“Millət iradə göstərib, sülalə hakimiyyətinə son qoymalıdır”
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin ötən gün Sumqayıtda seçicilərlə növbəti görüşü oldu.
Təhükəsizlik adıyla seçicilərə nəzarət…
Görüş şəhərin “Nizami” mədəniyyət klubunda ÿbaş tutdu. Saat 16:00-a planlaşdırılan mitinq bir az gec başladı. Səbəb isə yenə də hökumətin müəyyən vasitələrlə görüşə gələnlərin qarşısını alması idi. Belə ki, tədbirdə iştirak etmək istəyənlərin sayı çox olduğu üçün zal dolan kimi içəriyə heç kimin buraxmadılar. Bu da narazılığa səbəb oldu.
Sumqayıt Rayon Icra Hakimiyyəti və Şəhər Polis Idarəsi tədbirə ciddi şəkildə hazırlaşmışdılar. Mülki geyimlilər görüşə qatılanların bir-bir fotolarını çəkir, kamerayla ərazini lentə alırdılar. Polislər isə təhlükəsizliyi təmin etmək adıyla seçicilərin üst-başını bir neçə dəfə yoxlayırdılar. Bu azmış kimi idarənin arxasında avtobusların biri polislərlə doldurulmuşdu. Əvvəlki görüşlərdə olduğu kimi təxribatçılar da az deyildi. Onların məqsədi isə Cəmil Həsənli zala daxil olanda və yaxud çıxışlardan sonra tribunaya yaxınlaşaraq çıxış etmək idi. Ancaq onların bu niyyətlərinin heç biri baş tutmadı. Yalnız mülki geyimdə olan bir neçə şəxs kamera və fotoapartlarla içəridə çəkiliş aparırdı. Tədbirin təşkilatçıları bir neçə dəfə polislərdən onların zaldan çıxarılmasını tələb etsə də asayiş keşikçiləri buna məhəl qoymadılar.
“İlham Əliyev özünü xalqın üzərində ağa kimi hiss etdi, xalqa rəiyyət kimi baxdı”
Tədbir təyin edilən vaxtdan 15-20 dəqiqə sonra başladı. Cəmil Həsənlini müşayiət edən AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbərin zala daxıl olması seçicilərin coşqusu ilə qarşılandı.
Görüş Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Tədbiri Milli Şura üzvü Vəfa Cümşüdlü aparırdı. O, zala toplaşanları salamlayaraq bir neçə dəfə hüquq mühafizə orqanları əməkdaşlarına səsləndi. Qeyd etdi ki, tədbirə qatılmaq istəyənləri “zalda yer yoxdur” bəhanəsiylə ərazidən uzaqlaşdırmasınlar. Məhz bundan sonra bir neçə adam içəri keçə bildi. Ancaq kinoteatrın həyətində 100-dən çox seçici görüşə qatıla bilmədi.
İlk çıxışçı Əli Kərimli oldu. AXCP sədri çıxışına hakimiyyətin Sumqayıt sakinlərinə yaratdığı problemlərdən danışmaqla başladı: “Sumqayıt gənclər şəhəridir. Heydər Əliyevin, Ilham Əliyevin 20 illik idarətetməsindən sonra Sumqayıt işsizlər şəhərinə çevrilib. Mənim fikrimcə, Sumqayıt balaca Azərbaycandır. Seçki kampaniyası başa çatmaq üzrədir. Dünən (srağagün – red) debatların axırıncı hissəsi oldu. Çox qısa bir müddətdə, Milli Şuranın vahid namizədi Cəmil Həsənli 9 debatda mövcud hakimiyyətin maskasını yırtaraq sizə olduğu kimi təqdim etdi. Cəmil Həsənli sübut etdi ki, Ilham Əliyevin üçüncü dəfə namizəd olmağa hüququ yoxdur. Onun and içdiyi konstitutsiya buna imkan vermir. Hazırda onun namizəd olmasının heç bir hüququ əsası yoxdur. Cəmil Həsənli sübut etdi ki, Ilham Əliyev hakimiyyətdə olduğu bu müddət ərzində Azərbaycanla bir obyekt kimi davranıb, xalqın firavanlığını deyil, sizin hər birinizin güzəranınızı deyil, özünün, ailəsinin firavanlığını təmin edib. Ona nail olub ki, bu gün Azərbaycanın yox, dünyanın ən varlılarından biridir. Çünki Azərbaycana obyekt kimi baxır, sərvətlərini öz ailəsi üçün istifadə edir. Bu seçki kampaniyasında Ilham Əliyev nəinki debatlara gəlmədi, sizin qarşınıza çıxmadı. Heç yerdə seçki kampaniyası aparıb xalqdan səs istəmədi. Özünü elə aparır ki, hamının onlara borcu var. Bu on ildə elədikləri bəs deyilmiş kimi hələ istəyir ki, bizdən səs istəmədən, bu milləti saya salmadan üçüncü dəfə də seçilsin. On il müddətində bir dəfə də olsun xalqın ayağına getmədi, xalqa xidmət etməyə çalışmadı. Xalqın üzərində özünü ağa kimi hiss etdi, xalqa rəiyyət kimi baxdı”.
