Sahib Kərimov icra başçısının göstərişi ilə həbs olunubmuş
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimov martın 16-da axşam 5 günlük həbsdən sonra azadlığa buraxılıb. S.Kərimov qəzetimizə açıqlamasında öncə həbsinin səbəblərinə aydınlıq gətirdi. O, bildirdi ki, Şəki şəhərinin icra başçısı Murad Cabbarlı vəzifəyə təyin olunduğu gündən şəhərdə onun qərarlarından kütləvi narazılıq hökm sürür. Ötən müddət ərzində Şəkidə sahibkarların sıxışdırılması, məmur özbaşnalığı daha da artıb. S.Kərimovun sözlərinə görə, yürüdülən bu siyasətdən doğan narazılığı isə icra başçısı ört-basdır etmək üçün bütün rəsmi tədbirlərdə onun adını çəkərək, AXCP funksionerinin əhalini kütləvi ixtişaşlara sövq etdiyini vurğulayır: «İdman və Gənclər İdarəsinin rəhbəri Vüqar İsgəndərov isə gənclərin iştirak etdiyi bir tədbirdə açıq bəyan edib ki, «AXCP-Müsavat» blokundan deputatlığa sabiq namizəd Sahib Kərimov Şəkidə ixtişaşlar törətməyə çalışır. Bakıya ünvanlanan bu mesajlar icra hakimiyyətindən narazılığı gizlətməyə xidmət edir. Mənim də həbsimdə əsas motivlərdən biri məhz bu olub. Hesab edirəm ki, həbsim icra başçısının qanunsuz addımlarını ört-basdır etmək üçün atılmışdı».
Həbsdə olduğu müddətdə heç bir təzyiqlə üzləşmədiyini deyən S.Kərimov vurğuladı ki, əksinə ona qarşı qanunlar çərçivəsində davranılmağa çalışılıb. İnsanları qondarma ittihamlarla həbs etməklə hakimiyyətin bir nəticə əldə edə bilməyəcəyini qeyd edən S.Kərimov bildirdi ki, əhalinin narazılığı təkcə bir şəxsə bağlı deyil: «Müxalifətin Şəkidə təşkilatlanmış strukturları var. Şəkidə haqsızlığa qarşı böyük protest elektorat mövcuddur. Şəki insanı həmişə haqsızlığa, ədalətsizliyə qarşı ortaya mövqe qoyub. Martın 11-i ilə bağlı Şəkidə məlum vərəqələrin yayılmasının bizim partiya ilə heç bir əlaqəsi yoxdur. Bu gənclərin öz təşəbbüsü idi. Bütün bunların kökündə isə məmur özbaşnalığı, bir müddət əvvəl sahibkarın intiharı və əsas məsuliyyət daşıyan şəxsin məsuliyyətdən yayınması dayanır».
Xəyal