Azərbaycanda siyasi havanın qışın bu çağında çox isti keçdiyinin yəqin ki, fəqindəsiniz. Bu havanın daha da istiləşəcəyini düşünənlər əsla səhv etmir. Nədən ki, təşrif buyuran 2013-cü il Azərbaycan tarixində ən yaddaqalan illərdən biri olacaq. XXI əsrin ilk nəhs ili kimin üçün düşərli olacaq?
Iqtidar düşərgəsi bu ilin müxalifət üçün düşərsiz olacağını, müxaliflər də 13-ün iqtidar üçün nəhs il olacağını iddia edir. Bəs bu nəhs ili iqtidarla müxalifət necə qarşlayır? Öncə iqtidara bir nəzər yetirək.
Iqtidar 2013-cü ilə çiynlərində çox ağır yüklər aparır. Bir çiynində itirilmiş torpaqların yükünü 2013-ə daşıyan iqtidar ildən-ilə çiçəkləndirdiyi rüşvət və korrupsiyanın yükünü də digər çiyninə yükləyib.
Artıq qəhrəmana çevrilməkdə olan Elşad Abdullayevin Parisdən bir-bir göndərdiyi videoların yükü də iqtidarın belindədir. Bu yüklərin üstünə qarşıdakı aylarda nə qədər ağır yüklərin də əlavə olunacağını təxmin edəndə gerçəkdən rejimin durumu çox acınacaqlı görünür. Və bu durumda xalqın qarşısına çıxmaq əslində çox risqlidir. Yəni çiyninə bu qədər yük götürən iqtidarın xalqın səsini qazanması müşkül məsələdir.
Deyəcəksiniz ki, son iyirmi ildə bu, iqtidarın nail olduğu seçki zəfərlərində xalqın rolu önəmli deyil. Və sual edə bilərsiniz ki, polisi, ordusu, qoçu dəstələri, topu, cəbbəxanası olan iqtidarın nəyinə gərəkdir xalq. O zaman müxalifətin 2013-cü ilə hansı yüklə getdiyini saf-çürük edək. Müxalifətin hər çiynində bir yük var. Birində vahid namizəd yüküdür, digərində xalqı oyatmaq yükü.
“Vahid namizəd” yükünü bir kənara qoyun, müxalifət yarıyuxulu xalqı səfərbər edə bilsə, əminliklə yazıram, nə polis, nə ordu, nə qoçu dəstəsi, nə də saxtakarlar seçkinin nəticələrini dəyişdirməyə cəsarət edə bilməz.
Əsla inqilab-filan barədə danışmıram. Bu xalq qanuna istinad edib hərəkət etsə, yəni seçki məntəqələrinin çox yox, 10 faizində səsinin arxasında dayanmağı bacarsa, özünü ağ günə çıxarar. Təbii ki, çiyinləri yüklənmiş iqtidar xalqın yuxudan oyanmasını istəmir və ona görə də sahib olduğu ideoloji maşın, xüsusən, TV-lər vasitəsi ilə xalqın qanında yuxu dərmanının konsentrasiyasının stabil qalması üçün əlindən gələni edəcək.
Belə bir durumda müxalifətin yeganə çarəsi xalqa tərəf getməkdir. Və gedib “mənə səs ver” demək əvəzinə “məndən nə istəyirsən” soruşmaq lazımdır. O fikirdəyəm ki, vahid namizəd məsələsinə sərf olunan enerji xalqla işləmək üçün sərf olunsa, XXI əsrin 13-cü ili çiyinlərindəki çox ağır yüklərə rəğmən başını dik tutmaqda zorlanan iqtidar üçün nəhs ola bilər.
Gün kimi aydındır ki, iqtidarın durumu ürəkaçan deyil. Çünki çiynindəki ağır yüklərin hər biri onun nəfəsini kəsmək üçün yetərlidir. Bunu iqtidardakılar da anlayır, müxalifət də bilir, bu iqtidara atalıq qayğısı göstərən maraqlı əcnəbi dövlətlər də görür.
Bu qədər ağır yüklə uzaq məsafə qət etməyin mümkün olmadığını hər kəs bilir. Buna baxmayaraq, iqtidar 2013-cü ilin özü üçün düşərli olacağını sanır.
Kimin üçün nəhs olacaq, 2013-cü il? Iqtidar, yoxsa müxalifət üçün?
Payızda hər şey bəlli olacaq. Bəlkə də bir az tez.