«Gəlin, baxın, bu evlərdə yaşamaq olar?»
“Bizimlə görüşməyəcəkdinizsə, niyə dəvət etdiniz?”
2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınları və qrunt sularının təsirinə məruz qalmış, problemləri bu günə qədər həll olunmayan, iddia tələblərinə Şirvan Inzibati Iqtisadi Məhkəməsində və Şirvan Apelyasiya Məhkəməsində baxılan bir qrup Imişli sakinləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət ediblər.
Surəti “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına göndərilən müraciətdə deyilir: “Bizim evimiz və təsərrüfatımız 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları və güclü leysan yağışları zamanı ciddi təsirə məruz qalıb. Ötən müddət ərzində daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində dövlət büdcəsindən xeyli həcmdə vəsait ayrılsa da bizlər dövlət qayğısından kənarda qaldıq. Evlərimiz bərbad, qəzalı vəziyyətdə olmasına baxmayaraq bir çox hallarda bizim kimi kasıb-kusub insanlara deyil, imkanlı, ölkədən kənarda yaşayan şəxslərə evlər tikildi. Fəlakətin təsirinə məruz qalmış insanlar arasında ayrı- seçkilik edildi, qanunsuzluğa və korrupsiya hallarına yol verildi. Bu barədə son 3 ildə sizə və digər aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət etsək də bizi dinləyən olmadı, üzləşdiyimiz problemlərin həlli istiqamətində hər hansı addım atılmadı. Əli hər yerdən üzülən biz vətəndaşlar 3 ilə yaxındır ki, Bakı-Şirvan məhkəmə yollarında ”get- gəl”lərdə qalmışıq.
Bu ilin 14 iyunda sizin Salyanda vətəndaşlarla görüş keçircəyinizi eşidən kimi bir çoxumuz hələ görüşdən 2- 3 gün öncə gedib qeydiyyata düşdük ki, sizinlə görüşək. Amma təəssüf ki, böyük ümidlə və çətinliklə də olsa sizinlə görüşmək üçün Salyana gəlməyimizə baxmayaraq bizimlə görüşmədən çıxıb getdiniz. Əvəzində müavinlərinizlə görüş təklif olundu ki, biz onlarla dəfələrlə görüşdüyümüzə və bu görüşlərin heç nəyi həll etmədiyinə şahid olduğumuza görə həmin görüşdən imtina etdik. Sual yaranır: əgər bizimlə görüşməyəcəkdinizsə FHN-nin rəsmi saytında, dövlət qəzetlərində elan verib bəs niyə bizləri görüşə dəvət etdiniz? Siz bildinizmi ki, bizim bir çoxumuz həmin görüşə borc pul alıb gəlmişdik və həmin gün ac-susuz, bütün gün ərzində qızmar günəş altında yollarda və sizinlə görüşmək üçün qapı arxasında qaldıq? Aramızda qadınlar, yaşlılar, xəstələr və şəhid ailələri, müharibə veteranları var idi.
Hörmətli cənab nazir, 2010- cu il fəlakətindən 3 il keçməsinə baxmayaraq problemlərimizin həlli ilə bağlı biz hələ də ümidlərimizi itirməmişik. Ümid edirik ki, haqq- ədalət öz yerini tapacaq, dövlət büdcəsindən ayrılan vəsaitlə bizim də evlərimiz tikiləcək, təmir olunacaq. Biz sizləri evimizin hazırkı durumu ilə tanış etmək, dediklərimizin nə dərəcə də həqiqət olub-olmadığını öz gözlərinizlə görmək üçün sizi Imişliyə-evimizə qonaq dəvət edirik. Gəlin evimizə baxın və özünüz qiymət verin: bu evdə yaşamaq olar, yoxsa yox?”
Müracəti 100- dən artıq rayon sakini imzalayıb.