“Azərbaycan oğruların deyil, Əliyevlərin deyil”
Çıxış edən keçmiş daxili işlər naziri Isgəndər Həmidov qeyd etdi ki, Azərbaycanda orta təbəqənin nümayəndələri dilənçi halındadıdr: “Bu gün hakimiyyətin dayağı olan orta təbəqə artıq Cəmil Həsənlini müdafiə edir. Cəmil müəllim 70-72 faiz səslə qələbə çalacaq”.
Müsavat başqanı Isa Qəmbər bütün seçkilərdə Sumqayıt camaatının demokratik düşərgənin namizədlərinə səs verdiyini bildirdi: “Azərbaycan hamımızındır. Azərbaycan oğruların deyil, Əliyevlərin deyil. 2003-cü ildə siz bunu onlara əyani şəkildə sübut etdiniz. Sumqayıt Azərbaycanın modelidir. Burada Azərbaycanımızın bütün bölgələrindən olan insanlar yaşayır. Bu dəfə də hər şey həddindən artıq aydındır. Bu il 9 oktyabrda xalqımız oğru ilə doğru arasında seçim edəcək. Əminəm ki, oğruya yox deyəcək, doğruya səs verəcək. Siz onu da bilin ki, bu həm də Sumqayıtdan asılıdır. Heç kim deməsin ki, məndən asılı deyil, hər birimizdən asılıdır”.
“Bu xalqa özlərinin nökəri kimi baxırlar”
Sonuncu çıxışçı isə Cəmil Həsənli oldu. Milli Şuranın prezidentliyə namizədi qeyd etdi ki, Sumqayıt gənc olsa da tarixi ənənələr yaradıb: “Sumqayıt sırf sənaye potensialı üzərində qurulduğundan Sovet Ittifaqı dağılan kimi şəhər tamamilə yoxsullaşdı. Indiki hakimiyyət də bu yoxsulluğu aradan qaldırmağa qadir olmadı. 9 oktaybrda növbəti beş il üçün ölkənin prezidenti seçiləcək. Ölkənin birinci postu üçün keçirilməsi planlaşdırılan yerlərə görün haranı ayırıblar. Bu onların prezident postuna olan münasibətidir. Bu xalqa özlərinin nökəri kimi baxırlar. Əgər sən səs uğrunda mübarizə aparmırsansa, deməli, sən padşahlıq eşqindəsən. Biz buna imkan verməyəcəyik. Biz Məhəmməd Əmin Rəsulzadənin nəvələriyik”.
Cəmil Həsənli bildirdi ki, millətin yüksəlişi onun birliyindədir: “Belə olmasa bu oğrular bizə özlərini indi olduğu kimi doğru olaraq təqdim etməyə çalışacaqlar. Biz Qarabağ müharibəsində böyük şəhid ordusu vermişik. Onların ailəsi bu gün səfalət içərisində yaşayır. Ilham Əliyev hansı rayona gedirsə, ancaq atasının heykəlini, muzeylərini və mərkəzlərini ziyarət edir. Bəs nəyə görə bir dəfə şəhid məzarlığına getməyib? Atasının heykəlini xarici ölkədə qoymaq üçün milyonlar xərcləyib. Biz çox şeyin alverini görmüşdük, ancaq heykəl alverini görməmişdik, heykəl mübadiləsi görməmişdik. Bu geri zəkalı adamlar Heydər Əliyevin heykəlini Misir səhrasında qoymaqdan ötrü diktator Hüsnü Mübarəkin heykəlini Bakıda qoydular”.
Cəmil Həsənli onu da qeyd etdi ki, millət iradəsini ortaya qoyaraq sülələ hakimiyyətinə son qoymalıdır: “Bu millətin demokratik potensialı var. Bu potensial hərəkətə gətirilməlidir, diktatura və sülaləyə gedən yolu kəsməlidir. Öz şərəfimizi, öz namusumuzu, öz vicdanımızı göstərməliyik. Milli Şuranın qərarı ilə, millətimizin iradəsi ilə bu mübarizəyə qatılmışam, bu mübarizədə varam, bu mübarizəni sizlərlə birlikdə aparacağıq. Inşallah qələbəyə doğru gedəcəyik”.
***
Çıxışlar bitəndən sonra görüşə qatılanlar “Cəmil bəy!”, “Iki dəfə bəsdir!”, “Istefa”, “Azadlıq” şüarlarını səsləndirdilər.
Təxribatçılar tribunaya yaxınlaşıb söz demək istəsələr də, buna imkan verilmədi. Cəmil Həsənli və onu müşayiət edən müxalifət liderləri coşquyla zalı tərk etdilər.
Ramin DEKO