Milli Şuranın uğurlu mitinqinin qisasını AXCP sədrindən aldılar
AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və dostları Üliv Nuriyevlə Coşqun Salahov polislər tərəfindən saxlanılıb. Hadisə sentyabrın 22-i Milli Şuranın keçirdiyi mitinqdən sonra baş verib.
Plakat necə polis oldu?
Türkel Kərimli mitinqdən dostları ilə şəhərə gəzməyə çıxıb. Polis onları saxlayaraq Nəsimi rayon Polis Idarəsinin 22-ci polis bölməsinə aparıblar. Onlara qarşı seçki ilə bağlı plakatları cırmaq kimi uydurma ittiham irəli sürüblər.
Türkel Kərimli və dostları gecəni 22-ci polis bölməsində keçiriblər. Onların yaxınlarına heç bir məlumat verilməyib.
Sentybarın 23-ü isə DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Türkel Kərimli və dostlarının saxlanması haqqında açıqlama verib. “Media forum” saytına danışan şöbə rəisi deyib: “Sentyabrın 22-si axşam saatlarında Nəsimi rayonu ərazisində üç şəxs prezidentliyə namizədlərin təbliğat plakatlarını, şəkillərini cırarkən saxlanıb. Polis əməkdaşları onlara yaxınlaşıb və intizama dəvət edib. Lakin gənclər qanuni vəzifəsini yerinə yetirən polis əməkdaşlarının tələblərinə tabe olmayıb, polisin qanuni tələblərini qəsdən yerinə yetirməyib, ictimai asayişi pozan hərəkətlərə yol veriblər. Ona görə də saxlanaraq barələrində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, baxılması üçün rayon məhkəməsinə göndərilib”.
Sonradan bəlli olub ki, gənclərə Inzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi (polisə tabe olmamaq) ilə ittiham irəli sürülüb. Onlar günorta saatlarında Nəsimi Rayon Məhkəməsinə aparılıb. Məhkəmə Türkel Kərimli barəsində 25, Ülvi Nuriyev və Çoşqun Salahov barəsində isə 30 sutkalıq inzibati həbs qərarı seçib.
Vəkillərdən cavab
Gənclərin vəkilləri Əsabəli Mustafayev və Fəxrəddin Mehdiyev həbsin qanunsuz olduğunu bildiriblər.
Əsabəli Mustafayev “Azadlıq”a açıqlamasında deyib: “Seçki öncəsi belə repressiyalar gözləniləndi və bunun davamı da yəqin ki, olacaq. Aydın görünür ki, bu həbs siyasi motivlidir. Tutulan şəxslərdən birinin Əli Kərimlinin övladı olması məsələnin nədən ibarət olduğunu göstərir. Digər tərəfdən bu adamları saxlayan vaxt bütün hüquqi normalar pozulub”.
Fəxrəddin Mehdiyev isə baş verənlər barədə bunları bildirib: “Əvvəla bu adamların plakat cırmasıyla bağlı heç bir fakt yoxdur. Sadəcə olaraq gənclər namizədlərin şəkilləri vurulmuş stendə yaxınlaşıblar daha sonra isə yollarına davam ediblər. Bu məqamda polislər onlara yaxınlaşaraq, maşına əyləşməyi təklif ediblər. Səbəb kimi isə onların plakat cırmağı göstərilib. Gənclər heç bir plakat cırmadıqlarını bildirdikdə, polislər ikinci varianta əl atıblar. Bildiriblər ki, əgər maşına oturmasanız, polisə müqavimət adı ilə sizi həbs edəcəyik. Bundan sonra gənclər maşına əyləşib. Ikinci qanun pozuntusu isə onların saxlanma şəraitidir. Əvvəla bu adamların ailələrinə xəbər verilməyib, stolların üstündə gecələyiblər, onlara yemək verilməyib”.
