Tibbi preparatların qiyməti durmadan artır…
Yumurtanın qiymətini ucuzlaşdırmağa başı qarışan hökumət başqa sahələri yaddan çıxarıb. Bəlkə də əhalinin diqqətini bir nöqtəyə cəmləməklə digər sahələrdəki vəziyyəti diqqətdən kənarda saxlamağa çalışır. Amma bir çox məhsulların qiyməti o dərəcədə yüksəkdir ki, onun diqqətdən yayınması mümkün deyil. Bir çox ərzaqlarla yanaşı dərman preparatlarının da qiyməti aydan-aya artmaqdadır. Hətta bəzi hallarda dərmana ehtiyacı olan xəstələr reseptlərini qonşu Irana göndərmək məcburiyyətində qalır. Ümumiyyətlə, səhiyyə sahəsindəki durum ürəkaçan deyil. Dərmanlarla yanaşı müayinələrin də qiyməti olduqca bahadır. Bu da vəziyyəti onsuz da yaxşı olmayan ölkə əhalisini daha da çətin duruma salıb. Dərman bazarında vəziyyətin bu həddə çatmasının əsas səbəbi şübhəsiz ki, inhisardır. Inhisara isə birbaşa hakim ailənin nəzarət etdiyi deyilir. Bəs vəziyyəti düzəltmək üçün nə etmək lazımdır? Yumurta kimi dərmanlar üçün də xüsusi müşavirəyə ehtiyac var?
«Azərbaycana gətirilən dərmanların keyfiyyət parametrləri xeyli şübhəlidir»
Tibb elmlər doktoru, professor Adil Qeybullanın sözlərinə görə, dərman bazarında əhalinin gəlirlərinə və real vəziyyətinə uyğun olmayan xeyli bahalaşma var. Bunun əsas səbəbi isə bazardakı monopoliyadır. Dərmanların keyfiyyət parametrlərinin məlum olmaması isə əlavə bir problemdir.
A.Qeybullanın fikrincə, nə vaxta qədər ki, ölkədə dərman maddələrinin dövlət reyestri adlı qurum, dövlət farmokopiyası yoxdur, vəziyyət dəyişməyəcək. Belə ki, Azərbaycanın dərman bazarına müxtəlif keyfiyyətli, çeşidli dərmanlar daxil olur və onlar müxtəlif qiymətlərlə satılır. Ekspert Avropa dövlətləri ilə müqayisədə qiymətlərin nisbətən ucuz olmasını desə də, bu dərmanların keyfiyyətinin xeyli aşağı olduğunu qeyd etdi: “Bəzi dərmanların qiyməti bizim cibimizə uyğun olsa da, Avropa qiymətlərindən xeyli ucuzdur. Bütün bunlar göstərir ki, bu dərmanlar üçüncü ölkələrdə istehsal olunub və onların keyfiyyət parametrləri xeyli şübhəlidir. Azərbaycanda dərmanların dövlət reyestri olsa, dövlət dünyanın məşhur farmokoloji kampaniyaları ilə müqavilə imzalayar. Bu halda ölkə bazarına keyfiyyətinə konkret firmanın cavabdeh olduğu dərmanlar daxil olar. Amma bu gün dərmanların keyfiyyət parametrləri xeyli şübhə doğurur. Bütün dünyada dərmanlar və ərzaq üzərində ciddi nəzarət olsa da Azərbaycanda bu sahədə boşluqlar var”.
«Dərman bazarı idxaldan asılı vəziyyətdədir, idxal isə bütövlükdə inhisarçıların əlindədir»
İqtisadçı-ekspert Rövşən Ağayev isə uzun illərdir dərman bazarında vəziyyətin pis olduğunu deyir. Bunun əsas səbəbi isə dərman bazarında monopoliyanın hökmranlıq etməsidir. Bu bazarda həm topdan, həm də pərakəndə satışda tam inhisarçılıq hökm sürür.
Digər bir problem isə dərman bazarının idxaldan asılı olmasıdır. Hətta bu sahədə vəziyyət ərzaq bazarında olduğundan xeyli pisdir: “Heç olmasa ərzağın bir hissəsi ölkədə istehsal olunur. Fermerlər xırda istehsalçıları tam sıradan çıxara bilməyiblər. Dərmanlar ümumiyyətlə, idxaldan asılıdır. Idxal isə bütövlükdə inhisarçıların əlindədir. Kənardan dərman gətirmək istəyənləri əzirlər. Apteklərin başına min bir oyun açırlar. Ona görə də bu bazarda vəziyyət çox gərgindir”.
Ekspert hətta asan texnologiyalarla hazırlanan dərmanların da kənardan gətirildiyini qeyd etdi: “Hökumət elə bir şərait yaradıb ki, hətta şpris, asan texnologiyalarla hazırlanan dərmanlar da idxal olunur. Azərbaycanda farmokoloji sənaye yoxdur. Əvvəlki səhiyyə nazirini vurdular və dedilər hər şey dəyişəcək. Əksinə, yeni gəldi, köhnənin əlindəki aptek, dərman bazarını ələ keçirdi. Ona görə də burda heç bir nəzarət sistemi işləmir”.
Fizzə