“Saxta nəticələri nə Azərbaycan xalqı, nə də dünya ictimaiyyəti qəbul edə bilər”
Rüstəm İbrahimbəyov: «Beynəlxalq aləmin bu cür sərt mövqeyi demokratik qüvvələrin böyük qələbəsidir»
Seçkilərin nəticələri beynəlxalq aləm tərəfindən tanınmır. ATƏT-dən sonra Avropa Birliyi, ABŞ Konqressinin Helsinki Komissiyası, Dövlət Departamenti Azərbaycanda keçirilən seçkiləri sərt tənqid edib. Beynəlxalq aləmdə formalaşan bu münasibətin hakimiyyət üçün ciddi legitimlik problemi yaradacağı şübhəsizdir. Çünki istər seçkiöncəsi qeyri-demokratik mühit, namizədlərə bərabər şəraitin yaradılmaması, müxalifətin təbliğat imkanlarının məhdudlaşdırılması, istərsə də seçki günü baş verən kütləvi saxtakarlıq beynəlxalq aləmin diqqətindən yayınmayıb.
Baş verən seçki pozuntusunun nəticəsi olaraq beynəlxalq təşkilatlar sərt hesabatlarla çıxış ediblər. Beynəlxalq təşkilatların rəylərində indiyə qədər seçkidən sonra açıqlanan hesabatlardakı ritorikanın təkrar olunmaması və hakimiyyətə münasibətdə olduqca sərt dilin seçilməsi ekspertlər tərəfindən də birmənalı qarşılanmır. Bütün bu məqamlar hakimiyyətin 2013-cü il seçkilərinin nəticələrinin tanınmamasıyla bağlı beynəlxalq aləmdə ciddi problemlərlə üz-üzə qalacağına işarə edir. Müsahibimiz Milli Şuranın sədri Rüstəm Ibrahimbəyova müsahibəmizə beynəlxalq aləmin qiymətləndirməsinə münasibət öyrənməklə başladıq:
– Beynəlxalq aləmin bu cür sərt mövqeyini mən demokratik qüvvələrin böyük qələbəsi kimi dəyərləndirirəm. Bu o deməkdir ki, seçkilər kobud formada saxtalaşdırılıb. Ümumiyətlə bu seçkilərdə bir neçə qanun kobud formada pozulub. Əvvəlcə onu deyim ki, Ilham Əliyev bu dəfəki seçkilərə qatılmamalı idi. Çünki onun üçüncü dəfə namizədliyini irəli sürməyə qanuni haqqı yox idi. Daha bir pozuntu seçkiöncəsi mühütün qeyri-bərabər olmasında idi. Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin təbliğat imkanları çox məhdud idi. Amma buna baxmayaraq Milli Şura çox uğurlu bir təbliğat kampaniyası apara bildi. Üçüncü ciddi pozuntu isə seçkilərin kobud formada saxtalaşdırılmasıdır. Azərbaycanda da, beynəlxalq aləmdə də sübut olundu ki, seçkilər kobud sürətdə saxtalaşdırılıb. Artıq aydın məsələdir ki, bu seçkinin nəticəsini nə Azərbaycan xalqı, nə də dünya ictimaiyyəti qəbul edə bilməz. Bu seçkinin saxta nəticələrini Azərbaycan xalqına qarşı yol verilmiş böyük cinayət kimi qəbul etmək lazımdır. Həqiqətən də bu böyük bir cinayətdir və bu cinayətin qiyməti verilməlidir.
– Seçkidən öncə hakimiyyət təmsilçiləri Qərb diplomatları ilə görüşlərində Azərbaycana Rusiyadan böyük təzyiqin olduğu vurğulanırdı. Bundan başqa Milli Şuranın Rusiyanın proyekti olduğu söylənilirdi. Amma ciddi saxtalaşdırma faktlarının olduğu seçkilərdən sonra Ilham Əliyevi ilk təbrik edən Rusiya prezidenti Vladimir Putin oldu?
