«O, millətimizə tüpürüb və bunun bədəlini ödəməlidir»
Cəmil Həsənli: «İlham Əliyev özünün və həyat yoldaşının adına olan bank hesabları, şirkətlər, mülklər haqqında MSK-ya bəyannamə təqdim etməli idi»
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Ictimai Televiziyadakı çıxışları cəmiyyətdə böyük maraqla qarşılanır. Hərçənd, çıxışlar üçün ayrılan vaxtın azlığı, eləcə də debatlar zamanı digər namizədlərin ona hücum etməklə qalmaqal yaratması Cəmil Həsənlinin öz fikirlərini seçicilərə geniş şəkildə çatdırmasına imkan vermir. Cəmil Həsənli ilə budəfəki müsahibəmizin mövzusu əsasən debatlarla bağlı təəssüratlar, ölkədəki seçkiqabağı durum barədə oldu:
– Yeri gəlmişkən, Səyavuş Novruzov sonuncu debatda belə bir fikir səsləndirdi ki, Fərhad Əliyev nazir işləyəndə Siz universitetdən çox onun kabinetində olmusunuz…
– Bunların bütün dedikləri yalan üzərində qurulub. Mən heç indi də bilmirəm ki, Fərhad Əliyev nazir olanda neçənci mərtəbədə və hansı otaqda otururdu. Bəlkə də Milli Məclisdə mən yeganə deputat olmuşam ki, Fərhad Əliyevin kabinetinin qapısını tanımamışam. Bunu aydınlaşdırmağın ən yaxşı yolu dövlət idarələrini qoruyan mühafizə xidmətinə sorğu verməkdir. Çünki yüksək vəzifəli şəxslərin qəbuluna girənlərin hamısı mühafizə xidmətinin qeydiyyatından keçir, gün, ay, il, hətta saatı da göstərilməklə. Əgər Səyavuş Novruzov belə bir fakt tapsa, mənə də desin.
Düzü, televiziyadakı 6 dəqiqəlik qiymətli vaxtı belə mənasız söhbətlərə sərf etmək istəmirəm. Vaxtilə yaşadığım ev qəzalı vəziyyətdə olduğundan və bu hal müvafiq komissiyanın aktıyla təsdiqləndiyindən Milli Məclisdə mən 2003-cü ildə növbəlilik əsasında ev almışam. Həmin vaxt məni “cəzalandırmaq” üçün Milli Məclisin Mirzə Fətəli küçəsində inşa edilmiş binasının birinci mərtəbəsində mənə ev verdilər. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanuna görə, binaların qeyri-yaşayış sahəsi olan zirzəmiləri ilk növbədə birinci mərtəbədə yaşayanlara təklif edilir. Əgər onlar imtina etsələr, bu halda o digər adamlara təklif edilə bilər. Bu qaydada yaşadığım mənzilin aşağısında 117 kvadrat metr sahəsi olan bir zirzəmi müvafiq dövlət normativləri əsasında özəlləşdirilərək mənə verilib. Eyni qaydada YAP-dan Milli Məclisin üzvü olan Musa Quliyev (Urud), keçmiş deputat Cahangir Hüseynov, Dini Işlər Komitəsinin sədr müavini, YAP üzvü Səyyad Aran və digərləri də birinci mərtəbədə yaşadıqlarından öz mənzillərinin altında yerləşən zirzəmiləri özəlləşdiriblər və burada qanuna zidd olan bir şey yoxdur. Məsələn, həmin qeyri-yaşayış sahəsini Musa Quliyevə hansı qiymətə özəlləşdiriblərsə, mənə də həmin qiymətə özəlləşdiriblər. Mən bilmirəm ki, Səyavuş “su qiymətinə” deyəndə nəyi nəzərdə tutur. Əgər YAP-çıların o zirzəmidə də gözləri varsa, buyursunlar, bunu da onlara peşkəş edə bilərəm.
Yeri gəlmişkən, mən o zirzəminin də vəsiqəsini MSK-ya vermişəm. YAP-ın seçki texnologiyalarına rəhbərlik edən məsul bir şəxs kimi, Novruzov başa düşməlidir ki, eyni şəffaflığa Ilham Əliyev də riayət etməlidir. O da özünün və həyat yoldaşının adına olan bank hesabları, Azərbaycanda və onlarla xarici ölkələrdə olan şirkətlər, mülklər, maliyyə vəsaitləri haqqında MSK-ya qanunun tələb etdiyi qaydada bəyannamə təqdim etməlidir. Əks təqdirdə, Ilham Əliyev sabah saxtakarlıqla prezident seçilsə belə, öz prezidentliyinin legitimliyini şübhə altına almış olur.
– Ictimai Televiziyada ikinci debat zamanı Sizə qarşı törədilən təxribatın əsl səbəblərilə bağlı nə düşünürsünüz?
