Yəmənin paytaxtı Səna və ölkənin digər böyük şəhərlərində prezident Əli Abdulla Salehin istefası tələbiylə mitinqlər davam edir. Bununla bərabər etiraz aksiyalarına hökumət qüvvəllərinin sərt müdaxiləsi daha da şiddətlənib.
Səna, Taiz və Ədən kimi böyük şəhərlərdə kütləvi aksiyalara icazə verməyən polis etirazçılara qarşı gözyaşardıcı qaz və odlu silahdan istifadə edib. Parlamentdə çoxlu sayda millət vəkili və ölkədəki bəzi tayfaların dəstəyini itirən Saleh müxaliflərlə uzlaşmaq üçün onları müzakirələrə çağırıb. Prezidentin çağırışına məhəl qoymayan müxalifətçilər Salehin dərhal vəzifəsindən uzaqlaşmasını və yeni bir seçki qanunu hazırlanaraq seçkilərə gedilməsini tələb edib.
Yəmənin şərqindəki Məğrib vilayətində neft boru xətti partladılıb. Təhlükəsizlik qüvvələrindəki mənbə bildirib ki, partlayışı bölgədəki tayfalardan birinə aid silahlı dəstə törədib. Tayfa üzvləri dünən Safər bölgəsini paytaxt Səna şəhərinə bağlayan yolu bağlayaraq iri tonnajlı maşınların keçidinə icazə verməyiblər.
Bundan başqa Məğrib vilayətində yerli hökumətin inzibati binası önündə keçirilən etiraz aksiyası zamanı vali Naci Əl Zeydi boynundan bıçaqlanıb.
Əl Cəvf qəsəbəsində hakimiyyət əleyhinə olan tayfalardan birinin üzvləri təhülkəsizlik xidmətinin binasına hücum edib. Şahidlərin sözlərinə görə, qəsəbədə Salehinin istefası tələbiylə keçirilən aksiyalar zamanı etirazçılara güc tətbiq edənlərdən qisas almaq məqsədiylə həyata keçirilən hücum zamanı 4 əsgər öldürülüb.