«Növbəti aksiyada iştirakçıların sayı iki-üç dəfə artacaq»
Sahib Kərimli: «YAP-ın kütləvi tədbir keçirmək potensialı yoxdur»
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin sentyabrın 22-də keçirilən təbliğat mitinqi izdihamı ilə yadda qaldı. Bu aksiya əvvəlkilərdən iştirakçılarının sayı və yüksək ovqatıyla fərqləndi. Mitinqə aparıcılıq edən AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin aksiya ilə bağlı təəssüratları öyrəndik.
– 22 sentyabr aksiyası əvvəlkilərdən izdihamlılığı ilə seçilir. Mitinqin aparıcısı kimi aksiya ilə bağlı təəssüratlarınız nədən ibarətdir?
– Iştirakçıların sayı, coşqusu baxımından aksiya çox uğurlu oldu. Bir daha göründü ki, ənənəvi müxalifətə, milli qüvvələrə hələlik alternativ qüvvə yoxdur və onlar rejimin qarşısında dayanan əsaslı güc olaraq neçə illərdi mübarizə aparırlar. Rejimin bütün repressiyalarına rəğmən mövcud milli qüvvələr resurslarını qoruyub saxlayıb və cəmiyyətdə onlara dəstək, etibar var.
“Müşahidə mövqeyində olanların sayı çoxdur”
– Sentyabrın 29-da növbəti aksiyanın keçirilməsi ilə bağlı artıq müraciət olunub. Həmin aksiyadan gözləntiləriniz nədən ibarətdir?
– Qarşıdakı aksiyada iştirakçıların sayının iki-üç dəfə artacağını gözləyirik. Çünki cəmiyyətdə bir çox insanlar gözləmə mövqeyində idilər. Ilk aksiyanın hansı şərtlər daxilində baş tutacağını, hakimiyyətin necə mövqe sərgiləyəcəyini gözləyən bəzi adamlar növbəti aksiyaya qatılmaq istəyir. Həmişə birinci aksiya belə olub. Müşahidə mövqeyində olanların sayı çoxdur. Amma növbəti aksiyada onlar özlərində təpər tapıb bu aksiyalara qatılacaqlar.
“Kütləvi tədbirlər YAP-a sərf etmir”
– Təbliğat kampayası artıq bir neçə gündür başlayıb. Ancaq cəmiyyətdə böyük nüfuzunun olduğunu iddia edən hakim partiyanın namizədi Ilham Əliyev seçicilərlə görüş keçirməyib. Rayonlara son səfərlərində də əhali ilə görüşməkdən çəkinir. Rəsmi mətbuata nəzər salanda da bunu görmək olur. Bunu nə ilə izah edərsiniz?
– Azərbaycan iqtidarı özünün hansı reytinqi olduğunu, əhalinin onun haqqında nə düşündüyünü gözəl bilir. Çünki kəşfiyyat strukturları var, partiyanın yerlərdə əhali ilə nə cür davrandığı, məmurların vətəndaşa hansı zülm yaşatdığının fərqindədir. Sosial ədalətsizlik, hüquq sistemi kökündən darmadağın, bütün sahələrdə məmur özbaşınalığı, korrupsiya tüğyan edir. YAP rəhbərliyi, hakim komanda fərqindədir ki, əhali arasında nüfuzları çox aşağıdır. Artıq belə görüşlərin keçirilməsi risklidir. Çünki insanlar ədalətsizlikdən, məmur özbaşınalıqlarından beziblər. Geniş kütləvi tədbirlər keçirmək onlara heç cür sərf etmir. Çünki risklidir. Insanlar sözlərini artıq açıq deyə bilirlər. Ona görə də bu cür aksiyalar YAP tərəfinən gözlənilmir. Üzvlərinin sayının 500-600 min olduğunu deməklə deyil. Heç bir resursları yoxdur. Onların resursları oğru məmurlardır. Bu məmurların da xalq arasında nüfuzunun necə olduğunu hamı bilir. Ona görə də də YAP-ın kütləvi tədbir keçirmək potensialı yoxdur.
“Digər namizədlərin vaxtı müxalifətin xeyrinə işləyir”
– Cəmiyyətlə ən çox müzakirə olunan məsələ prezidentliyə namizədlərin debatıdır. Xüsusilə də ikinci debatda baş verənlər diqqəti çəkib. Baş verənlərin arxasında hakimiyyətin dayandığı şübhəsizdir. Hakimiyyət bu yolla nəyə nail olmaq istəyir və əslində nəticəsi nə oldu?
