«Bu ölkədə valideynin yeganə vəzifəsi uşağı vaxtında oyadıb məktəbə yola salmaqdır»
“Bu ölkədə orta təhsil tamamilə pulsuzdur. Təhsilə görə heç bir ödəniş yoxdur. Bununla yanaşı, hər bir şagird pulsuz kitab, dəftər, qələm, karandaşla təmin olunur. Təsəvvür edin ki, valideyn hər sentyabr ayı gələndə uşağının kitab, dəftəri, digər tədris ləvazimatı haqda fikirləşmir. Valideynin yeganə vəzifəsi uşağı vaxtında oyadıb məktəbə yola salmaqdır”.
Bunu Niderlandda mühacir həyatı yaşayan soydaşımız Ataxan Əbilov deyib. A.Əbilovun sözlərinə görə, məktəblərdə şagirdlərdən pul yığılmır. Şagirdin müəllimi hansısa formada “təbrik etməsi” istisnadır: “Əksinə, uşaq ana və ata günlərində evə məktəbdə hazırladığı hədiyyəni gətirir. Həmin hədiyyəni hazırlamaq üçün bütün vəsaitlər məktəb tərəfindən verilir. Niderland Krallığında məktəblər arasında heç bir fərq yoxdur. Bütün məktəblərin mütəmadi monitorinqi aparılır və onların maddi texniki vəsaiti müasir tələblərə tam cavab verir. Kadr potensialının keyfiyyəti bütün ölkə boyu eyni səviyyədədir. Burada uşağı bir məntəqədən digər məntəqəyə yaxşı təhsil almaq məqsədilə daşımağa ehtiyac yoxdur. Hər kəs evinə yaxın olan məktəbi seçir və ora getməyə üstünlük verir. Niderland Krallığında xüsusi çəkiyə malik təbii sərvətlər yoxdur. Ölkə okean sahilindədir, xeyli hissəsi okeandan aşağı səviyyədə yerləşir. Buna görə burada gecə-gündüz su ilə mübarizə aparırlar. Təkcə bu işə təxminən Azərbaycanın dövlət büdcəsi qədər vəsait ayrılır. Belə bir şərait burada mövcud olan siyasi sistemlə təmin edilib. Hər şey cəmiyyətdən asılıdır”.
Azərbaycanın prezident seçkiləri ərəfəsində olduğunu deyən A.Əbilov vətəndaşları düzgün seçim etməyə çağırır: “Azərbaycan seçki ərəfəsindədir. Elə bir seçki ki, bu zaman siyasi sistem xalqın mənafeyinə uyğun yeni formada qurula bilər. Deməli, normal insan kimi yaşamaq quracağınız siyasi sistemdən asılıdır. Buna gedən yol seçkilərdən keçir. Ey Azərbaycan insanı, düşün və hərəkət et. Hər şey sənin əlindədir!”.