BBC, «Guardian», «France24» kimi media orqanları seçki öncəsi ölkəmizdəki dözülməz durumdan bəhs edir
Azərbaycanda prezident seçkisinə bir gün qalmış dünyanın aparıcı media orqanları ölkəmizdə seçkiöncəsi durumdan, o cümlədən demokratiya və insan hüquqlarının vəziyyətindən yazır.
“Əliyevin diktatura yaratmaq meyli…”
Məsələn, dünyanın ən nüfuzlu mətbu orqanlarından sayılan Ingiltərənin “The Guardian” qəzeti ölkəmizlə bağlı materialı “Azərbaycanda seçki prosesi hakim sülaləyə qarşı korrupsiya ittihamlarıyla yadda qaldı” başlığıyla yayımlayıb. Məqalədə bildirilir ki, Qafqazın neftlə zəngin bu ölkəsində hazırkı dövlət başçısı Ilham Əliyev hakimiyyəti 2003-cü ildə atası – keçmiş “KQB” generalı, Azərbaycan Kommunist Partiyasının rəhbəri Heydər Əliyevdən miras alıb. Zəngin enerji ehtiyatları olan bu ölkənin rəhbərinin diktatura yaratmaq meyllərinə qarşı Qərb siyasətçiləri heç də sərt mövqe nümayiş etdirmirlər. Əvvəllər dağınıq hesab olunan Azərbaycan müxalifəti Milli Məclisin keçmiş üzvü, alim Cəmil Həsənlini prezidentliyə vahid namizəd seçərək, bu seçkiyə getdi. Seçkidə iştirak edən digər namizədlər əslində real iddiaçılar deyil, prezidentin razılığıyla bu prosesə qoşulub.
Cəmil Həsənli “Skype” vasitəsilə “The Guardian”a deyib ki, platformasının başlıca prinsipi vətəndaşların ləyaqətli həyat tərzini təmin etməkdir. O qeyd edib ki, 120 manat maaş alan müəllim normal həyat sürə bilərmi? Milli Şuranın prezidentliyə namizədi müsahibəsində onu da qeyd edib ki, ölkə korrupsiya içində boğulur. Bu işin başında isə Əliyev və onun ailəsi dayanır.
Sözügedən məqalədə ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Rebekka Vinsentin də fikirlərinə yer verilib. O bildirib ki, hazırda Azərbaycanda 142 nəfər siyasi məhbus var. Keçmiş diplomat qeyd edib ki, bu şəraitdə azad və ədalətli seçkilərin keçirilməsindən danışmaq çox çətindir.
“Əliyevlərin dövründə azad, ədalətli seçki keçirilməyib”
BBC isə ölkəmizlə bağlı materialı “Azərbaycanda prezident seçkiləri” başlığıyla yayımlayıb. Qeyd olunub ki, Azərbaycan müstəqil olandan bəri bu, ölkədə keçirilən 6-cı prezident seçkisidir.
“Əliyevlərin 20 illik hakimiyyəti dövründə Azərbaycanda azad, ədalətli, şəffaf seçki keçirilməyib.
Azərbaycanın iki əsas müxalifət partiyası bir təşkilatda birləşərək, vahid namizədlə seçkiyə gedir. Demokratik Qüvvələrin Milli Şurası adlanan bu təşkilatda AXCP və Müsavatla yanaşı, digər müxalif siyasi qüvvələr də təmsil olunur. Bu qurumun prezidentliyə vahid namizədi isə Cəmil Həsənlidir. Müxalif qüvvələri təmsil edən digər namizədlər Rüstəm Ibrahimbəyov və Ilqar Məmmədovun namizədliyi qeydə alınmadı. Rüstəm Ibrahimbəyovun ikili vətəndaşlığı əsas gətirilərək, o, seçkiyə buraxılmadı. Ilqar Məmmədov isə saxta ittihamlarla məsuliyyətə cəlb edilərək, həbsxanaya salınıb. Onun namizədliyi üçün yığılan imzalar etibarsız sayıldığından, qeydə alınmadı”, – deyə BBC qeyd edir.