– Bu ilk növbədə hakimiyyətin yararsızlığı ilə bağlı idi. Bunlar Hafiz Haciyev kimi bir adamı prezidentliyə qeydiyyata almaqla millətimizi təhqir etdilər. Bu fakt Ilham Əliyevin Azərbaycan xalqına aşağılayıcı münasibətinin aydın göstəricisidir. Görün, bu adam özünü nə vəziyyətə salıb ki, Hafiz Hacıyevin köməyinə möhtac olub. Mənim bildiyimə görə, hakimiyyətin yuxarı eşelonunda, hətta mənim haqqında tənqidi yazılar yazdığım Ramiz Mehdiyev kimi adamlar Hafiz Hacıyevin namizədliyinin əleyhinə olub. Balıq Hafiz Bəylər Əyyubovun təqdimatı ilə Ilham Əliyevin öz proyektidir. Bu da onlara çox baha başa gəldi və onların millətimizi aşağılayan siyasəti ifşa olundu. XXI əsrdə cəmiyyəti qulaq kəsməklə hədələyən Hafiz Hacıyevi namizəd etməklə Ilham Əliyev millətimizə tüpürüb və bunun bədəlini ödəməlidir. Onlar elə bilirdilər ki, Hafizi mənim üzərimə salmaqla nəyəsə nail olacaqlar. Gördüyünüz kimi, bütün bunlar ifşa olundu. Nəticədə ictimai fikirdə Hafiz Haciyevlə Ilham Əliyevin eyniləşməsi baş verdi.
Ümumiyyətlə, Azərbaycan müxalifətinə qarşı təşkil olunan ləyaqətsiz hərəkətlərin əsas təşkilatçısı Bəylər Əyyubovdur. Amma bu dəfə o, Ilham Əliyevi çox pis vəziyyətdə qoydu. Debatda baş verənlər də Ilham Əliyevin xeyir-duası ilə Bəylər Əyyubov tərəfindən təşkil edilmişdi. Sizin qəzet bununla bağlı maraqlı məqamlar açıqlaya bildi. Prezident Aparatından verilmiş bu göstərişi ITV rəhbərliyi böyük həvəslə icra etdi. Bildiyiniz kimi, birinci debatda su plastmas stəkanlarda verildi. Nə baş verdi ki, ikinci debatda bu stəkanları butulkalarla əvəzləndi? Bu butulkaları stolun üzərində görəndə verilişdən əvvəl Iqbal Ağazadə dedi ki, nə planınız var? Bu butulkalardan kimə qarşı istifadə etmək istəyirsiniz? Veriliş başlayandan sonra görünür, Hafiz hansı səbəbdənsə çəkindiyindən, bir butulka suyu içib qurtardı və o, su istəməyə-istəməyə ITV rəhbərliyi verilişə birbaşa müdaxilə edərək, ona ikinci butulkanı göndərdi. Bütün bunların müqabilində ITV rəhbərliyi utanıb-qızarmadan açıqlama verir ki, guya, proqramı mən pozmuşam. Bütün bu təxribat mənim qorxub çəkiləcəyimə hesablanmışdı, lakin mən onların gozlədiyindən möhkəm çıxdım.
– Sizə qarşı kampaniyada YAP-çılar və rəsmi mətbuatla yanaşı, bəzi başqaları da iştirak edir. Buna münasibətiniz necədir?
– Bu, doğrudur. Məsələn, belələrindən biri də Eynulla Fətullayevdir. YAP və rəsmi mətbuat orqanlarıyla bağlı məsələ aydındır. Eynullaya gəlincə, deyəsən, o, yaddaşı ilə yanaşı, vicdanını da itirib. Bilirsiniz, mən Eynullanı hamıdan əvvəl, hələ tələbə olarkən tanımışam. O, Dövlət Idarəetmə Institutunda oxuyarkən ilk qələm təcrübəsi kimi, Nərimanov haqda yazdığı broşura plagiat, yəni, oğurluq idi. Akademiyanın tarix institutunda şöbə müdiri işləyən Nigar xanımla mən onun bu oğurluğunu tutduq. Atası Eminlə birlikdə Akademiyaya gəldi və o zaman hələ bir az həyalı olduğundan hönkür-hönkür ağladı, səhv etdiyini bildirdi, biz onun bu oğurluğunun üstündən keçdik.
Bilirsiz, hələ o dünyadan heç kim qayıdıb qəbrin qozbeli düzəltdiyini xəbər verməyib. Nahaq yerə deyirlər ki, qozbeli qəbir düzəldər. Sınmaq və alçalmaq çox pis şeydir. Alçaldılmış adamdan ləyaqətli bir şey gözləməyə dəyməz. Sınmış adam həyatının qalan hissəsini şikəst formada yaşayır.
Eynulla yazır ki, mən Elmarın dəfnində iştirak etməmişəm. Bunu demək üçün çox utanmaz bir adam olmalısan. Elmar universitet müəllimləri tərəfindən məhkəməyə veriləndə onun hüquqlarını qoruyan komitədə olmuşam, həbsdə yatdığı dövrdə çox yerlərə müraciətlər mənim imzamla gedib, qətlə yetriləndən 30 dəqiqə sonra evində olmuşam, dəfnində və bütün yas mərasimində iştirak etmişəm. Vicdan anlayışından nə qədər yetim qalmalısan ki, beş-on manata görə bunları inkar edəsən. Eynulla həbsdə olanda hər iclasda onu müdafiə etmişəm, ona görə açmadığım qapı qalmayıb. Hesab etmirəm ki, səhv etmişəm. Sözə görə tutulan bir jurnalisti müdafiə etmişəm. Amma elə o vaxt da bilirdim ki, Eynullanın oxuduğu mahnıların bir çoxunun sözləri MTN-in, musiqisi Fətullayevindir. O yazır ki, “bu müxalifətçi parlamentdəki 10 illik fəaliyyəti boyunca hakimiyyət əleyhinə bircə dəfə də çıxış etmədi”. Bəzi çıxışlarım internet saytlarına qoyulub, Eynulla onlara qulaq assın. Eynulla haqqında etdiyim neçə kəskin çıxışa görə atası Emin hər dəfə mənə təşəkkür edib.
Aytən Məmmədova