– Milli Şuranın Rusiya ilə bağlanması iqtidarın təxribatıdır. Biz dəfələrlə bəyan etmişik ki, bu yalan və iqtidarın təbliğatıdır. Uzun müddət hamıya məlum idi ki, Ilham Əliyev Kremlin layihəsidir. Rusiyadan Azərbaycana heç bir təzyiq yox idi. Bu yalandır. Hakimiyyət cəmiyyətə qarşı repressiya həyata keçirmək, müxalif fəallarını həbs etmək üçün bu cür təbliğatdan istifadə edirdi. Milli Şuranın hədəfə alınması, demokratik qüvvələrin ləkələnməsi üçün bu tezislərdən istifadə olunurdu. Nicat Quliyevin Milli Şuranın hərbi qanadı olmasıyla bağlı ittihamlar da reallıqdan uzaq idi. Bütün bu yalanların üstü açılmalıdır. Müstəqil jurnalistlər iqtidarın bu təbliğatına qarşı artıq müdafiə mövqeyində dayanmamalıdırlar. Iqtidarın bu yalanlarının üstünün açılması üçün ciddi hücuma keçməyin vaxtı gəlib. Çünki bu seçkilər çox həqiqətlərin üstünü açdı. Aydın oldu ki, seçkilər kobud şəkildə saxtalaşdırıldı, Milli Şura Azərbaycan xalqının maraqlarından çıxış edir. Demokratik qüvvələr seçkilərə Milli Şura formasında qatılmasaydı, seçkilərin nəticələri ilə bağlı bu cür faktlar ortaya çıxarılmayacaqdı. Milli Şura, Cəmil Həsənli seçki pozuntularını qabarıq formada gündəmə gətirdi. Bütün dünya gördü ki, Azərbaycanda real gücə malik demokratik qüvvələr mövcuddur.
“Milli Şura hakimiyyətin seçki saxtakarlığını ifşa etdi”
– Rüstəm bəy, saxtakarlığın bu cür geniş miqyasda olacağını gözləyirdiniz?
– Saxtakarlığın miqyası hər seçkidə geniş olub. Bundan əvvəlki seçkilərdə də ciddi saxtakarlıqlar olub. Amma müxalifətin bu dəfə ciddi zəhməti, Milli Şuranın səyləri nəticəsində saxtakarlığın geniş miqyası əhatə etdiyi sübut olundu. Hakimiyyətin seçici aktivliyi və özünün 85 faiz dəstəklənməsiylə bağlı saxtalaşdırmaları həmişə olurdu. Iyirmi ildir ki, Azərbaycanda kobud formada seçki saxtakarlığı baş verir. Amma bu dəfə Milli Şuranın yaranması, Cəmil Həsənlinin təşkilatın vahid namizədi kimi irəli sürülməsi hakimiyyətin saxtakarlığının miqyasının genişliyini çılpaqlığı ilə göstərdi. Bəziləri hesab edir ki, bu seçki saxtakarlığı hakimiyyətin kobud addımları nəticəsində ifşa olundu. Bu Milli Şuranın əməyinin məhsuludur. Xarici müşahidəçilər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycanda Milli Şuranın olmasına görə bu işə böyük məsuliyyətlə yanaşır. Beynəlxalq aləm də çox gözəl görür ki, Azərbaycanda seçkilərin kobud şəkildə formalaşdırılmasını bu dəfə tam sərtliyi ilə elan etmək lazımdır. Əvvəlki seçkilərdə də kobud pozuntuların olması bir fakt idi. Bundan əvvəlki seçkilərdə beynəlxalq aləm müxalifətdə ciddi birlik, real güc görmədiyinə görə baş verənlərə sükutla yanaşırdı. Azərbaycanda həmişə saxtakarlığın miqyası geniş olub. Amma fərq ondandadır ki, bu dəfə Azərbaycanda yeni qüvvələr meydana çıxıb. Demokratik qüvvələr iqtidara ciddi müqavimət göstəriblər. Bu dəfə xalqın səsini qaldırması, ciddi fəalıq göstərməsi üzündən byenəlxalq aləmdən reaksiya sərt oldu. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli seçkini udub. Hazırda Azərbaycanın prezidenti Cəmil Həsənlidir. Biz artıq bunun təbliğatını aparmalıyıq.
“İlham Əliyev məhkəməyə verilməlidir”
– Milli Şuranın apardığı seçki kampaniyasını necə qiymətləndirirsiniz? Cəmil Həsənli üzərinə düşən vəzifənin öhdəsindən gələ bildimi?
