“Vicdanı susdurmaq mümkün olsaydı, bu şeiri yazmazdım”
Ramaş: «Əsgər analarının göz yaşlarını görəndə özümü saxlaya bilmirəm»
Ramaş adlı reperi “Azadlıq”ın daimi oxucuları, eləcə də sosial şəbəkə istifadəçiləri yaxşı tanıyır. Bugünlərdə “facebook”da onun “Yuxu” adlı şeiri yayılmışdı. Təkcə qəzetimizin saytında həmin şeirə 60 minə yaxın ziyarətçi qulaq asıb. Bu şeirdə, adından da göründüyü kimi, şairin yuxuda prezidentə ölkədəki problemləri çatdırmasından bəhs olunur. “Yuxu” sosial şəbəkələrdə yayılan kimi Ramaşla görüşmək istədik. Onu tapmaq bir az çətin olsa da, nəhayət, cəhdimiz baş tutdu.
Ramaş Muxammed 1978-ci ildə Abşeronda anadan olub. 1999-cu ildən şeir yazır. Onunla söhbətimizə də elə “Yuxu”dan başladıq…
“Gənclərin yolu bağlanıb”
– “Yuxu” şeirin ictimaiyyət arasında geniş rezonans doğurdu. Necə oldu ki, bu şeir yarandı? Və ya bunu yazmağa səni nə vadar etdi?
– Şeir yazıram, rep deyirəm. Şair nə etməlidir? Hər şairin öz yolu var. Kimi məhəbbətdən yazır, kimi də başqa mövzulardan. Mən sosial problemləri görüb dayana bilmirəm. Ona görə də yazmaq qərarına gəldim. Cəmiyyətdə baş verənlərlə maraqlanıram. Hiss etdim ki, indi baş verənlər gənclər üçün xeyirli deyil. Əvvəl bəlkə də xeyirli cəhətlər var idi ölkədə, gənclər onu götürə bilərdi. Indi isə gənclərin yolu bağlanıb. Etirazımı bildirmək üçün “Yuxu”nu yazdım. Düşündüm ki, bəlkə Cənab Prezident bu şeiri doğrudan da eşidər.
– Səncə eşitdimi?
– Məcazi mənada desək, eşitməyib.
– Həqiqətənmi prezident sizin yuxunuza gəlmişdi?
– Mən bu barədə danışmaq istərdim, ancaq danışa bilməyəcəm.
– Niyə?
– Deyirlər, yuxunu danışmazlar.
– Belə başa düşdük ki, prezident yuxuda da olsa, qonağınız olub…
– Hə, olub. Sonra bunu fantaziyalarıma uyğun şəklə saldım. Həqiqətən “Yuxu” şeirinin yazılması yuxudan olub.
“Bizdə nifrət var”
– “Yuxu”da yazdığın problemləri özün də yaşamısan?
– Hamı kimi mənim də problemlərim var. Mənim problemim yemək-içmək, iş deyil. Indi demək olar ki, iş yoxdur. Yavaş-yavaş düzələr. Problem bu deyil. Problem haqsızlıq, ədalətsizlikdir. Insanların bir-birinə olmayan məhəbbətidir. Insanlar bir-birinə sanki düşməndir, sevgi yoxdur. Indi bir insan ölürsə, qarşısındakı ona sanki toyuq-cücə ölürmüş kimi yanaşır. Belə bir vəziyyət gördüyümə görə bunu yazmışam. Əsas işsizlik deyil. Düzdür, şeirdə işsizlikdən dəm vurmuşam. Bütün ölkələrdə işsizlik ola bilər. Ideal ölkə yoxdur. Sadəcə, bizdə nifrət var.
– Bu nədən qaynaqlanır?
– Indi kiməsə deyilmir ki, gəl, məni təriflə. Sadəcə, elə bir vəziyyətə gətirib çıxarıblar ki, o insan ya məcbur olub məddahlıq etməlidir, halbuki, təriflədiyi adam buna layiq deyil, ya da üsyan etməlidir. Insanlar haqqı görüb gizlətməməlidir. Mən də nə görmüşəmsə, onu yazmışam. Yazdıqlarım da həqiqətdir. Gördüyümü, bildiyimi yazıram. Ümid edək ki, ədalət bərpa olunacaq. Heç kim haqq sözü eşitməkdən qorxmasın. Mən nəyi görürəm? Əsgər ölümlərini, sosial problemləri, cəmiyyətin bugünkü durumunu…
Əsgər ölümləri bizim ən yaralı yerimizdir. Əsgər analarının göz yaşlarını görəndə özümü saxlaya bilmirəm. Məhz buna görə də əsgər ölümlərilə bağlı aksiyalarda olmuşam. Bu, mənim vətəndaş kimi borcumdur.
