Vəfa Quluzadə: «Aəzrbaycana münasibətdə hər hansı dəyişiklik olmayacaq»
Iranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasimi olub və o artıq dövlət başçısı kimi bir sıra bəyanatlarla çıxış edib. Ruhaninin Əhmədinejatdan fərqli olaraq Qərblə münasibətləri gərginləşdirməkdə maraqlı olmadığını artıq indidən hiss olunur. Onun ölkəsinə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına çalışacağı da deyilir.
Bununla yanaşı Ruhaniyə Əhmədinejatdan miras qalan məsələlərdən biri də Azərbaycanla münasibətlərdəki gərginlikdir. Yeni prezidentin dövründə cənub qonşumuzlu münasibətlər necə olacaq?
Politoloq Vəfa Quluzadə Iranda rejimin dəyişmədiyini və ölkə siyasətini ali dini rəhbər Əli Xamneyinin təyin etdiyini deyir. Prezidentin müəyyən rolu olsa da, siyasətin dəyişəcəyini gözləmək olmaz. Eyni zamanda Azərbaycana da münasibətdə eyni siyasət olacaq. Çünki Iran Azərbaycandan Israillə əməkdaşlıq etməməyi tələb edir. Ona görə də Iranda Azərbaycana münasibətdə hər hansı dəyişiklik olmayacaq.
Bununla belə ekspert qarşılıqlı ittihamların olmasına baxmayaraq Iran-Azərbaycan münasibətlərini müsbət qiymətləndirdi: “Iranın Azərbaycana qarşı ittihamlarının, Azərbaycanın da Irana qarşı iradlarının olmasına baxmayaraq iki ölkə arasında əməkdaşlıq var. Tənqidlərə baxmayaraq münasibətlər normaldır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı asılılıqlar var. Ona görə də münasibətlərdə əvvəlki gərginlik olacaq, amma həddini aşmayacaq”.
Ekspertin sözlərinə görə, Azərbaycan Iranın ziyanına addım atmayacaq. Çünki bununla ilk növbədə özünə problem yaradacaq. Iran isə Azərbaycana qarşı xeyli balanslaşdırılmış siyasət aparır.
Politoloq Zərdüşt Əlizadə isə Moderator.az saytına verdiyi açıqlamada qonşu ölkənin Azərbaycana qarşı siyasi prioritetlərini dəyişməyəcəyini bildirdi:
“Iranın Azərbaycana qarşı münasibəti dəyişməyəcək. Ruhaninin yürütdüyü siyasətin prioriteti Qərblə münasibətləri normallaşdırmaq olacaq. Bildiyimiz kimi, Qərb Irana iqtisadi sanksiyalar tətbiq etməkdədir. Odur ki, indi Iranın əsas hədəfi bu sanksiyaları aradan qaldırmaq olacaq. Azərbaycanla münasibətlərə gəldikdə isə münasibətlər olduğu kimi qalacaq”.
Fizzə