Baş nazir iki ölkə arasında viza rejiminin ləğvini istəyir
Rusiyanın baş naziri Vladimir Putin ABŞ hökumətinə iki ölkə arasındakı viza rejiminin aradan qaldırılmasını təklif edib. Vladimir Putin dünən Moskvada ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşərkən belə bir təşəbbüslə çıxış edib.
Baş nazir bildirib ki, belə bir addım Rusiya-ABŞ münasibətlərinin inkişafında tarixi addım olar, eyni zamanda iki ölkə arasındakı bütün köhnə stereotipləri aradan qaldıra bilər.
Co Baydenin Rusiyaya səfəri zamanı ikitərəfli münasibətlər və digər beynəlxalq məsələlər müzakirə olunub. Rusiya müxalifətinin təmsilçiləri də ABŞ-ın vitse-prezidentilə görüşüb. Görüş zamanı onlar ölkədə insan haqlarının pozulmasına, seçkilərin saxtalaşdırılmasına və digər antidemokratik addımlara görə baş nazir Vladimir Putinin məsuliyyət daşıdığını bildiriblər.
Müxalifət təmsilçiləri Putinin Rusiya ilə ABŞ arasında viza rejiminin ləğvinə dair təklifini mənfi dəyərləndirib. Onların fikrincə, iki ölkə arasında viza rejiminin ləğvi Rusiyanın korrupsioner məmurlarının məsuliyyətdən yayınaraq xarici ölkəyə üz tutmasını asanlaşdıra bilər. Onlar Co Baydendən xahiş ediblər ki, ABŞ hökuməti başda Vladimir Putin olmaqla, Rusiyanın digər korrupsioner məmurlarına qarşı sanksiyalar tətbiq etsin. Həmin məmurların ABŞ və başqa ölkələrə səfərləri qadağan olunsun.
İnformasiya şöbəsi