– “Yuxu” şeirindən sonra sizə təzyiqlər oldumu?
– Hələ ki, təzyiq yoxdur. Işlər əvvəlki kimi gedir.
– Yəqin eşitmisiz, bir neçə ay əvvəl “Susma” marşını ifa edən “Şeron” qrupu müəyyən problemlər yaşadı…
– Hər bir insan içindən gələni deyir. Mənim də içimdən bu gəlir və bunu yazmışam. Bunu öz kefimdən, populyarlıq üçün yazmamışam. Haqq da Allahdandır. “Əl-Bəqərə” surəsində belə bir ayə var: haqqa nahaqdan don geydirmə, haqqı gizlətmə. Mən bunu əsas tutaraq etmişəm. Hər kəs axirətdə etdiyi əməllərə görə cavab verəcək. Bu gün bunu deyib, sabah dana bilmərəm.
“Haqqı deyirik, ona görə qapılar üzümüzə bağlıdır”
– Deməli, bu şeiri yazanda hər şeyə hazır olmusan?
– Biz hamımız elə bir məkanda, zamanda yaşayırıq ki, baş verənlər göz önündədir. Yazmışamsa, əlbəttə ki, bunları göz önünə gətirmişəm. Vicdanı susdurmaq mümkün olsaydı, susdurardım, yazmazdım. Susdura bilmədim, bacarmadım, ona görə də yazdım.
– Bu cür şeirləri, repləri davamlı yazmaq fikriniz varmı?
– “Yuxu”da da qeyd etdiyim kimi, sadə bir vətəndaş olaraq, bütün bunları – gördüyümü yazmışam. Hücuma keçmək, bununla özümə nəyisə qazandırmaq fikrim yoxdur. Mənim fikrim sözümü deməkdir. Hər bir şeirim, repim tənqidi mövzuda olur. Ancaq bu tənqid şər-böhtan deyil. Olduğu kimi qeyd edirəm. Ölkədə gedən inkişafı da görürəm, inkişafsızlığı da. Yəni, heç birini kənara atmaq fikrim yoxdur. Insanların bir-birinə sevgi-məhəbbəti qalmayıb, yadlaşıblar. Indiki zamanə məcbur edir ki, sovet dövrünü tərifləyək.
Bir daha təkrar edirəm, söhbət maaşdan, işdən getmir. O vaxt doğrudan da insalarda sevgi vardı, bir-birinin dərdlərilə maraqlanırdılar. Indi yolda biri ölsə, ona yaxın durmayacaqlar. Ona görə ki, polis ondan 6 ay izahat istəyəcək. Bu gedişat məni narahat edir. Heç kim acından ölmür, elə mən də acından ölmürəm. Mənim imkanlı şəxslər kimi yaşamaq iddiam yoxdur. Istəyirəm ki, insanlar bir-birinə hörmət etsinlər, təhqir etməsinlər. Indi kimsə bir başqasının ayağını tapdayanda, dərhal aqressiv reaksiya verir.
– Rep azad sözdür. Azərbaycanda azad söz varmı?
– Azad söz Azərbaycanda qismən var. Mən “Yuxu”nu yazmışamsa, deməli, azad olaraq yazmışam. Azad sözün olmağını qismən qəbul edirəm. Çünki bu azad sözü deyən insanların sonradan təqiblərə məruz qalması, qəbul edilməməsi də var. Azad söz kimlərinsə həyatının təhlükə altına atılması fonunda var. Azad söz deyilir, ancaq bəyənilmir. Düz söz deyiləndə sanki kimisə söyürsən. Istəyirəm ki, azadlıq sözün əsl mənasında olsun. Rep azadlıqdır. Bu gün telekanallar reperlərin üzünə bağlıdır. Telekanala çıxmaq üçün ya yalvarmalıyıq, ya da pul verməliyik. Pul yoxdur, dəvət də etmirlər. Televiziyalara eşidilməyən söz maraqlı deyil, onlara eşidilən söz maraqlıdır. Bir sözlə hamı necə, sən də elə. Biz isə ədalətsizliyə dözmürük, haqqı deyirik. Buna görə də qapılar üzümüzə bağlıdır. Internet televiziyaları bizə yer ayırsaydı, əla olardı.
