Bıçağın sümüyə dirəndiyini artıq hər kəs hiss edir bu məmləkətdə.
Sosial ədalətsizlik göz önündədir.
Sosial təbəqələşmə sürətlə gedir, bunu görməmək korluqdur.
Bir tərəfdə bu ölkəni idarə edən bir dəstə harın rüşvətxor, digər tərəfdə dövlətin rəva bildiyi para ilə ayı zorla başa vuran milyonlar dayanıb.
Lentkəsmələr, asfalt ütüləmələr, heykəl qoymalar, park salmalar, züy tutmalar yalnız ictimai rəyi azdırmaqdan – gözə kül üfürməkdən başqa bir şey deyil.
Iki Azərbaycan var.
Biri cənnətdir. Orada rüşvətxor, harın məmurlar kef çəkir.
Ikincisi cəhənnəmdir. Milyonlar yaşamaq üçün mücadilə aparır.
BU XALQIN DIŞI BƏRK AĞRIYIR. Özü də AĞIL dişi.
Ağrıyan dişin üstünə neft gəlirləri hesabına almazdan qapaq da salsan belə, faydası olmayacaq.
Ağrı kəsilməyəcək.
O ağrının səbəbi biryolluq aradan qalxmayınca, xalqın əli üzündə, dizində və başında olacaq.
Və özü ağrıdan xilas yolları arayacaq…
Rüşvətin 2 böyük düşməni var: DÖVLƏT və MILLƏT.
Azərbaycanda rüşvətin dövləti və milləti yendiyini isbat etmək o qədər də çətin iş deyil.
Buna hökmdarımız da şahidlik edə bilər.
Kifayətdir ki, təğyiri-libas olub bir gününü dişi bərk ağrıyan xalqın yanında keçirsin.
Keçirsə, rüşvəti dövlətin və millətin belində görər.
Məmurlarının tapdağı altındakı qanunların iniltisini eşidər.
Dərd orasındadır ki, nə məmurlar əməllərindən əl çəkir, nə hökmdarın təğyiri-libas olmağa həvəsi var və nə də xalqın dişinin ağrısı azalır.
Belə bir durumda Azərbaycanın başının üstündə XAOS görünür.
Ki, onun da bizim məmləkətdə təzahürü mütləq və mütləq qanla müşayiət olunacaq.
Təbii ki, ağlı başında olan bir kəs belə bu məmləkətdə qardaş qanı axmasını istəməz.
Biz də istəmirik.
Və beş addımlığımızda olan xaosdan qaçmaq üçün parlamentin buraxılmasını zəruri sayırıq.
Parlamenti xaosa qurban verməyə dəyər.
O parlamentin ki, saxta yolla formalaşdığını cümlə Azərbaycan da bilir, ATƏT də bəyan edib, Qərb də dilə gətirib.
Seçkilərin saxtalaşdırıldığını deputatların özləri isə lap yaxşı bilir.
Ona görə də, o deputatların kişi cinsinə məxsuslarından bir nəfəri belə cəsarət edib ya qəzet səhifəsində, ya da televiziya ekranında şərəfinə və Qurani-kərimə and içərək, halal yolla seçildiyini izhar edə bilmir.
Zahid Orucmu, yoxsa Fəzail Ağamalımı halal yolla mandat qazanıb?
Bəlkə Əli Əhmədovu, Etibar Hüseynovu, Asim Mollazadəni, Elton Məmmədovu, Cavanşir Paşazadəni və digərlərini xalq seçib?
Kim rüşvət yuvası olan universitet rektorlarının halal yolla seçildiyini deyə bilər?
Yardımlıdan Balakənə, Qubadan Naxçıvana, Gədəbəydən Mingəçevirə üz tutun və bir deputatın halal yolla seçildiyini eşitsəniz, xəbər verin, adını biz də bilək.
Təkrar da olsa yazmaq zorundayıq, halal yolla seçilən varsa, şərəfinə və müqəddəs kitabımıza and içsin… Düşmənimiz varkən, içimizdə düşmən axtarmaq bizə fayda verməz.
Azərbaycana vətəndaş həmrəyliyi hava və su kimi gərəkdir.
Elə buna görə də parlament buraxılmalıdır.
Saxta parlamenti buraxıb ədalətli bir seçki keçirmək gərəkdir.
Bu, təzyiq deyil.
Ultimatum da deyil.
Reallıqdan doğan zərurətdir.