Əhali bu problemin həllinin vacib olduğu qənaətindədir
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin platforması cəmiyyətdə müsbət əks-səda doğurub. Belə ki, Cəmil Həsənli ITV-dəki sonuncu teledebat zamanı öz platformasının bir hissəsini seçicilərə açıqlayıb. O bildirdib ki, prezident seçiləcəyi təqdirdə 5000 manata qədər kredit borcu olanların borcu bağışlanacaq və kredit faizləri aşağı salınacaq.
Hər kəs bilir ki, ölkə əhalisinin böyük əksəriyyəti kredit fazilərinin məngənəsində sıxılmaqdadır və bu kreditlər insanların sosial vəziyyətini daha da ağırlaşdırır.
Cəmil Həsənlinin kredit faizlərilə bağlı təkliflərini şəhər sakinləri ilə müzakirə etdik.
Bu problemin həlli, xalqa ən böyük xidmət olardı
Mirqasım Abbaslı adlı şəhər sakini Cəmil Həsənlinin kreditllərlə bağlı mövqeyini yüksək qiymətləndirdiyini və bunun mümükünlüyünə inandığını bildirdi: “Cəmil Həsənli ziyalı, alimdir. Onun sözlərində həqiqət var və mən ona inanıram. Kredit məsələsi ölkədə böyük faciəyə çevrilib və bunun həlli mütləq tapılmalıdır.
Füzuli Süleymanov: “Allah Cəmil Bəydən razı olsun. Mənim ailəmin 3500 manata qədər kredit borcu var. Aldığımız məvacib ayın sonunda minimum xərclərimizi ödəmir, üstəlik də kredit faizləri ailəmizi çətin vəziyyətə salıb. Əgər bu problem köklü həll olunarsa. Xalq ağır yükdən azad olar”.
Aqşin Qara adlı şəhər sakini də borcların bağışlanmasını tarixi xidmət kimi qiymətləndirir: “Indi ölkə əhalisinin böyük əksəriyyəti kreditin girovuna çevrilib və insanlar bütün zəhmətlərinin nəticəsin kredit faizlərinə yönəldirlər. Düşünürəm ki, xalqa rəhbərlik etmək istəyən şəxs, xalqın ən ağır probleminin həllini prioritet seçməlidir. Cəmil Həsənlinin fikirləri reallaşsaydı, bu xalqa ən böyük xidmət olardı”.
Cəmil Həsənlinin platformasına əməl edəcəyinə inanıram
Özünü Usta Maarif kimi təqdim edən şəhər sakini Cəmil Həsənlinin toxunduğu məsələnin taleyüklü olduğunu bildirdi: “Yerindən əyilmiş bir şeyi yerinə qoymaqdan, qaydasına salmaqdan yaxşı nə ola bilər. Hesab edirəm ki, bu məsələnin həlli mümkündür. Sadəcə dövlətin iradəsi olmalıdır”.
Yusif Məmmədoğlu adlı şəhər sakini Cəmil Həsənlinin aktual olan məsələyə toxunduğunu bildirdi: “Mən teledebatlarda namizədlərin platformasını izləyirəm. Cəsarətli, səmimi insan kimi Cəmil Həsənlini qiymətləndirirəm və onun platformasını bəyənirəm. Bu gün də ən real namizəd kimi Cəmil Həsənlini görürəm. Xalqını sevən insan, xalqın problemini mütləq həll edəcək”.
Heybət Əmrah: “Mən Cəmil Həsənlinin yanaşmasını normal qiymətləndirirəm. Mən onlarla adam tanıyıram ki, kreditlərin içərisində boğulur. Evində yeməyi yoxdur. Qazancı bank kreditlərini ödəməyə gedir. Dövlət isə əməli addım atmır”.
Fərid Adiloğlu: “Bir gənc kimi güzəştli kreditlərdən istifadə etmək istəyərdim. Çünki evim yoxdur, ailə qura bilmirəm. Ölkədə kredit faizləri çox yüksəkdir. Mən namizədlərin çıxışını diqqətlə izləyirəm. Inanıram ki, Cəmil Həsənli prezident olacağı təqdirdə platformasına əməl edəcək”.
Cəmil Həsənli əsl vətəndaş mövqeyi sərgiləyir
Cəmil Qanbay: “Cəmil Həsənlinin bu problemə məxsusi toxunması onun xalqın içindən çıxmış lider olduğunu göstərir. Müşahidələrimiz göstərir ki, ölkənin ən güclü, tanınmış partiyaları və ziyalıları onun komandasında birləşib. Güclü komanda ilə bütün problemləri həll etmək mümkündür”.
Fazil Mehdiyev adlı şəhər sakini kreditlərin ölkədə böyük bəlaya çevrildiyini bildirdi: “Yüksək faizlə məcburən götürülən kreditlər insanların vəziyyətini çox acınacaqlı hala salıb. Nəzərə alsaq ki, bu kreditləri insanlar imkansızlıqdan götürür, dövlətin borcudur ki, vətəndaşlarının qeydinə qalsın. Bu baxımdan Cəmil Həsənlinin məsələyə münasibətini yüksək qiymətləndirirəm və dövlətin bu problemi həll etmək potensialının olduğuna əminəm”.
Aybəniz Cəlilova hesab edir ki, namizədlərin hamısı bu tipli məsələləri gündəmə gətirməlidir: “Mən siyasətlə yaxından maraqlanmıram. Ancaq seçki öncəsi vəziyyəti izləməyə qərar vermişəm. Namizədlərin əksəriyyəti parametrlərə cavab vermir. Ancaq Cəmil Həsənlinin cəsarətli, şəffaf mövqeyi məni heyran etdi. Onun toxunduğu məsələlər ölkə üçün zəruri olan məsələlərdi. Yüksək faizli kreditlər insanları qorxuya salıb. Cəmil Həsənli əsl vətəndaş mövqeyi sərgiləyir”.
Cəmil Həsənlinin sözlərini xalqın sözü kimi qiymətləndirirəm
Qoşqar Salmanlı: “Düşünürəm ki, bu problemin həlli zəruridir. Insanlar güzəştli kreditlərdən faydalana bilməlidir. Istək olsa, məncə bunu etmək mümkündür”.
Araz Kərimli: “Bu çox əla fikirdi. Allah onun köməyi olsun. Başqaları lazımsız işlərlə məşğul olanda, o kasıbların problemlərindən danışır”.
Türksoy adlı şəhər sakini Cəmil Həsənlinin fikirlərini alqışladığını bildirdi: “Mən bu həll yolunu əla qiymətləndirirəm. Bu, əhalinin böyük əksəriyyətinin kredit borcunun bağışlanması deməkdir. Əhalinin firavan yaşamasına xidmət edəcək. Mən bu mövqeni səmimi şəkildə alqışlayıram”.
Emin Mehdiyev: “Cəmil müəllimin səsləndirdiyi fikirlər, aşkara çıxardığı faktlar hər bir vətəndaş üçün maraqlıdır. Ona görə də mən Cəmil müəllimin dediyi hər bir sözü xalqın sözü kimi qiymətləndirirəm. Hesab edirəm ki, insanlar kimin kim olduğunu gözəl anlayır və xalqa kimin xidmət edə biləcəyini dərk edir”.
Ilham Hüseyn