Materialda o da qeyd olunur ki, Azərbaycan prezident respublikasıdır. Bu ölkədə hakimiyyət bütünlüklə bir şəxsin əlində cəmləşib: “Ilham Əliyevin əlində çox böyük media imkanları var. Bütün dövlət və özəl telekanallar Əliyevin sərəncamındadır. Bir telekanal istisna olmaqla, digərlərində namizədlərin çıxış etməsinə imkan verilmədi.
Hüquq müdafiəçiləri Azərbaycanda insan hüquq və azadlıqlarının pis olduğunu bildirirlər. Xeyli jurnalist, müxalif siyasi fəallar həbsdədir. Ölkədə 142 nəfər siyasi məhbusun olduğu bildirilir.
Britaniyanın “Senzura indeksi” təşkilatı Azərbaycan hakimiyyətini seçki ərəfəsində repressiyaları gücləndirməkdə ittiham edir. Bir neçə gün bundan əvvəl Avropa Birliyinin iki yüksək səviyyəli təmsilçisi bəyanatla çıxış edərək, Azərbaycanda siyasi fəalların, mətbuat təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələrinin həbsindən və ölkədə qorxu mühitinin yaradılmasından ciddi şəkildə narahat olduqlarını bildirdilər. Kifayət qədər şübhə doğuran ittihamlarla, insan hüquqlarına hörmət edilmədən həyata keçirilmiş həbslər və çıxarılmış məhkəmə hökmləri onların bəyanatında kəskin şəkildə pislənilirdi.
Müxalifət fəallarından biri bildirir ki, səslərin sayılması üçün on gün vaxt müəyyənləşdirilib. Bu isə nəticələrin saxtalaşdırılması üçün kifayət qədər böyük müddətdir”.
“Korrupsiyadan cana doymuş yerli əhali…”
“Frans-Press” agentliyi də Azərbaycanda seçkiqabağı vəziyyəti təhlil edib. Sözügedən material “France24″də ”Azərbaycanda seçki ərəfəsində repressiyalar” başlığıyla yayımlanıb. Bildirilir ki, Azərbaycan hakimiyyəti ölkəni çox sərt şəkildə idarə edir. Həbsdə olan “NIDA”çı fəal Zaur Qurbanlının anası Səkinə xanımın fikirlərinə də yer verilib:
“Səkinə Qurbanova deyir ki, oğlum hökumət əleyhinə çıxışlar etdiyinə görə ona 12 il həbs cəzası verilə bilər. Mənim oğlumu və digər gəncləri həbs etməkdə məqsəd cəmiyyətin gözünü qorxutmaqdır”.
Səkinə Qurbanova “frans-press”ə açıqlamasında onu da qeyd edib ki, Zaurun həbsinə görə narahatlıq keçirməklə yanaşı, fəxr edir ki, oğlu ölkədə korrupsiyaya qarşı, ədalət və demokratiya uğrunda mübarizə aparır.
Həmçinin hüquq müdafiəçilərinə istinadən qeyd olunur ki, hakimiyyət müxalif mövqedə dayanan insanlara qarşı repressiya siyasəti yürütməklə, onları susdurmağa çalışır: “Bu ilin əvvəllərində Azərbaycanda ciddi etiraz aksiyaları oldu. Onlardan birində korrupsiyadan cana doymuş yerli əhali Ismayıllı rayonunda kütləvi etiraz aksiyası keçirdi. Hakimiyyət öz növbəsində etiraz aksiyalarını yatırmaq üçün geniş şəkildə zorakılığa yol verib, xeyli sayda vətəndaşı həbs edib. Hakimiyyətin başlıca məqsədi müxalifətə qarşı repressiyalar vasitəsilə mövqeyini möhkəmləndirməkdir”.