Azərbaycanda Ana Vətən adında bir partiya var.
Partiyasının fəaliyyətinin nədən ibarət olduğundan, sizləri deyə bilmərəm, şəxsən mən xəbərsizəm.
Bu partiyada vur-tut iki zat tanıyıram və onların hər ikisinin Milli Məclisdə “bron” yeri var.
Biri partiya sədri Fəzail Ağamalıdır və səhv etmirəmsə, o, YAP hakimiyyətə gələndən Milli Məclisə qeydiyyata düşüb.
Işi-gücü YAP-ı dəstəkləyən bəyanatlar verməkdir.
Bəlkə zatın başqa bir işi də bəllidir, yazın biz də agah olaq.
Digəri Ağamalının müavini Zahid Orucdur ki, ona da sədri kimi Milli Məclisin rahat kreslolarının birini hədiyyə ediblər.
Ilham Əliyev YAP-ın sədridir.
Iqtidardır.
Bunu hər kəs bilir və qəbul edir.
Isa Qəmbər Müsavat Partiyasının başqanıdır.
Əli Kərimli AXCP sədridir.
Onlar da müxalifətdir.
Bunu da hər kəs bilir və qəbul edir.
Bəs bu Fəzail Ağamalı kimdir?
“Yarımüxalifət”, yoxsa “yarıiqtidar”dımı?
Nədirsə, anlaşılması zordur.
Tibbdə müdrik bir deyim var.
“Hamiləlik ya olur, ya da olmur”. Bir az hamiləlik ümumiyyətlə, ola bilməz.
Bir az müxalifət olmaq həm bizim mentalitetimizə ziddir, həm də ortaya çox suallar qoyur.
Əgər YAP-a olan məhəbbəti ölçən bir cihaz olsaydı, Fəzail Ağamalı ilk üç yerdən biri olmasa da, dördüncü-beşinci yeri tutardı.
Ana Vətən Partiyası YAP-ın əlavəsidir.
Hər kəs razılaşar, fikrimcə.
Belə bir durumda adam nədən partiyasını YAP-ın içinə qatmır?
Kəndisi və yardımçısı etiraz edirsə, o zaman bu suallara cavab versinlər.
1. Ölkədə korrupsiya və rüşvət meydan sulayır. AVP indiyə qədər buna rəğmən bir bəyanat veribmi?
2. Məmur özbaşınalığı ucbatından qanunlar tapdalanır. AVP səsini nədən çıxarmır?
3. Polis zorakılığı, ordudakı biabırçılıqla bağlı AVP-nin mövqe açıqladığını görən oldumu?
Sualları uzadıb vaxt almağa dəyməz.
Nə Fəzail Ağamalı, nə də Zahid Oruc cəsarət edib haqqa dəstək verər.
Onların çıxışlarının, bəyanatlarının fəlsəfəsində YAP-a yarınmaq durur ki, el içində də bunun adına nə deyərlər, onu hər kəs bilir.
Bilməyənlər akademik Nizami Süleymanova müraciət etsinlər…
AVP sədri Fəzail Ağamalının mitinqlərlə bağlı bir bəyanatına nəzər yetirdim.
Ağamalı lap ağlamalı bəyanat yazıb.
Adam azadlıq istəyənləri ermənidən betər təsvir edir.
Eynən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və YAP Icra katibi Əli Əhmədov kimi.
Bu 3 zatın savadına şübhəm yoxdur, fəqət hər üçünün başının MƏNTIQ istehsal edən hissəsində problemin yaşandığı açıq-aşkar görünür.
Azadlıq səsləndirmək hara, erməni barmağı hara?
Dəhşətdir.
Zatlar kreslolarını və yığdıqlarını qorumaq üçün görün nəyə əl atırlar.
Əminəm ki, ucqar bir rayonumuzun lap qıraq kəndində gününün böyük bir hissəsini mal-qara ilə keçirən hər hansı Məmmədhəsən də belə fikir səsləndirməz.
Bunlar isə avropasayağı geyinirlər, boyunlarından qalstuk asırlar, elmi titulları var, universitetlərdə dərs deyirlər və yaxalarında Milli Məclisin deputat nişanını gəzdirirlər.
Ağlamalı da elə budur.
Yazıqlar olsun bu millətə.
Ki, belə məntiqə sahib millət vəkilləri var.