Türk tarixinin və Islam dəyərlərinin bilicisi
Azərbaycanda 37-ci illər repressiyalarının qurbanı olan görkəmli ziyalılar sırasında yüzlərlə məşhur qələm sahibi var. Bunlar o şəxslərdir ki, həyatları boyunca həqiqi anlamda “qələmin müqəddəs vəzifəsini xalqa xidmət etmək”də görmüş, vətənçilik, millətçilik, dünyəvilik ideyalarını dönə-dönə təbliğ etmiş və öz əqidələrinin qurbanı olmuşlar. Belə dəyərli ziyalılardan biri də publisist, şair və maarifçi Əliabbas Müznib idi.
Əlabbas Mütəllibzadə Müznib 1881-ci ildə Bakıda doğulub. Ilk təhsilini mollaxanada alan Müznib sonra bir müddət rus-Azərbaycan məktəbində oxumuşdur. O, fars və rus dillərini, Türk tarixini və Islam dəyərlərinə dair geniş məlumatları şəxsi mütaliə yolu öyrənmiş, eyni zamanda bu mövzularda dövrünün bilgili şəxslərindən biri kimi tanınmışdır.
Onun imzasının məşhurlaşmağa başlaması bir çox yazıçı və şair müasirləri kimi 1905-ci ilin Rus qiyamından sonraya təsadüf edir. O, iti qələmi, üsyankar ruhu, milliyyətçi və Türkçü inancları ilə qısa zamanda ədəbi dairələrin diqqətini cəlb etmişdir. Ilk şeirlərini 1907-ci ildən başlayaraq “Təzə Həyat”, “Ittifaq”, “Zənbur”, “Səhabi saqib, ”Babayi-Əmir” və s. jurnallarda yayınlamış, peşəkar jurnalistlik fəaliyyəti ilə tanınmışdır.
Əliabbas Müznib özü 1910-ci ildə “Hilal” adlı qəzet çıxarmağa başlamışdır. Amma həddindən artıq tənqid və ifşa məqalələri ilə diqqəti çəkən qəzetin ilk sayı yayılmamış mətbəədə müsadirə olunmuşdur. Buna səbəb, Müznibin “Hökumət, ah bir insan yeyən qurd, Rəiyyətdə nə pul qoyar, nə bir yurd” misraları ilə başlayan şeiri olmuşdur. Ədibin rəsmi dairələrdən icazəsiz yayınladığı ikinci sayda isə Müznib milli gəncliyi öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazmışdır: “Namusu qatı, qarət etməklə qazanmaq olmaz, bəlkə hüquqi-vətən yolunda ölməklə olar. Görürsünüzmü, ata- babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul mənasında olmuş…” Beləliklə, “Hilal” 1911-ci ilin ilk aylarında bağlanır. Şairin yayınlamağa başladığı “Şihab-sağıb” dərgisinin də aqibəti eyni olur. 1911-ci ildə Müznib hökuməti tənqid edən yazılarına görə qısa müddətə həbs olunar və günahlandırılar. Bundan sonra isə o, çar hökuməti tərəfindən Sibirə ömürlük sürgün edilir.
Üsyankar şair Sibirdə də yazmaqdan qalmadı, burada yazdığı şeirləri də Bakıda çıxan mətbu orqanlarda nəşr etdirdi. O, “Hürriyyəti-bəşəriyyə” adlı ilk şeirlər kitabında yer alan şeirlərinin birində yazırdı:
Necə ucalmasın atəşi-ahımız,
Olub bəsteyi-zülm şəhr əhlimiz.
Necə çıxmasın naləmiz göylərə,
Müsibət yağar dəmadəm yerlərə.
“Dirilik” jurnalı və boğulan arzular
1913-cü ildə Romanovlar sülaləsinin 300-cü ildönümü qeyd olunduğu zaman Müznib də əfv olunaraq Bakıya qayıtdı. Ədib yenidən mətbuat və nəşriyyat aləminə atıldı. O,1914-cü ildə böyük qardaşı Əbülfəz Mütəllibzadənin adına “Dirilik” adlı bir məcmuə qurdu. Böyük öndər Məmməd Əmin Rəsulzadənin “Milli dirilik” adlı ardıcıl yazıları ilk dəfə bu jurnalın səhifələrində nəşr olunmuşdur. Azərbaycanda türkçülük ideyalarının yayılmasında Müznib və onun “Dirilik” jurnalı ətrafına yığdığı ədəbi qüvvələr əhəmiyyətli rol oynamışdır. 1915-ci ildə Müznib bu jurnalın səhifələrində Rus imperatoru I Pyotrun Türk-müsəlman düşmənliyi ilə dolu “Vəsiyyəti”ni nəşr etdikdən sonra, yenidən təqiblərə məruz qalar, çox keçməmiş onun bu jurnalı da bağlanır. Sonralar Müznib “Türkün səsi ”adlı bir qəzet çıxarmaq fikrinə düşsə də, rəsmi dairələrdən lazım olan izni ala bilmir.
