Ötən ilin bir avqust günü məşhur Amerika yazıçısı Qor Vidalın vəfat etdiyi xəbəri yayıldı. 86 yaşlı Vidal haqqında o günlərdə internet üzərindən axtarıb oxuduqlarımı indi – aradan bir ildən də çox vaxt keçəndən sonra xatırlamağımın səbəbi var.
Təzəlikcə bizim anti-ədəbiyyat qurumu – Yazıçılar Birliyi, qeyri-rəsmi “Ədəbiyyat Nazirliyi” funksiyasını yerinə yetirən bu sovetdənqalma ittifaq yekdilliklə Ilham Əliyevi dəstəklədiyini bəyan etdi. Ki, zatən bunda təəccüblənməli heç nə yoxdur. Onun yaradılış fəlsəfəsi məhz “ədəbiyyatı partiya və hökumət işi”nin vintciyinə və təkərciyinə çevirmək missiyası üzərində formalaşıb.
Bəs AYB-nin öz mahiyyətinə, ənənələrinə uyğun qərarı niyə mənə Qor Vidalı xatırlatdı? Izah edim.
Vidal ABŞ-ın son çağlardakı ən müxalif romançısı sayılırdı. O, həyatı boyu bir çox nüfuzlu ödüllər qazanmışdı. Bununla belə, ona Nobel mükafatı verilməməsini haqsızlıq kimi qiymətləndirənlər az deyil.
Vidal özünü ictimai və siyasi proseslərdən kənarda təsəvvür etməyən yazıçı sadəcə, öz hücrəsinə çəkilib əsərlərini yazmaqla kifayətlənmirdi. Cari məsələlərə, gündəlik qayğılara münasibət bildirmək, onlara dair mövqe sərgiləmək, həm də vicdanlı, dürüst sərgiləmək onun üçün çox önəmli idi. Mətbuatda ardıcıl çıxışlar edirdi, köşə yazıları yazırdı və bu zaman hökumətləri, siyasətçiləri ən amansız dildə ələşdirirdi. Vyetnamdan Iraqa qədər ölkəsinin qatıldığı bütün müharibələrə üsyan edən, buna görə ABŞ rəhbərliyini yerdən-yerə vuran Vidal üçün həqiqət və ədalət duyğusu hər şeydən öndə gəlirdi, hətta ABŞ-ın ən strateji maraqlarından da!
Buna görə onu ittiham etmək, “vətən xaini” çıxarmaq, “Səddam Hüseynin dəyirmanına su tökmək”, “Əl-Qaidə”yə işləmək isə heç kimin ağlına gəlmirdi. Əksinə, Amerika toplumunda Vidala böyük sayğı vardı.
Amerikan militarizminin bir nömrəli düşməni sayılan Vidalın bütün ömrü və yaradıcılığı məhz zorakılıqlara, qəsbkarlıqlara və insanlığa qarşı olan digər bütün cinayətlərə qarşı nifrət ruhuna köklənmişdi.
Bütün köhnə modalara qarşı çıxan Vidal hər zaman modern bir həyat tərzini müdafiə edirdi.
Ölümünün yalnız ölkəsində deyil, dünyanın bir çox yerlərində üzüntü ilə qarşılanmasının gerçək səbəbi də bu idi.
***
Beləliklə, Vidalla bizim psevdo ədəbiyyat yığınını müqayisə edəndə ortaya çıxan nəticələr çox açıqdır.
BIR: yazıçı öz ölkəsinin və xalqının, bütövlükdə isə bəşəriyyətin taleyindən narahat olmağa məhkumdur, bu narahatlığını ən amansız dildə ifadə etmək onun borcudur. Müxaliflik yazıçı təbiətinin bir parçasıdır, onsuz yazıçı bitkin və bütöv ola bilməz.
IKI: yazıçı milli buxovlardan deyil, bəşəri dəyərlərdən çıxış etdikdə böyükdür. Onun geriçiliklə yenilikçilik, keçmişlə çağdaşlıq arasında seçimləri ikincidən yana olduqda o, ədəbiyyatın da, insanlığın da taleyində önəmli, dəyərli bir yerə sahib olmağı bacarır.
ÜÇ: “yazıçının inqilabi borcu yalnız yaxşı yazmaqdan” (Markes) ibarət ola bilməz, yazıçının inqilabi borcu həm də həqiqəti yazmaqdır. Həqiqəti yazmaq da kifayət deyil, həqiqəti yaşamaq da lazımdır, yalnız yazı masası arxasında deyil, həyatının hər anında həqiqətin mövqeyindən çıxış etmək şərtdir. Ədəbiyyatda həqiqət carçısı kimi çıxış edib həyatda yalan maşınının bir vintinə çevrilənlər heç vaxt uğur və hörmət qazana bilməzlər.
DÖRD: Yazıçı, bəşəri dəyərlərə, insanlığa yad, yabançı düşüncələrə və fərdlərə aid olduğu xalqa mənsubluq prinsipindən yanaşa bilməz. Məsələn, öz ölkəsinin diktatorunu başqa ölkənin demokratından üstün tutduqda, “filan dəyər yalnız ona görə qiymətlidir, filankəs isə ona görə əziz və doğmadır ki, o mənim millətimə məxsusdur, millidir” düşüncəsi ilə davrandıqda o, nəinki ədəbi simasını, bütünlükdə insani sifətlərini itirir.
BEŞ: 80 yaşında belə, ağıl və ruh olaraq gənc qalmaq, 30 yaşda isə mənən qocalmaq, kaftarlaşmaq, daxili köləyə çevrilmək olar. Buna hər zaman insanlar, o cümlədən yazıçılar özləri qərar verirlər.
***
Ölkəmiz üçün Xeyirlə Şər arasında, həqiqətlə yalan, haqla nahaq, keçmişlə gələcək, köhnəliklə çağdaşlıq arasında seçim etmək zamanının yetişdiyi bu günlərdə Qor Vidalın bu həyat və ədəbiyyat dərslərindən öyrənməli, bir çoxlarının hətta utanmalı, qulağının dibinədək qızarmalı olduğu çox şeylər var.