Azər Ayxan: «Sanki əlimə qılınc alıb Rəşad müəllimin üstünə hücuma keçmişəm ki, niyə ev alıb»
Rəşad Məcid: «Fikirləşirəm ki, Azər Həsrət kimi Azər Ayxana da zaman öz müdrik təsirini göstərmiş olmalıydı»
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan “Facebook” profilində Rəşad Məcidlə bağlı yazı paylaşıb.
Jurnalistlərə ev verilməsi ətrafında aylardır başlayan müzakirələrin davam etdiyini qeyd edən Azər Ayxan vurğulayır ki, mənzillərin paylanmasının üstündən günlər keçməsinə baxmayaraq, dartışmalar dayanmır: “Mən adımın bu müzakirələrdə hallanmasını əsla istəməzdim. Təəssüf ki, bəzən kənar təsirlərin ucbatından istəmədən belə hansısa proseslərə qoşulmalı oluruq. Adı ev alan baş redaktorlar arasında ən çox hallanan Rəşad Məcid ”Facebook”da bir statusa yazdığım şərhdən çox uzağa gedən nəticələr çıxarıb. Məni qınayıb ki, niyə onunla bağlı bu cür mövqe tuturam. Sanki əlimə qılınc alıb Rəşad müəllimin üstünə hücuma keçmişəm ki, niyə ev alıb”.
Azər Ayxanın fikrincə, Rəşad Məcid ev alan digər baş redaktorların içində mətbuatın diqqətini daha çox cəlb edən qəzet rəhbəridir. Bu təkcə mənzil mövzusunda belə deyil. Istənilən mövzuda adı hallanan beş nəfərin içində R.Məcid varsa, jurnalistlər hamıdan çox onu əlləşdirirlər. Bu yanaşma haqlıdır, haqsızdır, başqa mövzunun söhbətidir. Fakt budur ki, Rəşad müəllim mətbuat üçün maraqlı personadır. Bu dəfə də “ənənə” pozulmadı. Ev alan baş redaktorların içində ən çox tənqidə məruz qalan, müzakirəyə çıxarılan məhz o oldu. Amma bu tənqidlərin kütləviləşməsinə və intensivləşməsinə, R.Məcid özü əsas verdi. Biz onu ev aldığına görə yox, ev alandan sonra evsiz qalan həmkarlarına sanki acıq verirmiş kimi davranış ortaya qoymasına görə qınayırıq. Adam özü-özünü qınaq və tənqid hədəfinə çıxarır, sonra bunun günahını başqalarında axtarır. Bir az təvazökar davransaydı, əsəbləri cırmaqlayan açıqlamalar verməsəydi, inanın ki, məsələ bu həddə çatmazdı. Bir-iki günə unudulub gedərdi. “Mənim üç oğlum var, ona görə ev almalıyam” deyəndə evsiz jurnalist, əlbəttə, “bizim uşaqlarımız dovşan deyil” cavabını verəcək. Bu bina hansısa baş redaktorun oğul-uşağı üçün nəzərdə tutulmayıb axı…”.
“Rəşad Məcid məni müdrikləşməməkdə də suçlayıb. Görünür, Rəşad müəllimin müdriklik anlayışı xeyli fərqlidir. Biz də onun kimi müdrik olsaydıq, jurnalistlərin binasından oğlumuza ev alıb evsiz jurnalistlərə acıq verərdik…”.
Rəşad Məcid qafqazinfo.az saytına müsahibəsində Azər Ayxanla bağlı bunları deyib: “…Fikrimcə, redaktorlar özləri də öz işçiləri üçün çalışmalı idilər. Onlar Mətbuat Şurasını, KIVDF-ni hansı işçiyə ev verilməsinin daha vacib olduğuna inandırmalı idilər. Indi Mətbuat Şurasının yeni üzvü, köhnə dostumuz Rauf Arifoğlu yaxasını qırağa çəkib. Əgər o müvafiq instansiyaları öz işçilərinin evə ehtiyacı olduğunun vacibliyinə inandıra bilməyibsə və buna çalışmayıbsa, nəticədə onun redaksiyasındakı iki xanım əməkdaş ev almayıbsa, bunun altını Rəşad Məcid niyə çəkməlidir? Qəribədir ki, onun işçisinin tərbiyəsiz ifadələrinə öz qardaşı, ”Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan da qoşulur. 10 il əvvəl olsaydı, Azər Ayxanı tanıdığıma görə heç ona da cavab verməzdim. Amma mən fikirləşirəm ki, Azər Həsrət kimi Azər Ayxana da zaman öz müdrik təsirini göstərmiş olmalıydı. Görünür, göstərməyib və Azər Ayxan indi mənə dərs keçmək istəyir, ittiham irəli sürür. Azər Ayxan özünü elə aparır ki, elə bil mən onun sevdiyi, qiymətli bir xəzinəni əlindən almışam, adamın çığırtısından qulaq tutulur. Rauf Arifoğlu da kənardan müşahidəçi kimi sakitcə baxır, heç olmasa öz obyektiv fikirlərini bildirmir…”.