AXCP Gənclər Komitəsinin Cəmil Həsənli ilə təşkil etdiyi görüşə stajlı təxribatçılar göndərildi
Dünən – oktyabrın 6-da Cəmil Həsənlinin “Bakı” kinoteatrında gənclərlə görüşü keçirilib. Görüşə gələn 100-ə yaxın gənc tədbirə buraxılmayıb. 30 nəfərə yaxın xarici mətbuat nümayəndəsinin də tədbirə keçməsinə icazə verilmədi. Daha sonra bu hərəkətlərin səbəbi məlum oldu.
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi Daxili Işlər Nazirliyindən Orxan Mansurzadə ilə əlaqə saxlayıb polisin təxribatçıların hərəkətlərinə seyrçi qalması, bəzi hallarda onlarla bir olması barədə məlumat verdi. Bunun dayandırılmasını istədi.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı çıxış edərək bildirdi: “Cəmil Həsənli Azərbaycanın bütün gənc nəslinin namizədidir. ADNA da terror baş verdi, gənclərin qanı qurumamış Ilham Əliyev getdi atasının gül bayramın qeyd elədi. 400-500 min gənc ailə kirayədə yaşadığı vaxt Ilham Əliyevin oğlu Dubayda 75 milyonluq mülkə sahib oldu. Ən kiçik, ən az gəlirləri olan Kənd Təsərrüfatı Nazirliyidir. Amma kənd təsərrüfatı nazirinin oğlu Londonda 2 milyonluq mülkə sahibdir, amma biz kirayədə yaşayırıq. Biz meydanda əsgər ölümünə etiraz edəndə Ilham Əliyev bizi ”antimilli ünsür” adlandırdı, amma Cəmil Həsənli “ey gözü yaşlı əsgər anaları” dedi”. Bu vaxt bir neçə təxribatçı zalda səs-küy salmağa başladı və qarşıdurma şiddətləndi. Yalnız bu vaxt polislər hadisəyə müdaxilə edib onları zaldan çıxardılar.
AXCP Gənclər Komitəsinin sədr müavini Ilham Hüseyn çıxışında hakimiyyətin saxtakarlığa, gənclərin isə seçkiyə getdiyini dedi: “Biz qalibiyyətə məhkumuq, onlar saxtakarlığa. Bu saxtakarlıq bizi ruhdan salmamalıdır. Biz bu mübarizəni oğurlanmış səslərimizi alana qədər, hüquqlarımızı bərpa edənə qədər davam edəcəyik. Biz Cəmil Həsənli ilə davam edəcəyik. Bizim bir namizədimiz var. 9 nəfərin şəklinə səs verməkdənsə, bir nəfərin özünə səs vermək məqbuldur. Bu missiyanı davam etməsək, yaxınlarımıza, doğmalarımıza xəyanət edəcəyik. Hafiz Hacıyevə, Araz Əlizadəyə, Qüdrət Həsənquliyevə sağ ol deyirəm ki, hakimiyyətin Cəmil Həsənliyə qarşı ortaya qoyduğu məhsulu göstərdilər. Insanlar zay məhsulla qidalanmaq istəmirlər. Siz 1 nəfərin 9 namizədinə yox, 9 milyonun bir hissəsi olan Cəmil Həsənliyə səs verin”.
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli bildirdi ki, bir zaman Azərbaycan gəncliyi ayağa qalxdı. Sovetlərə qarşı döyüşdü, müstəqil olduq, indi avtoritarizmin zirvədə olduğu bir zamanda Azərbaycan gəncliyi azadlıq deməlidir. “Cəmil Həsənli yaşlı olsa da gənclərin namizədidir. Onun şüarı ”bəsdir”. Oğurluğa, cinayətlərə, azadlıqları boğmağa, sərbəst toplaşmaq azadlığını ləğv etməyə, Qarabağ qazilərinə qayğı göstərməməyə, bütün insanlığa qarşı cinayətlərə bəsdir deyək. Avtoritarizmə qarşı mübarizə insanlara müsibətlər gətirib, amma onlar başlarını uca tutub gəzə biliblər ki, onlar mübariz aparıblar”.
Yenidən yaşlı şəxslər zalda mübahisə yaratdılar və tədbir iştirakçıları onları sakitləşdirib “Ilham, rədd ol” şüarları ilə zaldan uzaqlaşdırdılar. Polis əməkdaşları zala çağırılsa da, gəlmədilər.
Növbəti çıxışçı Ibrahim Ibrahimli qeyd etdi ki, xeyirlə-şər arasında gedən mübarizədə gənclər qalib gəldi: “Təxribatçıları içəri buraxıblar, bizim adamları içəri buraxmayıblar. Onlar düşünürdülər ki, zalı öz adamları ilə doldurub sonra zaldan çıxarmaqla zal boş qalacaq. Amma buna nail olmadılar. Azərbaycanda demokratiyaya sizin gücünüzlə nail olacağıq. Cəmil Həsənli Azrbaycanda haqq tarixini yazır. Sizlər haqqın, ədalətin, vicdanın yolunda olanlarsınız”.
“Azad Gənclik” Təşkilatının üzvü Məcid Mərcanlı bildirdi ki, 1 saatdan çoxdur gənclər kinoteatrın qarşısında gözləyirlər, amma onları içəri buraxmırlar. “Ən gənc siyasi məhbus Azərbaycandadır. Azərbaycan siyasi məhbuslarla bağlı ilk onluğa düşüb. Azərbaycan hakimiyyəti 500 nəfərlik zalda Cəmil Həsənlinin gənclərlə görüşünə dözə bilmir. Bu hakimiyyət necə güclüdür ki, ikinci qrup əlil məhbusa zorla məktub yazdırıb ki, guya onu dəstəkləyir. Gəncədə görüş olanda dedilər ki, universitetin qapısını bağlayıblar ki, heç kim görüşə getməsin. Bu qorxu deyil, nədir?! Mağara düşüncəli insanlar gənclərlə mübarizədə uduzmağa məhkumdurlar”.
AXCP sədrinin müavini Gözəl Bayramlı dedi: “Cəmil Həsənlinin adından sizə təşəkkürümü bildirirəm. Cəmil müəllim Sumqayıtda görüşdə idi, o dedi ki, bu görüşə çata bilməyəcək. O sizdən üzr istədi və bildirdi ki, Azərbaycan gəncləri mübarizənin önündədirlər”. G.Bayramlı əlavə etdi ki, zala keçmək istəyən gənclər içəri buraxılmadılar. “Amma onlar Azərbaycan gəncliyinin qarşısında aciz qaldılar. Gənclər onları zaldan qovub çıxardı. Gənclər Ilham Əliyevi də bu ölkədən qovub çıxaracaq. Ilham Əliyev eşitsin, gəncliyin mübarizəsi qarşısında Əliyev diktaturası tab gətirə bilməyəcək. Ilham Əliyev gənclikdən qorxur və qorxmalıdır. Bu gənclərin üzərində böyük vəzifə var. Onlar Azərbaycana demokratiya gətirəcək. Mən əminəm ki, bu məqsədə nail olacağıq. Yaşasın Azərbaycan gəncliyi, yaşasın Azərbaycanın mübariz oğul və qızları”.
Sevinc Vaqifqızı