“Bu əxlaqa zidd hərəkətdir”
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin fikrincə, bu təkcə nəinki müxalifət liderlərinin, eyni zamanda onların uşaqlarını da hakimiyyət tərəfindən təzyqilərə məruz qalmasının açıq nümunəsidir: “Milli Şurada təmsil olunan böyük bir partiyanın rəhbərinin oğlu haqqında belə bir qərar qəbul etmək, onun başını bu işlərə qarışdırmaq və bütövlükdə seçki prosesindən ayırmağa xidmət edir. Hesab edirəm ki, bu tamamilə qanunsuzdur, tək qanuna yox, eyni zamanda əxlaqa da zidd hərəkətdir”.
“Əli bəyin oğluna 25 gün həbs cəzası kəsmək onu girov saxlamaq cəhdidir”
Müsavat başqanı Isa Qəmbərin sözlərinə görə, cəmiyyətin getdikcə artan fəallığı hakimiyyəti narahat edir: “Ona görə də ölkədəki xofu bərpa etməyə çalışırlar. Bu məqsədlə də demokratik düşərgəyə qarşı repressiyanı davam etdirirlər. Son günlər – Pərviz Həşimlinin həbsi və onunla bağlı siyasi sifarişli məhkəmə qərarları, Yadigar Sadıqovun saxlanma müddətinin bir ay da artırılması, bütün bunlar eyni ssenarinin tərkib hissələridir. Indiki halda isə Əli bəyin oğlunun və daha iki gəncin uydurma ittihamlarla həbsi bir tərəfdən xofu artırmaq, fəallığı azaltmaqdır. Başqa tərəfdən Əli bəyin oğluna 25 gün həbs cəzası kəsmək onu girov saxlamaq cəhdidir. Təbii ki, bunlar hamısı hakimiyyətin cəmiyyətdən, xalqdan, Milli Şuranın, demokratik düşərgənin uğurundan qorxması əlamətidir. Hakimiyyətin avtoritar xarakterindən irəli gələn bir hadisədir. Biz Müsavat partiyası olaraq bu gün (dünən-red) divanın iclasında bu məsələyə etirazəımızı bildirmişik. Türkelin və başqa gənclərin azad olunmasını, qanunsuz addımların atanların cəzalandırılmasını tələb etmişik”.
“Əli Kərimlinin oğlu dərhal azadlığa buraxılmalıdır”
Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu deyib ki, siyasi fəaliyyət göstərən siyasi xadimlərin övladlarına, ailə üzvlərinə qarşı repressiyalar, siyasi sanksiyalar qeyri-etikdir: “Ümumiyyətlə belə hesab edirəm ki, seçki ərəfisində vəziyyət gərginləşdirən addımların həm müxalifət, həm də iqtidar tərəfindən atılması yolverilməzdir. Cəmiyyətdə vətəndaş qarşıdurması istiqamətində meyillər müşahidə olunur və nəzərə alsaq ki, Rusiya Azərbaycanda aranı qarışdırmaq üçün fürsət gözləyir. Belə bir vəziyyətdə hakimiyyət orqanlarının qeyri-qanuni hərəkəti qətiyyətlə pislənməlidir. Mən bir ata, siyasi xadim, partiya sədri kimi də Əli bəyi çox yaxşı başa düşürəm. Vaxtı ilə mənim övladlarımın da başına belə oyunlar gətirilib. Prezidentliyə namizəd kimi, Əli Kərimlinin oğlunun dərhal azadlığa buraxılmasını dövlətin maraqları naminə, cəmiyyətin təhlükəsizliyi üçün vacib hesab edirəm”.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı Ilqar Ibrahimoğlu özünün “Facebook” səhifəsində bunları yazıb: “Siyasi rəqiblərinin uşaqlarını girov götürülməsini şiddətlə qınıyıram. Ayıb olsun!”.
“Türkel Kərimlinin həbsi qərəzli və siyasi motivlidir”
Əli Kərimlinin oğlunun və daha iki gəncin həbs olunması ilə bağlı siyasi partiyalar da bəyanat veriblər.
