Yaponiyada baş vermiş dəhşətli zəlzələ və onun nəticəsində yaranan sunami dalğaları nəticəsində bu ölkədə ölənlərin sayı 10 min nəfə çata bilər. Bu məlumatı Yaponiyanın “Kiodo” agentliyi yayıb. Agentliyin məlumatına görə, Yaponiya hökuməti hələ ki, rəsmi şəkildə 3 min nəfərin həlak olduğunu təsdiqləyib.
Həlak olanların əsasən Yaponiyanın şimal-şərq prefekturları -Miyaqi, İvate və Fukusimanın əhalisi olduqları bildirilir. Miyaqi prefekturunun təkcə iki rayonunda iki min nəfərin meyiti tapılıb.
AIR Worldwide şirkəti Yaponiyada baş vermiş zəlzələ və sunaminin bu ölkəyə vurduğu zərəri təxmini hesablamağa macal tapıb. Şirkətin məlumatına görə, Yaponiyaya təbii fəlakət nəticəsində 35 milyard dollar dəyərində zərər dəyib. Artıq bəzi ölkələr təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Yaponiyaya öz yardımlarını təklif ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyi xilasedici qruplarını Yaponiyaya yola salmağa hazırlaşır.
Xatırladaq ki, Yaponiyada martın 11-də rixter şkalası üzrə 8.9 bal gücündə zəlzələ olub. Dəhşətli zəlzələdən sonra hündürlüyü on metrə çatan sunami dalğaları Yaponiyanın sahilyanı ərazilərinə dağıdıb. Daha sonra iki Atom Elektrik Stansiyasında partlayış vaş verib.