Müznibin “Dirilik” jurnalını nəşr etməklə azərbaycanlılara türklük və islamlıq anlayışlarının geniş izahını vermək, həm milli, həm də dini dəyərləri təbliğ etmək istəyirdi. Görkəmli qələm sahibi jurnalın ilk sayında çıxan məqalələrində də qeyd edirdi ki, bu iki dəyər bir-birini tamamlayır, amma dini mənsubiyyətlə etnik mənsubiyyət eyni anlama malik deyil. Qələm sahibi bildirirdi ki, məntiqi baxımdan heç şübhəsiz ki, yalnız türklərin özlərini “islam milləti” adlandırılması yanlış fikirdir. Dünyada islam dinini qəbul edən onlarca millət var. Elə bu səbəbdən də, milləti mənsub olduğu dinin adı ilə çağırmaq böyük yanlışlıq olardı. Müznibin “Türk tarixi” kitabını yazmasında məqsədi də bu məsələlərə aydınlıq gətirmək idi.
Görkəmli ədib 1913-1917-ci illər arasında milli yayım sahəsində çalışır. Özü yazdığı əsərlərdən başqa, o, şərq və qərb ədəbiyyatından tərcümələr edər. Müznib bu illərdə öz əsərlərindən və tərcümələrindən ibarət olan onlarla kitab nəşr etdirir. Rus imperiyasının süqutundan sonra Müznib ədəbi və siyasi sahələrdə daha geniş fəaliyyət göstərir.
Millətimdən çəkmərəm əl, xarü- zar olsam da mən,
Dönmərəm əzmimdən hərgiz tarimar olsam da mən.
Sovet dövründə bir müddət 1920-1926 illəri arasında Müznib yenə mətbuatda çalışır. Amma burada ona hər zaman millətçiliklə bağlı yazdıqları irad tutulur və nəhayət, 1926-cı ildə o, erkən təqaüdə çıxmağa məcbur edilir. Türkçülük və milliyyətçilik ideyalarının tərəfdarı kimi Müznib sovet dövründə də, çar dövründə olduğu kimi təzyiqlərə məruz qalır. Bu günümüzə çatan dəyərli ədəbi irsi
Beləliklə, həyatının 20 ilini mətbuata həsr etmiş Müznib 1926-cı ildə 44 yaşında mətbuatdan ayrılır, siyasətdən tam uzaqlaşar və ədəbiyyat araşdırmaları ilə məşğul olur. 1927-1937-ci illər arasında o, XIX-XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət on kitab yayınlayır. Müznib bütün bu əsərləri özü yığıb toplamış, onlara geniş ön söz, bioqrafik məlumat və şərhlər əlavə etmişdi. Onun çox dəyərli əsərlərindən “Türk tarixi”, “Müxtəsər ənbiya və Islam tarixi”, “Yusif və Züleyxa” , “Tiran rolu”, “Nəsrəddin məzhəkələri”, “Aşıq Pəri və müasirləri” və s. kitablarını nümunə göstərmək olar.
Ə.Müznib eyni zamanda islam tarixi, onun peyğəmbəri ilə bağlı maraqlı əsərlər yazmışdır. Bu əsərlərin arasında onun Məhəmməd peyğəmbərə həsr etdiyi bir neçə şeir də yer alır:
Açıldı mehrin ilə çeşmi-iman, ya Rəsulullah,
Silindi nurun ilə qəlbi-əzan, ya Rəsulullah.
Bəşərsən, zahirən, lakin məqami-həqq məkanındır,
Lisani-xaliq aləmi həqiqətdə lisanındır.
Sən əvvəli-zati-məailsən ki, Quran mədhi-xanındır,
Bunu təsdiq edər Quranü Fürqan, ya Rəsulullah.
Nəhayət, 1937-ci ildə yenidən həbs olunan Müznib millətçilik və pantürkizmdə günahlandırılaraq ölüm cəzasına məhkum edildi. Sonralar arxiv materiallarından məlum olduğuna görə, istedadlı qələm sahibi, şair və ədəbiyyat mütəxəssisi Əli Abbas Müznib 27 avqust 1937-ci ildə güllələnmişdir.
1956-cı ildə o da bir çox günahsız repressiya qurbanları kimi bəraət aldı. Böyük yaradıcılıq irsinə malik Müznibin əsərləri bu günədək tam toplanıb nəşr olunmamış, yaradıcılığı tədqiq edilməmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir