Dərs ili başlananda qiymətlərin daha da artacağı gözlənilir
Hər dəfə yay gələn kimi tələbələr evlərinə üz tutur. Nəticədə böyük bir “kirayə mənzil ordusu” yaranır. Bu, üç ay davam edir və dərs ili başlanan kimi problemlər çözülür və ev sahibləri rahat nəfəs ala bilirlər. Adətən, yayda mənzillərin qiyməti düşür, ancaq bu il, deyəsən, fərqlidir. Necə deyərlər, hər şey öz axarı ilə gedir…
Kirayənişinin sayından asılı olaraq qiymətlər dəyişir
Paytaxtın ən böyük “makler yarmarkası” metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən park sayılır. Belə ki, bura toplaşanlar arasında maklerlə yanaşı ev sahibləri də var. Tələbələr daha çox evinə kirayə axtarmaq üçün parka gələnlərlə söhbət edir. Çünki anlaşma olanda həm maklerə əlavə pul vermirsən, həm də qiymət ucuz olur.
Kirayə ev verənlər də, ev götürənlər də deyirlər ki, kirayə bazarında qiymətlər bahalaşıb.
Söhbət etdiyimiz makler Eldar Xanbabayev deyir ki, dərs ilinin başlamasına hələ qalsa da artıq qiymətlər qalxıb: “Evlər dərs ili bitən kimi ucuzlaşır. Bir müddətdən sonra yenə qalxır. Çünki tələbələr Bakıya tez qayıdırlar. Həm də onlar ”evləri tutarlar, mənə qalmaz” prinsipiylə yaşayırlar. Artıq, demək olar, şəhərin mərkəzində münasib qiymətə kirayə ev tapmaq mümkün deyil. Bu səbəbdən də əyalətlərdən gələn tələbələr əsasən üstünlüyü şəhər kənarında və Bakı kəndlərindəki kirayə mənzillərə verirlər. Bu ərazilərdə 150 manata mənzillər tapmaq mümkündür. Şəhərin mərkəzində isə əvvəllər müştərilərə 200-250 manata təklif olunan evləri indi 300-350 manatdan aşağı təklif etmirlər. Aşağı qiymətə olan evlər isə çox pis şəraitdədir”.
Müsahibimiz onu da bildirdi ki, kirayənişinin sayından asılı olaraq qiymətlər də dəyişir. Məsələn, beş nəfər tələbənin 2 otaqlı mənzildə qalması onlara 500 manata, 3 nəfərin qalması isə 300 manata başa gəlir.
Ev sahibləri daha çox tələbə qızlara və ailələrə üstünlük verirlər
“Bahalaşmaya normal baxıram. Hazırda Bakıya tələbə axını çoxdur. Ona görə də kirayə evlərə tələbat artıb. Bu da bahalaşmaya səbəb olur. Bahalaşmanın səbəbkarı isə maklerlər deyil, kirayə ev verənlərdir. Çünki onlar evlərini dərs mövsümündə baha qiymətə verəcəkləri günü səbirsizliklə gözləyirlər. Ev sahibləri gözlərini tələbələrə dikiblər. Bilirlər ki, valideynləri haradan olsa, pullarını çatdıracaqlar, onlara ev vermək rahatlıqdır. Indi başqa adamlara kirayə ev o qədər də verilmir. Çünki onlar bir-iki ay qalıb sonra gedirlər. Dərs ili başlayandan sonra kirayənişin tapmaq olmur. Tələbə həm də ən azı 10 aylıq kirayənişin deməkdir”, – deyə makler bildirir.
Ev alğı-satqısı ilə məşğul olanların fikrincə, paytaxtın kirayə ev bazarında qiymət artımı hələ ən yüksək həddə deyil. Onların sözlərinə görə, sentyabrın ortalarında daha da artacaq. Ev axtaranlar evi ali məktəblərə yaxın ərazilərdə istədiyindən, həmin ərazilərdə qiymətlər daha çox qalxır. Bu ərazilərə əsasən, metronun “Elmlər Akademiyası”, “Nərimanov”, “Inşaatçılar”, “Gənclik” stansiyaları yaxınlığında, Azadlıq prospektində yerləşən evlər aiddir.