Milli Şuranın bəyanatında qeyd olunur ki, Türkel Kərimlinin sentyabrın 22-də keçirilən mitinqdən sonra saxlanılmasını və 25 sutka inzibati həbs cəzası alması təsadüfi deyil. Bəyanatda daha sonra bildirilir: “Milli Şura baş verən hadisəni demokratik qüvvələrə, AXCP və onun liderinə qarşı təzyiq kimi dəyərləndirir. Milli Şura bəyan edir ki, Türkel Kərimliyə qarşı ittihamlar əsassız, onun həbsi qərəzli və siyasi motivlidir. Bu hadisənin Milli Şuranın uğurlu mitinqindən sonra baş verməsi təsadüfi deyil və hakimiyyətin qisas almaq niyyətini açıq şəkildə göstərir. Milli Şura Azərbaycan hakimiyyətinin öz rəqiblərinə qarşı qanunsuz əməllərini pisləyir, siyasi motivli həbslərə və təzyiqlərə son qoyulmasını tələb edir. Milli Şura hesab edir ki, Türkel Kərimli barəsindəki qərar bir daha Azərbaycanda məhkəmələrin müstəqil olmadığını və siyasi sifarişlə hərəkət etdiyini göstərir. Milli Şura qanunsuz şəkildə həbs olunan Türkel Kərimlinin azadlığa buraxılmasını tələb edir”, – deyə bəyanatda bildirilir.
“Nə AXCP-ni, nə də onun sədrini öz yolundan döndərmək mümkündür”
AXCP-nin bəyanatında da bildirilir ki, Türkel Kərimli və dostlarına qarşı rəsmi ittihamların heç bir əsası yoxdur, onların həbsi qərəzli və siyasi motivlidir. Şübhə yoxdur ki, dostlarına da məhz Türkel Kərimliyə görə həbs cəzası verilib.
AXCP hesab edir ki, Türkel Kərimlinin həbsi bu partiyaya, bütövlükdə demokratik qüvvələrə və şəxsən Əli Kərimliyə təzyiq məqsədi güdür. Hakimiyyət bununla əsas qüvvələrindən biri AXCP olan Milli Şuranın uğurlu mitinqinə görə qisas almaq istəyib.
AXCP bu partiyanın üzvlərinə və şəxsən Əli Kərimlinin ailəsinə qarşı repressiv addımların ilk dəfə atılmadığını xatırladaraq, bəyan edir ki, Türkel Kərimlinin şərlənib həbs edilməsi də eyni qəbildəndir: “Partiya sədrinin oğlunu həbs etməklə hakimiyyət Milli Şuranın seçki kampaniyasında mühüm rol oynayan AXCP-nin diqqətini başqa səmtə yönəltmək və bu kampaniyanın uğurlu gedişinə mane olmaq məqsədi güdür. Bu, eyni zamanda siyasi fəaliyyəti və mövqeyinə görə AXCP liderindən intiqam almaq cəhdidir.
Bu həbs AXCP-yə və şəxsən onun lideri Əli Kərimliyə qarşı davamlı repressiv addımlardan biridir. Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir ki, indiyədək AXCP-nin yüzlərlə üzvü həbslərdən keçib, partiyanın qərargahı əlindən alınıb, partiya sədri Əli Kərimliyə qarşı 19 il əvvəl qaldırılmış qondarma cinayət işi hələ də açıq saxlanılır, onun 7 ildir ümumvətəndaşlıq pasportu verilmir, qayını günahsız yerə həbs edilərək 2 ildir MTN-nin təcridxanasında saxlanılır, ən yaxın qohumları siyasi məhbus həyatı yaşayıb, özü və ailəsi daim təzyiq altında saxlanılıb.
