Nədən məhz 11 mart günüdə Tahsil Nazirliyinin rəsmisi hicab qadağasını yada salır və nardaranlıları “aqressiv” adlanıdrır?
Bakıda etiraz aksiyalarının keçirilməsi dönəmində, Təhsil Nazirliyinin Bakı şəhər İdarəsi sanki bu mövzuya özünəməxsus “töhfə” vermək qərarına gəlib. Belə ki, Təhsil Nazirliyinin Bakı şəhər İdarəsinin müdir müavini Məhəmməd Bayramov birdən-birə dindarların hissləri ilə oynayan bir bəyanatla çıxış edib. APA-ya verdiyi açıqlamasında Məhəmməd Bayramov hicabın bir “problem” olmasını, Təhsil Nazirliyinin bu “problemi” əsasən “həll etməsini” vurğulayıb. Yəni, təhsil rəsmisi bir daha bəyan edib ki, hicablı şagirdlərin təhsil problemlərinin həlli – məhz etiqadlarından imtinadadır. Təhsil İdarəsinin rəsmisi hicabın məktəblərdən tam aradan getməsi üçün “iş apardıqlarını” da vurğulayıb. M.Bayramov deyib ki, hələ də Nardaranda 100 nəfər hicablı məktəbli qalıb, onlarla da “iş aparılır”. Bundan əlavə, M.Bayramov nardaranlıları “aqressiv” adlandırıb, Təhsil Nazirliyin kənddə münaqişə yaratmaq istəməməsi kimi bir anlaşılmaz çıxış edib.
Bu münasibətlə xeyli suallar doğur: indiki həssas məqamda Təhsil Nazirliyi rəsmisinin dindarların hisslərini qıcıqlandıran bəyanatı nəyə hesablanıb? Nədən məhz 11 mart günündə təhsil rəsmisi hicab qadağasını yada salır? Məlum olduğu kimi, QMİ rəhbərliyinin son açıqlamalarında dindar kəsimi ümidvar edən çalarlar öz əksini tapmışdır. Belə ki, QMİ sədri A.Paşazadə “hicab qadağasına qarşı olduğunu”, “ölkə prezidentinin hər zaman inanclıların qayğısında olduğunu” bəyan etmiş, dindarların hicab qadağası ilə bağlı narahatlıqlarına səbirlə yanaşmasına yönəli gediş etmişdir. İndisə Təhsil Nazirliyi rəsmisinin hicab əleyhinə yeni açıqlama ilə çıxış etməsi, özü də bunu etirazlarla səciyyələnən dönəmdə etməsi faktı göz qabağındadır. Şöbhəsizdir ki, bu, ən minimum, hakimiyyət orqanlarının apardığı xəttlə daban-dabana ziddir.
Mövzu ilə bağlı DEVAMM sədri Hacı İlqar İbrahimoğlu ilə əlaqə saxladıq. DEVAMM sədri mövzuya şərhində bu açıqlamanın nədən verildiyinin və nə üçün məhz bu dönəmdə verildiyinin başa düşülən olmadığını bildirdi: “Təəssüflər olsun ki, təhsil rəsmiləri zaman-zaman hicab əleyhinə açıqlamalar vermiş, qıcıqlandırıcı mahiyyətli çıxışlar etmişlər. Hətta Aşura öncəsi də anti-hicab mahiyyətli bəyanatlar verilmişdir. İş o yerə çatmışdı ki, dini kəsimi təmsil edən ilahiyyatçılar ayrıca bəyanat verərək, dindarları təxribatlara getməməyə çağırmışdır.
İndi də bu halın təkrarlanmasını görürük. Bunun nədən baş verdiyi söyləmək çox çətindir.
Məlum olduğu kimi, ölkə Konstitusiyası və qanunvericiliklə dini etiqad və vicdan azadlığı, həmçinin təhsil hüququ təmin edilir. Artıq 4 aya yaxındır ki, Təhsil Nazirliyinin rəsmiləri hicablı şagirdlərin təhsil almaq hüququnu məhdudlaşdırır, onları ya etiqada riayət etmək, ya təhsildən məhrum olmaq kimi ağrılı dilemma qarşısında qoyur. DEVAMM olaraq bu tendensiyanı qətiyyətlə pisləyir, dindarların hisslərini qıcıqlandırmağa, o cümlədən, Nardaran əhalisini aqressiv adlandırmağa öz qəti etirazımızı bildiririk. Biz vəziyyətin düzəlməsi üçün əlaqədar dövlət qurumlarına bir daha müraciət edirik. Eyni zamanda, məsuliyyətsiz çıxışlar edən, insanların hissləri ilə oynayan məmurların vəzifə müvafiqliyi barədə məsələ qaldırırıq” (deyerler.org).