Korrupsiya faktları ilə bağlı açıqlamalar oliqarxları hiddətləndirib
Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyevi hakimiyyətdə qarışıqlıq yaradıb. Xatırladaq ki, Kamran Əliyev oktyabrın 3-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə edib.
Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq-mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “Azərenerji”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlıdır.
Kamran Əliyevin bu açıqlamasını demək olar ki, bütün media orqanları yaymışdı.
Sonradan Baş Prokurorluq Vergilər Nazirliyi ilə bağlı səsləndirilən fikirləri təkzib etdi. “Azadlıq”ın ötən sayında bunun səbəbləri barədə yazmışdıq. Bildirmişdik ki, Fazil Məmmədovun baş nazir postuna təyinatı ilə bağlı planlar var. Və belə ərəfədə Kamran Əliyevin məlum açıqlaması “yuxarılar”da hiddət doğurub. Baş prokuror Zakir Qaralova ciddi irad tutulub. O da deyilənləri təkzib etmək məcburiyyətində qalıb.
Lakin bu addım adı hallanan digər qurumların rəhbərlərini, Kərəm Həsənov, Etibar Pirverdiyev, Oqtay Şirəliyev, Ziya Məmmədov, Ramil Usubov, Eldar Mahmudovu hiddətləndirib. Onsuz da adıçəkilən məmurlar ilk gündən Kamran Əliyevin açıqlamasından narazılıq ediblər. Lakin Vergilər Nazirliyinin adının çıxarılması həmin məmurlarda bu açıqlamaların sifariş olduğu qənaətini yaradıb. Məlumatlara görə, hazırda hakimiyyət dəhlizlərində yalnız bu məsələ müzakirə mövzusudur. Adıçəkilən məmurlar bu məsələdə Zakir Qaralovu təqsirkar bilirlər.
Beləliklə də baş prokuror iri fiqurların hədəfinə gəlib.
Azad