«Abxaziya və Cənubi Osetiyanın tanınması ləğv edilməlidir»
NATO baş katibi Anders foq Rasmussen Rusiyanı Gürcüstan əraziləri – Abxaziya və Cənubi Osetiyanın (Sxinvali regionu) müstəqilliyinin tanınmasını ləğv etməyə çağırıb və xatırladıb ki, alyans Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.
Baş katib öz bəyanatında Sxinvali regionunun və Abxaziyanın Gürcüstanın qalan hissəsi ilə inzibati sərhədində rusiyalı sərhədçilər tərəfindən maneələrin qoyulmasından narahatlığını bildirib: “Bu, Rusiyanın beynəlxalq öhdəliklərinə ziddir və münaqişənin dinc yolla nizamlanmasına xidmət etmir. Bu, yerlərdə vəziyyətə, hər iki tərəfdən inzibati sərhəddə yaşayan Gürcüstan vətəndaşlarının həyatına mənfi təsir göstərir. Mən bu maneələrin aradan qaldırılmasına çağırıram”.
Rasmussen Gürcüstanın ərazi bütövlüyü ilə bağlı NATO-nun mövqeyini xatırladıb: “NATO-nun Çikaqo sammitində qeyd olunub ki, alyans beynəlxalq qəbul olunmuş sərhədlər çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Biz Rusiyanı Gürcüstan regionlarının ” Cənubi Osetiya və Abxaziyanın müstəqil dövlət kimi tanınmasından imtina etməyə çağırırıq”.
2008-ci il avqust müharibəsindən sonra Rusiya birtərəfli qaydada Abxaziyanın və Cənubi Osetiyanın (Sxinvali regionu) müstəqilliyini tanıyıb. Tbilisi buna cavab olaraq onları işğal olunmuş ərazilər adlandırıb və Moskva ilə diplomatik münasibətləri kəsib(Turan).