Bütün bunlar AXCP-ni və onun liderini öz yolundan döndərə bilməsə də, hakimiyyət ən azı pislik etmək düşüncəsi ilə repressiv əməllərindən əl çəkməyib. Indi də oğlunu həbs etməklə AXCP sədrinə və partiyaya növbəti yamanlıqlarını edirlər”.
AXCP hakimiyyəti mühakimə edərək, bildirir ki, belə addımlarla nə partiyanı, nə də onun sədrini öz yolundan döndərmək mümkündür. Partiya bəyan edir ki, hakimiyyət prezident seçkilərinin astanasında bu addımı ilə islah olunmadığını, ölkənin demokratikləşməsi üçün imkanlar yaratmaq əvəzinə vəziyyəti gərginləşdirmək, hadisələri qarşıdurma müstəvisinə çəkmək yolu tutduğunu nümayiş etdirir. AXCP bu siyasətin sonda hakimiyyətin özü üçün yaxşı heç nə vəd etmədiyini vurğulayaraq, Azərbaycan rəhbərliyindən repressiyaları dayandırmağı tələb edir.
AXCP Türkel Kərimli və dostlarının qanunsuz şəkildə həbs olunduğunu bir daha vurğulamaqla tələb edir ki, onların, işlərinə yenidən baxılaraq, azadlığa buraxılsın.
“Həbsin məqsədi AXCP-yə, onun sədrinə və Milli Şuraya təzyiqdir”
Azərbaycan Liberal Partiyası da olayla bağlı bəyanat verib. ALP Türkel Kərimli və dostlarının həbsini əsassız adlandırır və hesab edir ki, bu, siyasi sifarışdir. “Türkel Kərimlinin həbsi Milli Şuranın vahid namizədi Cəmil Həsnlinin seçki kampaniyasında fəal iştirak edən AXCP-yə və onun sədrinə, həmçinin Mİlli Şuraya birbaşa siyasi təzyiq məqsədi güdür. Türkel Kəriminin həbsi bir daha göstərdi ki, Azərbaycanda məhkəmələr iqtidarın bir qolu qismində çıxış edir”, – deyə bəyanatda qeyd olunur. ALP Türkel Kərimlinin və dostlarının dərhal azad olunmasını tələb edir.
“Bu, daha çox girov götürməyə oxşayır”
DEVAMM-ın yaydığı bəyanatda isə bildirilir: “Böyük təəssüf hissi ilə Əli Kərimlinin oğlunun 25 sutka müddətinə, digər 2 gənc fəalın 30 sutka müddətinə həbs edilməsi barədə məlumat aldıq. Hesab edirik ki, bu həbs qərəzli mahiyyət daşıyır. Belə ki, hətta rəsmi məlumatlarda göstərilən əsaslar, gənclərə qarşı həbs edilmək kimi ağır tədbirin həyata keçirilməsi üçün qətiyyən kifayət etmir. Hətta hipotetik olaraq, ehtimal versək ki, gənclər digər namizədlərin təşviqat materiallarını cırıblar, onlar buna görə xəbərdarlıq edilə, yaxud ən nəhayəti – cərimə edilə bilərdilər. Amma uzunmüddətli inzibati həbs, yaşanan olayın arxasında siyasi motivlərin durduğunu göstərir.
Bununla yanaşı qeyd etməliyik ki, həbsin seçkiöncəsi zaman kəsiyində həyata keçirilməsi, məsələnin qərəzli olmasını bir daha sübut edir. Belə ki, müxalifətin əsas fiqurlarından olan bir şəxsin ailə üzvünün seçkidən öncə həbs edilməsi və yalnız seçkisonrası proseslər bitdikdən sonra buraxılması – bu həbsi daha çox girov götürməyə oxşadır.
Biz DEVAMM olaraq, sözügedən həbslərə etiraz edir, əlaqədar qurumlara Türkel Kərimlinin və digər 2 gənc fəalın dərhal azadlığa buraxılması üçün çağırış edirik”.