiyyətdən kənarlaşdırılması tələbləri qətidir.
Bəylər Əyyubovun işlərdən kənarlaşdırılması tələbi isə yeni deyil, illərdir ki, Türkiyə hökuməti də bunu Əliyevlərdən tələb edir. Azərbaycanda isə araşdırılmalı və kiminsə üzərinə yıxılması zəruri olan bir neçə iri maliyyə cinayətləri var. Hüsni Mübarəkin pulları, İranın qara pullarının ağardılması əməliyyatları kimi Qərb kəşfiyyatı tərəfindən izinə düşülmüş bir neçə səs-küylü olaylar istintaqını və “günah keçisi”ni gözləyir.
Siyasət şöbəsi