– Debatda Cəmil Həsənlinin 6 dəqiqə vaxtı, ordakı namizədlərin də 6 dəqiqəlik vaxtı müxalifətin xeyrinə işləyir. Çünki Hafiz Hacıyev səviyyədə birisinin danışması, tərbiyəsizliklər etməsi hakimiyyətə ən sərt tənqiddən daha çox zərərlidir. Hesablanmışdı ki, debatda Ilham Əliyevin adı çəkilərkən o cür tərbiyəsizliklər edəcək və qarşı tərəfi Ilham Əliyevin adını çəkməkdən çəkinəcək, o cür debatlara gəlməyəcək, Cəmil Həsənlinin digər vəkilləri, Əli Kərimli, Isa Qəmbər onunla bir masa arxasında əyləşməyəcək. Ancaq tamamilə əks-effekt verdi. Bu da çox utancverici haldır. Özünə hörmət edən heç bir insan Hafiz Hacıyevin müdafiə etdiyi siyasi qurumu dəstəkləməz, ona rəğbət bəsləməz.
“Suallardan yayınmağın yeganə yolunu hafiz hacıyevləri qabağa verməkdə tapıblar”
– Daha bir diqqət çəkən məqam Ilham Əliyevin debatlara qatılmamasıdır. Cəmil Həsənli dəfələrlə onun debatlara qatılmasını israr etsə də, bu baş vermədi. Dövlət başçısının debatlardan yayınmasının əsas səbəbi nədir?
– Ilk növbətə şəffaf, hesabatlı hökumət yalnız demokratik cəmiyyətlərdə olub. Avtoritar liderlər, korrupsiyaya bulaşmış hökumət başçıları, ümumiyyətlə, hesabatlı olmurlar. Onlar cəmiyyətlə, ictimai-siyasi fəallarla, media ilə ünsiyyətdən, bu cür debatlardan yayınırlar. Çünki qoyulan suallar elə bir gerçəklikdir ki, bütün cəmiyyət də bundan xəbərdardır. Hamı bilir ki, bu ölkədə korrupsiya tuğyan edir və onun başında hakim ailə dayanır, ölkədə insan haqları pozulur, hüquq sistemi kökündən məhv edilib. Bu cür sualların qoyuluşu, konkret korrupsiya faktları, offşor zonalardakı hesablar, Dubay villaları ilə bağlı suallar bir cavab var – bunları etiraf etmək. Bundan yayınmaq mümkün deyil. Yayınmağın yeganə yolunu hafiz hacıyevləri, qüdrət həsənquliyevləri, zahid orucları qabağa verməkdə tapıblar. Bunun vasitəsilə cəmiyyətin, alternativlərin suallarından yayınmağa çalışırlar. Amma suallardan, debatlardan bu cür yayındıqca cəmiyyətdə daha birmənalı qənaət formalaşır ki, bunlar həqiqətən çox ciddi korrupsiya faktlarıdır. Bunlar bu ölkənin sərvətini talan edirlər, bu ölkədə ədalətsiz mühit formalaşdırıblar və bu hakimiyyət dəyişməlidir. Ona görə də Ilham Əliyevin debatlara qatılmaması da dolayısı ilə onun əleyhinə işləyən faktordur.
“Insanlar bilməlidir ki, onlar prezidenti tənqid edə bilərlər”
– Narazılığın daha çox müşahidə olunduğu regionlarda da seçicilərlə görüşlər planlaşdırılır. Bu görüşlərdən gözləntiləriniz nədən ibarətdir?
