Balaca Müqəddəs qundaq ikən çox qışqırardı. Anası bəzən bu qışqırıqlardan cana doyub onun göm-göy olmuş yanına bir iki şillə vurardı, ürəyini soyutmaq istərdi, uşaq isə səsinə daha da güc verərdi. Babası nə baş verdiyini bilərdi, mehriban-mehriban “uşağa zülm eləməyin,- deyərdi,- sel həmişə kötük gətirməz”, axşamlar isə Müqəddəsin atası işdən qayıdanda baba bic-bic qımışıb oğluna “Xəbərin var da nə oldu? anası Müqəddəsnən neçə saat qapışdı (güləşdi), axırda uşağa qalib gəldi, kürəyini yerə vurdu; gəlinim əsl pəhlivan imiş”,- söylər, dilsiz körpənin incidilməsini yanlış hesab elədiyini xatırladardı. Ama nə qədər xoş və qalmaqalsız…
Hər dəfə dövlət – daha doğrusu, hakimiyyət, çünki burada hakimiyyət həm dövlətdi, həm şah, həm qanundu, kəsəsi, dövlət eləcə Familiya dövlətidi – bir gənci şərləyib içəri atanda yadıma bu əhvalat düşür. Ruslan Bəşirli, Aqil Xəlil, Adnan Hacızadə, Emin Milli, Eynulla Fətullayev, Cabbar Savalan və Bəxtiyar Hacıyev… Hər birində dövlətimizin nə qədər “güclü olduğunu” düşünüb, o əhvalatı xatırlamışam.
Dövlət bala başı saxlamaq, onun boşuna qışqırmadığını anlamaq, tədbir görmək yerinə balalarının başını yeyir. Onları dünyaya gəldiyinə peşman eləyir, uşaq kimi hayıf alır, gənc ömürlərini türmədə, qürbətdə çürütmək istəyir.
Əslində, dövlətin öz əzələsini nümayiş elətdirdiyi məqamlarda mən çox yanlış yerə bu xoş, təpədən dırnağa sevgiylə dolu o uşaqlıq xatirəsini yada salmışam. Belə hallarda müqayisəyə ancaq bir dəhşətli hadisə uyğun gəlir, o da qışqırma əhvalatıdı – Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi döngə 13, 9 saylı evdə baş verən qanlı olay. 5 yaşlı qızı – Sevinci döyərək qətlə yetirən ata və ögey ananın insanlığa sığmayan cinayəti.
Əlini qızının qanına bulayan Şahlar Həsənov özünü itirmədən dərhal hüquq-mühafizə orqanlarının əməkdaşlarını aldatmaq istəyib. O, ərizə ilə müraciət edərək bildirib ki, qızı ekspertiza olunmasın. Çünki o, kreslodan yıxılaraq ölüb. Yəni bədbəxt hadisə nəticəsində… (ANS) – bu, bir paralel bizim Familiya dövlətinin əməlləri ilə. Aldatmaq, yalan söyləmək. Vəhşiliyin səbəbi haqda yanlış bilgi vermək.
Lakin Suraxanı Rayon Prokurorluğunun ekspertizası başqa həqiqəti üzə çıxarıb. Polis ailənin yaşadığı evə baxış keçirərkən Sevincin yatdığı çarpayının üzərində qanabənzər ləkələr düşmüş yastıqüzü və taxta döşəməsilən tapıb.
Nəhayət, müəyyən edilib ki, fevralın 26-da Sevinci valideynləri döyüb. Təkzibolunmaz sübutların qarşısında aciz qalan “ata” qızının başına açdığı dəhşətli faciəni etiraf edib,- bir zaman gənclərlə ayaq-ayağa qoyan indiki Familiya dövləti də bu etiraflarda bulunacaq. Bəxtiyarın təcridxanada amansızlıqla döyüldüyü bildirilir. Aqilin bıçaqlanmasını isə kimsə unutmayıb.
Bildirilir ki, uşağın sifətində sağ yer olmayıb. Bundan başqa, Şahlar Həsənov istintaqa ifadəsində bildirib ki, qızı yıxılmayıb. Gecə yatarkən ağlayıb. O da buna hirslənərək qızının başına təpiklə zərbə endirib. Sonradan məlum olub ki, sən demə, Sevincə ilk zərbələri analığı Rəbiyyət Osmanova vurub. Polisin saxladığı ögey ana əməlindən heç də peşman olmadığını bildirib: “Mən öldürmüşəm. Yaxşı eləmişəm”. Bizim dövlət yetkililərimiz də həmişə eyni şeyi deyir: “Tutmuşuq, əcəb eləmişik. Qışqırır, qanunu pozur, ictimaiyyəti narahat eləyirdi…”.
Bildirilir ki, bu, R.Osmanovanın ilk qətl əməli deyil. 2000-ci ildə ərini öldürdüyü üçün 7 il müddətinə azadlıqdan məhrum edilibmiş. Bəxtiyar Hacıyev əhvalatı da birinci deyil. Bütün qışqırğan gəncliyə ögey olan dövlət azmı övladını boğub, döyüb, öldürüb, səsini kəsib, şil-küt eləyib… Hələ, ömrü uzanarsa azmı eləyəcək?..
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.
Bir gün Avropa Məhkəməsində də bənzər maddə ilə cinayət işi başlanacaq və işin adı belə olacaq: “Azərbaycan xalqı Azərbaycana qarşı!”.