Fəhlələrin maaşını verməyən şirkət prezidentin köməkçisinə məxsusdur?
Bakı sakini Hafiz Novruzov üzləşdiyi haqsızlıqla bağlı “Azadlıq” qəzetinə müraciət edib. O, paytaxtda fəaliyyət göstərən “Azimport” şirkətindən şikayətlənir. Hafiz Novruzovun müraciətini olduğu kimi təqdim edirik:
“Deyilənə görə bu şirkət və ”A+A” şirkətnin sahibi Əli Əsədovdur. “Azimport” şirkətnin nəzdində müxtəlif departamentlər var. Həmin şirkətin baş direktoru isə Rəşad Eyvazovdur. Işıqlandırma departamentindən aldığım məlumata görə, oradakı 80 nəfər işçi müqavilə bağlamadan çalışır. Mənim oğlum 4 ildən çoxdur ki, briqadir kimi müqavilə bağlamadan işləyir. Bu barədə bir söz deyəndə də rəhbər işçilər məni və oğlumu hədələyərək həbsə atdırmaqla qorxudurlar.
Mart ayında oğlum şirkət rəhbərinin ona kömək etməsi xahişini mənə çatdırdı. Həmin şirkətdə işləyən vaxt rəhbərlikdə təmsil olunan Yanik, Elxan və Azad adlı şəxslər orada gedən əməliyyatlara nəzarət etdiyim üçün iyulda məni işdən çıxartdılar. Mənə dedilər ki, 500 manat maaş verəcəklər. Halbuki, işçilərin gününə 12-20 manatdan əməkhaqqı hesablanır. Amma bu şəxslər günə 30-50 manatdan pul silirlər. Işıqlandırma departamentində görün hər ay neçə yüz min manat dövlətin pulu mənimsənilir və vergidən yayınır. Bu şəxslərin məsuliyyətsizliyi nəticəsində işçilər iş başında dəfələrlə zədə alıb. Lakin həmin hadisələr ört-basdır edilib. Şirkətin hesabına dövlətdən oğurladıqları pullar hesabına rəhbərlikdə təmsil olunan şəxslərin özü və ailəsi lüks həyat tərzi keçirirlər. Işçilər isə aylarla maaşlarının üzünə həsrətdirlər. Şirkətdə külli miqdarda yeyinti faktları var. Bunu işçilər də bilir. Dövlətin pulu hesabına müxtəlif yerlərdə hektarlarla torpaq sahələri, otel və villalar alan, yüz min manatlıq maşın surən bu adamlara “gözünün üstündə qaşın var” deyən yoxdur. Onlar prezidentin “sağ əli” olan Əli Əsədovun himayəsi sayəsində istədiklərini etdiklərini deyirlər. Hətta şəhidlərin ruhuna da hörmətsizlik edərək, Şəhidlər Xiyabanında açılmış restoranda kef çəkir, əylənirlər. Görün onlar nə qədər harınlayıb ki, vətən uğrunda canından keçənlərə qarşı belə hörmətsiz hərəkətlər edirlər. Bu adamların hərəkətinin qarşısını isə alan yoxdur”.
Sosial şöbə