– Hökumət, ümumiyyətlə, seçki institutunu tamamilə sıradan çıxarıb. Bir neçə günlük məhdud kampaniyada təbii ki, ölkəninin bütün ərazisini əhatə edib görüşlər keçirmək mümkün deyil. Yarışmaya, ədalətli seçki mühitinə hazır olmayan avtoritar liderlər dünyanın hər yerində bu cür seçki imitasiyası ilə məşğul olurlar. Aydın məsələdir ki, ölkədə seçki mühiti yoxdur. Bundan başqa, müxalifətə reigonlarda, elə Bakının özündə də seçicilərlə görüşlər üçün münasib yerlər ayrılmayıb. Bütün rayonlarda ayrılan yerlər rayon mərkəzlərindən xeyli uzaqdadır. Insanların ora gediş-gəlişi maneələrlə doludur. Getmək çətindir. Bundan başqa, regionlarda məmurların vətəndaşlara təsir etmək mexanizmləri Bakıda olduğundan daha çoxdur. Bu baxımdan əllərindəki inzibati resurslardan qeyri-qanuni olaraq istifadə edirlər. Bu, təbii ki, regionlarda geniş kütləvi tədbirlərin keçirilməsinə böyük əngəllər törədir. Amma Milli Şura olaraq, müxalifət olaraq bizlər illərdir bu maneələrlə qarşı-qarşıyayıq. Amma təcrübəmiz də var ki, böyük aksiyalar təşkil edə bilmişik. Hər gün bir rayona getsəydik, bu cəmi 20-21 rayon edəcəkdi. Bütün rayonlarda görüş keçirmək mümkün deyil. Amma müəyyən iqtisadi zonalar üzrə bəzi regional mərkəzlərdə etiraz aksiyaları planlaşdırılır və keçiriləcək. Amma əsas gözləntilərimiz ondan ibarətdir ki, regiondakı insanları maarifləndirmək, onlara hakimiyyətin iç üzünün mahiyyətini daha çılpaqlığı ilə ortaya qoymaq, insanlardakı xofu götürməkdir. Insanlar qorxmamalıdır, bilməlidir ki, onlar prezidenti tənqid edə bilərlər. Istənilən şəxsi tənqid etmək mümkündür. Bundan başqa, insanlarda özünə inamı qaytarmaq lazımdır. Repressiyaların ən güclü vaxtlarında seçkilər saxtalaşdırılıb. Ancaq illərdir insanlarda nə zamansa ədalətli cəmiyyətin qurulacağına olan inamı ölməyə qoymadıq. Bu inamı həmişə yaşatdıq. Müxalifətin fədakarlıqlarından biri odur ki, alternativ fikri daim yaşatdı, demokratiyanın təməl prinsiplərini dövlət idarəetməsinə gətirməyin zəruri olduğunu Azərbaycan xalqına inandırdı və bunun nə zamansa olacağı ilə bağlı ümidlərin ölməsinə imkan vermədi. Bu baxımdan regionlarda aksiyalar çox əhəmiyətlidir və biz bu etiraz aksiyalarını keçirəcəyik.
“Həm Əli Insanovun, həm də Hüseyn Abdullayevin Cəmil bəyə dəstəyini yüksək qiymətləndiririk”
– Milli Şuradan kənarda da Cəmil Həsənliyə böyük dəstək müşahidə olunur. Xüsusilə də vaxtilə hakimiyyətdə təmsil olunan Əli Insanov, Hüseyn Abdullayev kimi insanlar da dəstəyini ifadə edib. Bu ictimai fikrə necə təsir edəcək?
– Təbii ki, bu cür məsələlərin ictimai fikrə təsiri var. Amma istərdik ki, Əli Insanov həbsdə olduğu dönəmdə həmyerlilərini daha mütəşəkkil şəkildə təşkilatlandırsın. Şübhəsiz ki, bu bəyanatların da işə müsbət təsiri var. Amma daha yaxşı olardı ki, insanlar bunu təşkilatlanma yolu ilə həyata keçirsinlər. Yəni strukturlarda fəal iştirak etsinlər, seçki kampaniyasında təkcə bəyanatlarla kifayətlənməsinlər, bütün resurslarını uğur üçün, qələbə üçün cəlb etsinlər. Bəyanatlar çox şeyi dəyişmir. Amma real iş görmək lazımdır. Bu baxımdan həm Əli Insanovun, həm Hüseyn Abdullayevin Cəmil bəyə dəstəyini yüksək qiymətləndiririk. Amma lazımdır ki, bu ölkəyə demokratiyanın gəlməsi, avtoritarizmin süqutu üçün cəmiyyətin maksimum potensialı səfərbər olunsun. Maksimum potensial məhz Milli Şura adlı qurumun çətiri altında formalaşsın. Təkcə dediyiniz şəxslər deyil, Milli Şuradan kənar başqa siyasi qüvvələr də hansısa formada Cəmil bəyə dəstəyini ifadə edib. Amma istərdik ki, onlar hamısı bu dəstəyi yarımçıq formada yox, tam səmimi, bütün gücləri, bütün strukturları ilə bu işə cəlb edərək versinlər.
“İlham Əliyev heç 15 faizə də iddia edə bilməz”
– Bu artıq müxalifətin neçənci seçki kampaniyasıdır. Əgər ədalətli seçki keçirilsə, Ilham Əliyevə və Cəmil Həsənliyə verilən səs faizləri necə olar?
– Bu gün ölkədə demokratik seçki keçirilərsə, Ilham Əliyev 15 faiz civarında, Cəmil Həsənli 70-75 faiz səs toplayar. Təxminən 10 faiz səslər də digər namizədlərin arasında bölünər. Reallıq bundan ibarətdir. Amma proses, kampaniya bu şəkildə davam etsə, Ilham Əliyev heç 15 faizə də iddia edə bilməz.
Fizzə