Doğrudan da böyük siyasət deyilən fenomenin haradan başlanğıc götürəcəyini və harada qərar tutacağını təxmin etmək olduqca çətindir. Cəmi bir-iki ay bundan əvvəl çox az adam ABŞ-la Rusiyanın münasibətlərinin indiki səviyyəyə çatacağını güman edə bilərdi. Amma indi münasibətlər olduqca gərgin bir durumdadır. ABŞ hətta Rusiya ilə münasibətlərini özü üçün aydınlaşdırmaq üçün bir fasilə götürmək əzmindədir.
Bir vaxt məhz belə oxşar formada Rusiya ilə Böyük Britaniyanın münasibətləri korlanmışdı. Bu münasibətlər hələ də qaydasına düşməyib. Ola bilsin ki, ən azı ABŞ-ın indiki siyasi administrasiyasının fəaliyyət dövrünün sonuna qədər münasibətlər gərgin qalacaq.
Düyünün açılması Rusiya tərəfdən çox ciddi güzəştlərin olmasını tələb edir. Belə bir güzəşt, məsələn, Rusiyanın Suriya ilə bağlı mövqelərinin tam dəyişməsi ola bilərdi. Prinsipcə, bunu istisna etmək olmaz.
Avrasiya Ittifaqı, yoxsa Avropa Birliyi?
Amma ən ümidverici cəhət budur ki, münasibətlər Rusiyanın Avrasiya Ittifaqı və vahid Gümrük Birliyi üçün çalışdığı bir məqama təsadüf edir.
Artıq bildirilib ki, V.Putin avqustun 13-də Bakıya səfər edəcək. O, bu səfər zamanı həm də bir az əvvəl adı çəkilən məsələləri də müzakirə etməyə hazırlaşır.
Düzdür, müzakirə üçün çox əlverişli vaxt seçilib, amma güman etmirik ki, onlar bir nəticə vermiş olsun, çünki hətta müxalifət sferasına aid olmayan adamlar belə Avrasiya Ittifaqına və vahid Gömrük Birliyinə qoşulmağı çox böyük şərtlə bağlayırlar: Rusiya özünün Qarabağ siyasətində ciddi dəyişikliklər etməlidir…
Rusiyanın belə bir addım atacağını zənn etmək çətindir. Üstəlik, adı çəkilən birliklər haqqında yalnız amorf təsəvvürlər var. Məsələ bundadır ki, V.Putin həmişə keçmiş SSRI üçün bir nostalji keçirib.
Z.Freyd deyirdi ki, insanın davranışı daha çox onun uşaqlıqda topladığı təcrübədən asılıdır. V.Putinin də uşaqlığı SSRI dövrünə təsadüf edib, ona görə də onun siyasətində bir qədər infantil çalarlar daim özünü büruzə verir.
Bəs Azərbaycanın V.Putinə cavabı nə olacaq?
Böyük ehtimalla Azərbaycan bu ilin noyabrında Avropa Birliyi ilə assosiativ sazişi imzalamayacaq. Bunu Rusiyanı qane edən addım kimi yozmaq olar. Amma müəyyən vaxta qədər. Bəli, müəyyən vaxta qədər rəsmi Bakının Avropa fobiyası Rusiyanı qane edəcək. Fəqət, Rusiya ilə ABŞ-ın, Rusiya ilə Qərbin münasibətləri korlananda onlar Qafqazı, o cümlədən də Azərbaycanı öz tərəflərinə çəkməyə cəhd edəcəklər. Elə bu səbəbdən artıq indidən rəsmi Bakının manevr imkanlarının daraldığını demək olar.
I.Əliyevin siyasi ritorikasının mühüm hissəsini Azərbaycanın müstəqilliyi məsələsi tutur. Iş o yerə çatıb ki, o, hətta bu müstəqilliyə səs verən, onun uğrunda mübarizə aparan adamları belə “böyük qardaş sevdası” ilə, hələ də “qul psixologiyası” ilə yaşamaqda suçlayır.
Ona görə də onun Rusiyanın “böyük layihə”lərinə “hə” deyəcəyini zənn etmək çətindir. Amma tənha məğrurluğun da sonu olmalıdır, I.Əliyev də son addımda seçim etməlidi. Bu seçim necə olacaq?
O, hələ də kral olmaq istəyir?
Avropa onlar üçün siyasi cəhətdən təhlükəlidi, çünki bu istiqamət I.Əliyevdən onun siyasət haqqındakı təsəvvürlərini tam dəyişməyi, özünün siyasi fəlsəfəsinə ciddi korrektələr etməyi tələb edir.
Rusiya ilə yaxınlaşmaq isə, ümumiyyətlə, ölkəni “marionet teatrı”na çevirmək deməkdir. Avropa ilə yaxınlaşaraq müstəqil olmaq, layiqli siyasət yürütmək, layiqli prezident olmaq mümkündür, amma kral olmaq mümkün deyil. Rusiya isə yalnız öz vassallarına etibar edir…
Ona görə də hər iki istiqamət I.Əliyev üçün məqbul deyil, çünki o, nə adi prezident, nə də vassal olmaq istəyir, o da elə atası kimi ölkəni daha çox kral kimi idarə etməyə alışıb.
Bir ölkə və iki siyasi işarə…
I.Əliyevin siyasi vəziyyətini çətinləşdirən həm də odur ki, bu il ölkədə prezident seçkisi ilidir. V.Putinin növbəti səfərini I.Əliyevə dəstək kimi başa düşmək olarmı? Birmənalı demək çətindir.
Bir məsələ aydındır ki, Rusiya prezidentinin öz səfərini seçki ərəfəsinə salması müəyyən mənada rəsmi Bakıya siyasi “kart-blanş” verir…
O da təsadüfi deyil ki, digər tərəf də, Milli Şurada təmsil olunan siyasi qüvvələr də artıq Kreml ilə Bakının münasibətlərinin istiləşməsindən danışırlar. Amma I.Əliyevə Rusiyanın dəstəyi siyasi avans formasında da ola bilər.
Milli Şuranın sədri R.Ibrahimbəyov vətəndaşlıq məsələsinə avqustun 15-dən sonra aydınlıq gələcəyini deyir. Bu, V.Putinin Bakıya səfərindən bir neçə gün sonraya təsadüf edir.
Bunu bir siyasi işarə kimi qəbul etmək olardı, amma bu vaxta qədər Milli Şurada R.Ibrahimbəyovun ardıcıl müdafiəçiləri kimi tanınanlar belə indi yeni vahid namizəd haqqında danışmağa başlayıblar.
Son məlumatlara görə isə R.Ibrahimbəyov özünün vahid namizəd qalması şərtilə Milli Şurada təmsil olunan digər siyasi liderlərə də namizədliyini irəli sürməyi tövsiyyə edib.
Elə bunu da bir siyasi işarə kimi yozmaq olardı. Bəs bu iki siyasi işarədən zaman hansını seçəcək? Tezliklə bilinəcək, özü də lap tezliklə.
Bəli, nəzəri cəhətdən hər şey sadədir. Ölkə prezident, prezident də ona siyasi müttəfiq seçməli idi. Amma bu ölkə də siyasi məsələlər heç də belə asan həll olmur…