İctimai Televiziya milyonlarla insanın gözü qarşısında baş vermiş hadisəni təhrif etdi
Gülağa Aslanlı: «Cəmil Həsənlini efirdən məhrum etsələr, cavablarını ən sərt şəkildə alacaqlar»
Hakimiyyət Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlini Ictimai Televiziyanın (ITV) efirində çıxışdan məhrum etmək niyyətindədir. Bu məqsədlə elə ITV-dən istifadə olunur. Telekanalın dünənki açıqlaması, eyni zamanda, MSK-ya müraciəti də bunu deməyə əsas verir.
ITV milyonlarla insanın gözü qarşısında baş verənləri açıq-aşkar təhrif edir. Sentyabrın 19-da baş vermiş çıxışlar zamanı Cəmil Həsənliyə qarşı baş verən iyrənc təxribata baxmayaraq, ITV-nin bu məsələdə Milli Şuranın namizədini günahlandırması, Cəmil Həsənlinin onun üçün ayrılmış ödənişsiz vaxtdan istifadə etməsinə imkan verilmədiyi halda, guya, onun 6 dəqiqəlik öz efir vaxtından əlavə daha 6 dəqiqə 12 saniyədən (cəmi 12 dəqiqə 12 saniyə) yararlandığını iddia etməsi hakimiyyətin planlarına işıq salır.
ITV-nin sözügedən çıxışlarla bağlı yaydığı açıqlamaya Milli Şuradan sərt reaksiya gəlib.Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı “qafqazinfo”ya açıqlamasında deyib ki, ITV bir daha xalqın yox, Hafiz Hacıyevin, hakimiyyətin televiziyası olduğunu göstərdi:
“O cümlədən ITV Hafiz Hacıyev səviyyəsində bir televiziya olduğunu da göstərdi. Bu cür bəyanat verməklə arxalarında hakimiyyətin dayandığını sübut etdilər. Miyonlarla insan gördü ki, Hafiz Hacıyev Cəmil Həsənliyə danışmağa imkan vermədi. Miyonlarla adam gördü ki, Hafiz Hacıyev xuliqanlıq edərək içi su ilə dolu butulkanı Cəmil Həsənlinin üstünə atdı. Hafiz Hacıyev dini ədavətə yol verərək ailə münasibətlərinə qanunsuz olaraq toxundu. Bundan əlavə, Cəmil Həsənlinin təmsil olunduğu Milli Şura üzvlərinə qarşı təhqirəmiz ifadələrə yol verdi. Onların şərəf və ləyaqətini alçaltdı”.
Cəmil Həsənlinin guya, öz ödənişsiz 6 dəqiqəsindən əlavə daha 6 dəqiqə 12 saniyədən yararlandığı barədə ITV-nin iddiaları və bununla Milli Şuranın namizədinin növbəti çıxış imkanından məhrum edilməsinə gəlincə, Gülağa Aslanlının cavabı belə olub: “O hadisənin videoları bütün beynəlxalq təşkilatlara göndərilib. Dünya artıq bundan xəbərdardır. ITV də bunu bilməmiş deyil. Belə şey etsələr, çox böyük səhv edərlər. Cavablarını da ən sərt şəkildə alacaqlar. Cəmil Həsənli də öz haqqını sona qədər müdafiə edəcək. Biz qanunvericiliyə, Seçki Məcəlləsinə uyğun şəkildə təşviqatımızı aparmışıq”.
İnformasiya şöbəsi