“Cəmil Həsənlinin debatlarda səsləndirdiyi fikirlər doğrudur”
– “Yuxu”dan başqa hansı şeirləriniz var?
– Şeirlərim çoxdur. Nə vaxtsa kitab halında çap da edə bilərəm. Indi işim şeirlərimi ritmin üzərində yaymaqdır. Hazırda gənclərə kitab, qəzet ağır gəlir. Yaxın durmurlar. Daha çox audio, video, sosial şəbəkələrdə qulaq asmağı sevirlər. Mən də buna uyğun, zəmanə ilə ayaqlaşıb hərəkət edirəm. Rep də yazıram. Şən mövzuda da bir neçə repim var. Bu cür replərim də tənqidi mövzudadır. Ədalətli tənqiddən söhbət gedir. “Taksi” adlı repim var. Burada söhbət maşınları soyan gənclərlə bir sürücünün dialoqundan gedir. Bundan başqa, “Ay rəis” adlı repdə gəncliyində avaralıq edən bir sürücü ilə keçmişdə polis işçisinin dialoqundan bəhs olunur, onlar ötən illəri xatırlayırlar. “Padşah” repi isə bir az aqressivdir. Orada belə bir misra var:
Məni bir günlük padşah qoysalar,
Bilirsinizmi nələr edərdim?
Əzab içində yaşayan millətin,
Ömrünə yenidən əzab verərdim.
Flora Kərimova ilə duetim var. “Ey dünya” adlanan bu musiqi “Anacan” adıyla məşhurdur. Yəni, replərim, şeirlərim çoxdur.
– Mətbuatı, ictimai-siyasi prosesləri izləyirsənmi? Məsələn, seçki debatlarına baxırdın?
– Çox istəyirdim ki, Cənab Prezident o debatda iştirak etsin. Onun iştirakı insanlara çox şeyi açıb göstərərdi. Çox təəssüf ki, bu olmadı. Cəmil Həsənli istisna olmaqla, debatda iştirak edən digərləri gənclər üçün maraqlı bir şey danışmadı.
– Bəs Cəmil Həsənli haqda qənaətin necə oldu?
– Cəmil Həsənli tarixçidir, böyük insandı, hörmətim var. Ziyalılarımızın fəallığı sovet hökumətinin yıxılmağında böyük rol oynadı. Bu gün ziyalıların ortada olmaması yəqin ki, baş verənləri sürətləndirir, genişləndirir. Istisnalar arasında Cəmil Həsənli kimi ziyalılar da var. Əlbəttə ki, onun debatlarda səsləndirdiyi fikirlər doğrudur.
Cəmil Həsənli haqda kifayət qədər məlumatım var. Ədalətsizliyin hər tərəfi bürüdüyü bir zamanda haqsızlığı məhz bu cür ifadə etməli idi.
“İnsan aciz qalanda, deməyə sözü olmayanda təhqirə keçir”
– Debatlarda Cəmil Həsənliyə qarşı baş verənləri də yəqin ki, gördün…
– Bu acizlikdir. Heç bir halda, insanın ailəsinə, şəxsi həyatına qarışmaq olmaz. Istər seçki, istərsə də başqa şey olsun. Bu, olmalı deyildi. Insan aciz qalanda, deməyə sözü olmayanda söyüşə, təhqirə keçir.
– Milli Şuranın mitinqlərində iştirak etdinizmi?
– Icazəli mitinqlərin demək olar ki, hamısında iştirak etmişəm. Bir gənc kimi, ölkədə baş verənlər məni də maraqlandırır.
– Cəmil Həsənli haqda şeir, yaxud rep yazmaq fikriniz var?
– Mənim ümumiyyətlə fərdlər haqda heç vaxt şeirim olmayıb. Tərif yazmıram. Cəmil Həsənli prezident olarsa, verdiyi vədlərlə etdiyi əməl düz olmazsa, azadlığımızı məhdudlaşdırarsa, onda yazaram. Indi onun haqqında yazsam, yalnız tərif yaza bilərəm. Bu da mənim işim deyil. Bu insana uğurlar diləyə bilərəm.
Vidadi Məmmədov,
Ramin Deko