Bu il qəbul imtahanlarında ən aşağı nəticə əldə olunub
«Məzunların əksəriyyəti «2» qiyməti ilə universitetə qəbul olublar»
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında bütün qruplar üzrə keçid balları aşağı salındı. I,II, IV qruplarda keçid balı 150-yə, III qrup üzrə 250-yə endirildi. Son 6 ilin qəbul imtahanlarının nəticələrinə fikir versək, ən aşağı göstəricilər bu il müşahidə olundu.
6 ilin statistikası
Belə ki, 2008-ci ilin qəbul imtahanlarında I qrupun keçid balı 200-dən 250-yə, III qrupun balı 250-dən 300-ə qaldırılmışdı. II və IV qruplarda isə keçid balı 250 idi.
2009-cu ilin imtahanlarında I qrupda keçid balı 250-dən 200-ə, III qrupda isə 300-dən 250-yə endirildi. II və IV qrup 250-dən hesablandı. Həmin il abituriyentlərin 62.8 faizi qəbul imtahanlarında 200-dən az bal toplamışdı.
2010-cu ildə TQDK-nın imtahanlarında I qrupun keçid balı 250-dən 200-ə, III qrupda isə 300-dən 250-yə endirildi. II qrup və IV qrupun keçid balı 250-dən hesablandı. Həmin il abituriyentlərin 61.6 faizi qəbul imtahanlarında 200-dən az bal toplamışdı.
2011-ci il qəbul imtahanlarında 103 min 185 abituriyent iştirak edib. Onlardan 38.66% 0-100, 23.78% 100-200, 15.75% 200-300, 16.53% 300-500, 5.27% isə 500-700 bal toplayıb. Aparılan təhlil nəticəsində müəyyən edilib ki, I və III ixtisas qrupları üzrə qəbul planını bu nəticələrlə doldurmaq olmaz. Bunun üçün I qrupda ballar 250-dən 200-ə, III qrupda isə 300-dən 250-yə endirilib. II qrupda keçid balı 250, IV 250 olub. Abituriyentlərin 62.4 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb. Imişli, Qobustan, Kürdəmir, Ağsu, Hacıqabul, Samux, Lerik, Tərtər, Şuşa və Şabran rayonları, eləcə də Naxçıvan MR-in Sədərək və Babək rayonlarının məzunlarının 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
2012-ci ildə keçirilən qəbul imtahanlarında 96 min 471 abituriyent iştirak edib. Onlardan 41.70% 0-100, 22.95% 100-200, 15.06% 200-300, 15.50% 300-500, 4.79% isə 500-700 bal toplayıb. I, II qrupun keçid balı 150, III və IV qrupların balı 250-dən hesablanıb.
2012-ci ildə TQDK keçid ballarının aşağı salınmasına səbəb kimi qəbul planının artması, ancaq ərizə verənlərin sayının azalmasını göstərib. 2012-ci ildə ümumi təhsil müəssisələrinin 89298 məzunu olub. Son səkkiz ildə məzunların sayı 33810 nəfər azalıb. Nəticədə plan yerlərinin doldurulması məqsədilə I və II qruplara qoyulan bal məhdudiyyəti digər qruplara nisbətən daha çox aşağı salınıb. 2012-ci ildə abituriyentlərin 64.7%-i qəbul imtahanlarında 200-dən az bal toplamışdı.
1992-2012-ci illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir.
“Orta statistik məzun məktəb proqramının 49-76 faizini mənimsəmir”
TQDK-nın hazırladığı statistikada göstərilir ki, yüksək balla qəbul olan abituriyentlərin oxuduğu 31 təhsil müəssisəsinin 19-u liseydir.
“Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, orta statistik məzun məktəb proqramının 49-76 faizini mənimsəmir”. Bu, TQDK-nın gəldiyi nəticədir. Komitə bunu əsaslandırır: “Bu ümumtəhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır”.