– Aparılan kampaniyanı çox yüksək qiymətləndirirəm. Bu seçki təsdiq etdi ki, Azərbaycanın dünya səviyyəsində böyük siyasi lideri var. Cəmil Həsənli böyük siyasi liderdir. O, seçki kampaniyasını yüksək səviyyədə apardı. Cəmil Həsənlinin seçkidə yeddi rəqibi oldu. Hakimiyyət namizədi ilə yanaşı namizədliklərini irəli sürən bu şəxslər adlarını namizəd qoyublar, amma onların əsas məqsədi Cəmil Həsənliyə qarşı hücumların təşkil olunması idi. Amma aparılan siyasət, yürüdən əks-təbliğat heç bir nəticə vermədi. Hakimiyyət seçkini özüylə yanaşı irəli sürən namizədlərlə birlikdə uduzdular. Bir daha təsdiq olundu ki, Azərbaycan xalqına rəhbərlik edə biləcək siyasi lider var.
– ATƏT-in hesabatının ardınca Avropa Birliyi, ABŞ və Böyük Britaniyadan sərt seçki bəyanatları gəldi. Nüfuzlu beynəlxalq təşkilatların demək olar ki, hamısı seçkilərin azad və ədalətli keçirilmədiyini bəyan edirlər. Seçkilərin demokratikliyinin şübhə altına alınması hakimiyyətə beynəlxalq aləmdə legitimlik problemi yarada bilərmi?
– Əlbtdə. Beynəlxalq aləmin bu cür yanaşması hakimiyyətə mütləq legitimlik problemi yaratmalıdır. Bu legitimlik problemi ilə hakimiyyət gələcəkdə deyil, indidən üzləşəcək. Biz mübarizəmizi davam etməliyik. Ilham Əliyevin addımları ilə bağlı beynəlxalq məhkəməyə müracəit olunmalıdır. Biz mübarizə apararaq seçkilərin nəticələrini mütləq ləğv olunmasına nail olmalıyıq.
“Seçkilərin nəticələrini ləğv etməliyik”
– Milli Şuranın gələcək perspektivlərini necə dəyərləndirirsiniz. Milli Şura formatı demokratik düşərgənin möhkəm bir birliyi kimi seçki sınağından uğurla çıxdı. Bu formatla gələcək seçkilərdə də iştirak niyyəti varmı?
– Bu niyyətlər uzaq gələcəyə hesablanıb. Milli Şuranın demokratik qüvvələrin uğurlu bir birliyi kimi bələdiyyə və parlament seçkilərində iştirakı gələcəyin işidir. Amma biz hazırda baş verənlərə diqqət göstərməliyik. Milli Şurada cəmləşən demokratik qüvvələrin hazırda əsas vəzifəsi oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələrini ləğv etməkdir. Indidən bu seçkinin nəticələrini qoyaraq, başqa seçki haqqında düşünmək olmaz. Milli Şurada cəmləşən demokratik düşərgənin təmsilçiləri mübarizələrini indidən aparmalıdırlar. Milli Şura sona qədər mübarizə aparmalı və seçkilərin nəticələrini ləğv etməlidir.
– Milli Şura seçki saxtakarlığına etiraz məqsədilə silsilə etiraz aksiyalarının, mitinqlərin təşkilini planlaşdırır. Mitinqlərin artan xəttlə davam etməsi ölkədəki proseslərə necə təsir göstərə bilər? Postsovet ölkələrinin seçki saxtakarlığına qarşı mübarizə təcrübəsinə diqqət yetirsək avtoritar hakimiyyətə qarşı mübarizənin ən effektiv yollarından biri məhz vətəndaşların saxtakarlığa qarşı etirazının səfərbər olunmasından keçir. Artıq ilk aksiya reallaşdırıldı. Gözləntiləriniz nədir?
– Düşünürəm ki, Milli Şuranın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mitinqlər xalqın oyanmasına səbəb olacaq. Xalq artıq Azərbaycanın hazırkı hakimiyyətinə inamını itirib. Azərbaycan iqtidarı xalqı elə vəziyyətə qoyub ki, millət gələcəyə ümidsiz baxır. Azərbaycan daxilində vətəndaşların aktiv iştirakı ilə keçiriləcək etiraz mitinqləri, beynəlxalq aləmdə isə seçkilərin nəticələrinə bu cür mənfi yanaşma, xalqı mübarizəyə qaldırmalıdır. Bizim taleyimiz xalqın əlindədir. Xalq Azərbaycanın gələcəyini özü müəyyənləşdirməlidir.
Xəyal Şahinoğlu