“Kaprizni” ev sahibləri və…
Mənzillərini kirayə verən ev sahibləri daha çox ailəli adamlara və tələbə qızlara üstünlük verirlər: “Ailəli adamlar və tələbə qızlar etibarlı olurlar. Həm pulu vaxtı-vaxtında çatdırırlar, həm də təmizliyə əməl edirlər. Oğlanlara nə var eee. Necə istəyirlər, edirlər. Bir də gördün evin pulunun verilməsinə bir gün qalmış çıxıb gedirlər. Qalırsan pulsuz-parasız. Odur ki, biz çalışırıq ki, evimizi tələbə qızlara və ailələrə verək”.
Metronun “28 may” stansiyasının yaxınlığında iki otaqlı mənzilini 350 manata kirayə verən Simuzər nənə deyir ki, evində hər bir əşya var: “Kirayənişin yalnız paltarını götürüb evimdə yaşaya bilər. Ancaq üç ay pulu öncədən verməlidir. Mənə bir aylıq kirayə qalanlar sərf etmir”.
Mənzillərini kirayə verənlər arasında “kaprizni” ev sahibləri də tapılır. Onlar kirayənişinlərdən evlərinə qonaq gətirməmələrini şərt kimi irəli sürürlər. Bu cür ev sahibləri kirayənişin tapmaqda çətinlik çəksələr də, Allah sonda ruzusunu yetirir.
Elə ev sahibləri də var ki, onlar öz yaşadıqları mənzillərində ayrıca bir “xod” açıb kirayə verirlər. Düzdür, bu cür evlərə də müştərilər çox çətin tapılır. Adətən, belə mənzillərə təzə ailə qurmuş cütlüklər təşrif buyurur.
Kirayə mənzillər ev satışına təsir edib
Paytaxtda elə kiaryə evlər var ki, onların qiymətini öyrənəndə adamın gözü kəlləsinə çıxır. Məsələn, metronun “Içərişəhər”, “Gənclik” və “Elmlər Akademiyası” stansiyalarının yaxınlığında yerləşən 3-4 otaqlı, hər bir şəraiti olan evlər var ki, onların aylıq kirayə haqqı 1000 manatdan aşağı deyil.
Bundan başqa, gündəlik ev kirayə verənləri də paytaxtda tapmaq olar. Qiymətlər isə fərqlidir. Bu, 30 manatdan başlayıb 100 manata qədər artır. Bakıdakı hotellərin əksəriyyəti bundan ucuzdur. Nəzərə alsaq ki, hotellərin hamısında səhər yeməyi pulsuz, üstəlik, döşək ağları da gündəlik dəyişdirilir, onda vəziyyətin necə bərbad olduğunu görə bilərsiniz. Gündəlik evlərini kirayə verənlər yalnız həftədə iki dəfə döşək üzlərini dəyişdirirlər və bir dəfə isə təmizlik işləri aparırlar.
Kirayə qiymətlərinin artması evlərin satışına da böyük təsir göstərib. Belə ki, illərdir kirayə mənzillərdə ömürlərini çürüdənlər borc-xərc içində ev almaq qərarına gəlirlər. Bu dəfə də zülmə qatlaşmalı olurlar. Getdikcə qiymətlərin qalxması vətəndaşları paytaxtın kənar yerlərinə üz tutmasına vadar edir.
Indi burada da vəziyyət acınacaqlıdır. Belə ki, sənədsiz torpaq almaq üçün Bakının ən ucqar kəndində sotu 5 min manatdan ucuzunu tapa bilməzsən. Hələ ev tikmək üçün icazə sənədini, bələdiyyə, sahə müvəkkilini, icra nümayəndəliyini görüm-baxım etməyi demirik. Evin tikilib başa çatması isə başqa bir dərddir.
Bir sözlə, Bakıda kirayədə də qalmaq bir dərddir, mənzil almaq da…
Ramin DEKO