“Keçid balın 300-də saxlasaydılar, universitetlər boş qalacaqdı”
Təhsil üzrə ekspert Nadir Israfilov bu ilki qəbul imtahanlarını “Azadlıq” a şərh edərkən bildirir ki, məzunların əksəriyyəti “2″ qiyməti ilə universitetə qəbul olublar. ”700 ballıq sistemlə götürsək, 150 bal “2″ deməkdir. Keçid balların əvvəl 300 qoydular, sonra o 250-yə endi, 200 və son olaraq 150 bal oldu. Keçid balın 300-də saxlasaydılar, universitetlər boş qalacaqdı. Dövlət də bu qədər ştat, müəllim, ödənişli təhsil yeri ayırıb, ona görə də müsabiqə şərtləri aşağı düşür. Üç il əvvəl demişdim ki, məzunları 150 balla universitetə qəbul edəcəyik. Gələn il də 100 balla abituriyentlər universitetə qəbul ediləcəklər. Proses bunu göstərir. Ölkədə 70-dən çox ali ixtisas müəssisəsi var. Bu yerlər doldurulmalıdır”.
Nadir Israfilov hesab edir ki, hər il keçid ballarının aşağı salınması təhsildəki böhranı göstərir. O, məktəblərin buraxılış imtahanlarında əldə olunan nəticələrin hər il aşağı düşdüyünü açıqlayır. “Ötən il TQDK orta məktəblərdə buraxılış imtahanların apardı. 30 sual qoydu və mimimum balı 7 elədi. Axırda məlum oldu ki, 5 bal toplayan tələbələr daha çoxdur. Buna görə onlara da attestat verildi. Indi yeni nazir hər şagirdə attestat veriləcəyini deyir. Amma ucdantutma hamıya attestat verilməsi də düzgün deyil. Təhsil sistemi modelləri var. Isveçdə hər şagird attestat alır, amma onlarda bu sənəd biliyin göstəricisi yox, şagirdin əməyinə verilən qiymətdir. Biz deyir ki, attestat şagirdin biliyinin göstəricisidir. Hamıya attestat veriləcəksə, gərək bu yanaşma dəyişsin”.
Təhsil eksperti bu vəziyyətin yaranmasında Milli Məclisin Elm və Təhsil Komitəsini və Təhsil Nazirliyini qınayır.”Əbülfəz Elçibəyin dövründə qəbul edilən Təhsil Qanununu bu hökumət qəbul etmədi. 10 il müddətində bu dövlətdə Təhsil Qanunu olmadı. Hər kəs mülahizə əsasında işlədi. Indi də bu boşluq təhsildə özün göstərir. 2009-cu ildə qəbul edilən Təhsil haqqında Qanunun işlək mexanizmləri mövcud deyil. Normativ-hüquqi əsas olmadığına görə təhsil bu gündədir”.
“Təhsil Nazirliyi səlahiyyətlərinin qaytarılması üçün dövlət orqanları qarşısında məsələ qaldırmalıdır”
Ekspert hesab edir ki, vəziyyətdən çıxış yolu Təhsil haqqında Qanunun tətbiqi və Təhsil Nazirliyinin səlahiyyətlərinin özünə qaytarılmasıdır. “Təhsili indiki bataqlıqdan çıxarmaq üçün iki yol var: Radikal kadr dəyişikliyi və Təhsil Nazirliyində struktur dəyişikliyi aparmaq”. Struktur dəyişikliyi ilə bağlı iş gedir. Amma bu lazımi səviyyədə deyil. Təhsil Nazirliyinin əlindən bir çox səlahiyyətlər alınıb. Bağçalar, uşaq evləri Bakı Şəhər Icra Hakimiyyətinə verilib, attestatların verilməsi TQDK-ya tapşırılıb, təhsil müəssisələrində dərsliklərə nəzarət və təmir-tikinti işlər icra hakimiyyətlərinə verilib. Ali məktəblər tam müstəqildirlər və Təhsil Nazirliyinə tabe deyillər. Nazirlik səlahiyyətsiz orqan funksiyasını daşıyır. Təhsil Nazirliyi səlahiyyətlərinin qaytarılması üçün dövlət orqanları qarşısında məsələ qaldırmalıdır. Bunlar təmin olunandan sonra 10 il müddətində müsbət dəyişikliklər görmək olar”.
Sevinc Vaqifqızı