Hakimiyyət Ankaradan dəstək almaq üçün 20 milyard dollarlıq «investisiya rüşvəti» təklif edir
Demokratik qüvvələri xaricdən dəstək almaqda ittiham edən Azərbaycan hakimiyyəti özü dəstək axtarışlarını davam etdirir. Iqtidar nümayəndəlirinin ABŞ-a, Avropa ölkələrinə intensiv səfərlərinin kökündə məhz qarşıdan gələn prezident seçkisində dəstək almaq dayanır. Hakimiyyət nümayəndələrinin qonşu ölkələrlə təmasları da buna hesablanıb.
Bu günlərdə redaksiyamıza məlumat daxil olub ki, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, administrasiya rəhbərinin müavini Novruz Məmmədovun Türkiyəyə səfəri də sırf seçki ilə bağlıdır. Şöbə müdiri Ankaradan dəstək almağa gedib. Bunun müqabilində isə Azərbaycan hakimiyyətinin təkliflərini Ankaranın diqqətinə çatdırıb.
Novruz Məmmədovun Türkiyə səfərilə ilə bağlı açıqlamaları da bu məlumatın əsassız olmadığını göstərir. Şöbə müdiri bildirib ki, 4-5 il ərzində Türkiyədəki sərmayələrinin sürətlə artaraq 20 milyard dollara çatacaq. Bundan başqa TANAP layihəsinə diqqət çəkən Novruz Məmmədov deyib: “Əvvəlcə Türkiyənin ehtiyacı ödəniləcək. Sonra Avropaya qaz satılacaq”.
Azərbaycan hakimiyyətinin seçki ərəfəsində Türkiyəyə etdiyi bu jestlər Ankaranın dəstəyinə hesablanıb.
“Azadlıq”a daxil olan məlumatlara görə, Azərbaycan hakimiyyəti dəstək axtarışına çıxdığı ölkələrdə də analoji investisiya təkliflərində bulunub.