Seçkini keçirmək təşəbbüsünü ələ alan qrup qarşı tərəfin hücuma keçməsinə arqument verib
İctimøai Televiziyanın prezidentliyə namizədlər üçün nəzərdə tutulmuş sonuncu debatından baş verənlər Azərbaycan hakimiyyətində aranı qarışdırıb. Iqtidar daxilindən sızan məlumatlara görə, seçkinin keçirilməsinə məsul olan qrup rəqib qruplaşma tərəfindən hədəfə alınıb.
Məlumat üçün deyək ki, 2003-cü ildə keçirilən prezident seçkisi də daxil olmaqla bu seçkiyə qədər bütün seçkiləri Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev və onun komandası keçirib. Lakin bu dəfə PA rəhbəri oyundan kənar vəziyyətdə saxlanılıb. Təşəbbüsü Paşayevlər ələ alıb.
YAP-ın icra katibi Əli Əhmədova da Paşayevlər qrupunun üzvü kimi seçki prosesində həlledici fiqura çevrilib. Əli Əhmədovun Paşayevlərin çətiri altına keçməsi, YAP-ın kurasiya edilməsinin prezidenti iqtisadi məsələlər üzrə köməkçisi, PA rəhbərinin müavini Əli Əsədova tapşırılmasından sonra baş verib. Bundan əvvəl YAP Ramiz Mehdiyevin nəzarətində olub. Əli Əhmədov da məhz onun tapşırıqlarını yetirib. Lakin indi YAP-ın icra katibi PA rəhbərilə hesablaşmır. Hətta artıq “Yeni Azərbaycan” qəzeti də PA rəhbərini saya salmır. Hər halda Ramiz Mehdiyevin ən çox nifrət etdiyi şəxslərdən biri – PA-nın ərazi idaretmə orqanları ilə iş şöbəsinin keçmiş müdiri Yusif Hümbətova qəzetdə geniş yer verilməsi bu qənaəti yaradır.
Qayıdaq sonuncu debatla bağlı hakimiyyət daxilində baş verənlərə. Məlumatlarda bildirilir ki, əks qrup baş verənləri seçkini keçirməyə iddialı olan qruplaşmanın səriştəsizliyi kimi dəyərləndirir. Onların fikrincə, bu səriştəsizlik ölkə başçısının və onun ailəsinin hədəfə gəlməsinə səbəb olub. Ramiz Mehdiyevə yaxın şəxslərin debatla bağlı fikirlərindən bu aydın görünür. Məsələn, PA-nın şöbə müdiri Əli Həsənov bu olayı xoşagəlməz hal adlandırıb. Və digərləri kimi baş verənlərə görə yalnız Cəmil Həsənlini ittiham etməyib. Əli Həsənovun “bir neçə namizəd”in qaydaları pozduğunu deyib. Eyni zamanda PA-nın məsələyə müdaxilə etmək niyyətində olmadığını bildirib.
Yeri gəlmişkən, bu seçkinin keçirilməsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da rol aldığı bildirilirdi. Hafiz Hacıyevin ailə tərkibi haqqında məlumat verərkən övladlarının birinin Fövqəladə Hallar Nazirliyində, digərinin isə Dövlət Gömrük Komitəsində işlədiyini bildirib. Bu fakt Kəmaləddin Heydərovla bağlı deyilənlərin əsassız olmadığını göstərir.
Analitik informasiya şöbəsi