Əslində bu 20 ildə o qədər hadisələr olub ki, təəccüblənməyi də yadırğamışıq. Amma nə etmək olar? Siyasət siyasətdir və biz də onu təhlil etmək, araşdırmaq məcburiyyətindəyik.
Qərəz, tanınmış müxalifətçilərdən birinin öz partiyasından və Milli Şuradan istefa verməsinə münasibət müxtəlif oldu. Amma burada bəlkə də ən başlıcası müxalifət partiyalarının liderlərinin özlərinin münasibəti idi, çünki digər cinahın məsələyə münasibətini proqnozlaşdırmaq elə də çətin deyildi, aydın idi ki, hakim partiya və ona yaxın olanlar bu hadisədən dərhal təbliğat üçün faydalanmağa çalışacaqdılar.
Müxalifət liderlərinə gəldikdə isə, onlar baş vermiş olaydan təəssüfləndiklərini bildirsələr də, hər halda ortalıqda bir pərtlik və həm də təəccüb vardı, böyük ehtimalla onlar bu istefanı, özü də indiki məqamda gözləmirdilər.
Amma maraqlısı nədir? Demək olar ki, hər böyük seçki ərəfəsində müxalifətdən istefalar olur. Əgər bu istefalar siyasətin aşağı yarusundan olsaydı bəlkə onlara heç əhəmiyyət verməmək də olardı, fəqət, istefaların ən yuxarı eşelondan baş verdiyini etiraf etmək məcburiyyətindəyik.
Burada ən çox diqqət çəkən məsələ istefa üçün seçilmiş məqamdır. Niyə görə onlar üçün məhz seçki dövrü seçilir? Hətta elə olur ki, kənar adam bu istefaların bir işarə ilə baş verdiyini düşünmək məcburiyyətində qalır. O səbəbdən də suallar yaranır.
Əcəba, nə baş verir? Bəlkə seçkilər vaxtı hakimiyyət və müxalifət haqqında elə şeylər deyilir ki, müxalifətçilər təmsil olunduqları qurumlara yenidən nəzər salmalı olurlar? Çətin sualdır.
Ona görə ki, 20 il ötsə də müxalifətin liderlik pilləsində elə adamlar təmsil olunub ki, onlar siyasətdə heç də yeni deyillər, bu vaxta qədər nələrin baş verdiyini, ən əsası, indi nələrin cərəyan etdiyini gözəl bilirlər. Bəs onda nə olub?
Niyə hətta əski hərəkatçılar belə öz siyasi talelərinə aydınlıq gətirmək üçün seçki dövrünü seçirlər? Başqa bir vaxt onların istefası bəlkə də tamam diqqətdən kənarda qalardı.
Deməli, istefa üçün məqam bilərəkdən seçilir. Ona görə də belə bir deyimi xatırlatmağa məcburuq ki, təsadüfən hətta ot da göyərmir, onda qala ki, düz 25 il siyasi təcrübəsi olan hərəkatçının öz partiyasından istefası ola.
Idealizm çəkilir?
Bəlkə də belə olayların baş verməsinin ən birinci səbəbi odur ki, müxalifətçilik dövrü mümkün olandan çox uzandı, insanların səbri tükəndi. Düzdür, burada belə bir faktı xatırlaya bilərik ki, N.Mandela nəinki 20 il müxalifətdə, hətta 27 il həbsdə olmuşdu.
Amma insanların heç də hamısı idealist deyil. Üstəlik, zaman keçdikcə hətta ən idealistlər belə öz mövqelərinə təzədən baxmalı olurlar. 20 il müxalifətçilik etmək o qədər də asan məsələ deyil, xüsusən də nəzəra alanda ki, bu, adi müxalifətçilik olmayıb – bu yolda həbslər də olub, sarsıntılar da.
Əgər müxalifətə bu illər ərzində azacıq da olsa şans verilsəydi, onlar heç olmasa real siyasətin bir qədər aşağı pilləsində – parlamentdə, bələdiyyələrdə təmsil olunsaydılar bu proses bəlkə də indiki qədər ağrılı keçməzdi.
Amma proses çox uzandı və hərə bu prosesdən özü üçün bir qurtuluş yolu seçdi. Iş o yerə gəlib çıxdı ki, hətta bəzi siyasət adamları sonuncu addımı atmaq – öz siyasi mövqelərindən, siyasi postlarından və imiclərindən sonuncu dəfə yararlanmaq fikrinə düşdülər.
Təsadüfən hətta ot da göyərmir
Kimsə iddia edə bilər ki, vaxtın seçki dövrünə düşməsi adi bir təsadüfdür. Amma siyasətə az-çox bələdçiliyi olanlar bilir ki, belə məsələlər partiyalarda başqa cür həll olunur. Adətən partiyalar üçün həlledici, mühüm məqamlarda daha çox ona cəhd edilir ki, kiminsə özü ilə bağlı siyasi qərarı ümumi işə təsir etməsin, partiyanın siyasi qərarlarına ziyan gətirməsin.
Bu, siyasətin, necə deyərlər, əlifbasıdır, onun yazılmamış qanunudur və bir qayda olaraq özləri ilə bağlı qərarları özləri qəbul edən adamlar bunu nəzərə alırlar, onlar öz siyasi qərarlarını partiyalarının qərarı ilə uzlaşdırırlar ki, kiminsə istefa verməsi və yaxud da başqa partiyaya keçməsi ümumi işə ziyan vurmasın.
Ona görə də kimsə istefa üçün və yaxud da siyasi transfer üçün öz partiyası üçün ən məsuliyyətli anları seçirsə o, irəlicədən bunun siyasi nəticələrini də ətraflı şəkildə düşünür.
Üstəlik, on adamdan bəlkə də biri bunu adi səbəblərdən -inciklik və ya başqa bir səbəbdən edə bilər. Elə bu səbəbdən şübhə yoxdur ki, belə transferlərin əksəriyyəti irəlicədən ciddi şəkildə düşünülmüş addım kimi hesablanır.
Ona görə də yazının əvvəlindəki məsələyə qayıdırıq ki, təsadüfdən hətta ot da göyərmir. Üstəlik, o yerdə ki, insanlar biri-birini hələ tanıyıb qurtarmayıb o, yerdə, ümumiyyətlə, ot göyərmir. Ən azı ona görə ki, 25 il heç də az vaxt deyil, əsrin dörddən biri deməkdir.