Sahibkarlara Naxçıvan qeydiyyatından çıxmaq təklif olunur
Uzun müddətdir ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi Naxçıvandan kənarda sahibkarlıq fəaliyyəti göstərmək istəyən vətəndaşlara VÖEN verilməsinə qadağa qoyub. Belə ki, Bakı şəhərində kiçik sahibkarlıqla məşğul olmaq istəyən naxçıvanlılar qeydiyyatda olduqları ərazidən VÖEN almaq istəyəndə problemlə üzləşirlər. Onlara təklif olunur ki, VÖEN almaq üçün Naxçıvan qeydiyyatından çıxıb, Bakı qeydiyyatına düşsünlər. Bu da həm əlavə xərc deməkdir, həm də ortaya bəzi problemlər çıxarır. Naxçıvan sakini Isa Quliyev də belələrindəndir. Onun dediyinə görə, VÖEN almaq üçün Naxçıvan Şəhər Vergilər Idarəsində ondan 500 manat pul istəyiblər.
Isa Quliyev deyir ki, bir il öncə işsizlik ucbatından Naxçıvanı tərk edərək Bakıya üz tutub. Bir müddət sonra isə Bakıda kiçik sahibkarlıqla məşğul olmaq qərarına gəlib. Isa Quliyev bildirir ki, bunun üçün o, Bakıda kiçik bir dükan icarəyə götürüb. Dükanı işə salmaq istəyəndə isə ondan VÖEN tələb ediblər.
VÖEN almaq üçün qeydiyyatda olduğu Naxçıvan şəhərinə qayıdan Isa Quliyev burada problemlə üzləşdiyini deyir. Isa Quliyevin sözlərinə görə, Naxçıvan Şəhər Vergilər Idarəsində ona bildiriblər ki, Naxçıvan Vergilər Nazirliyinin göstərişi ilə muxtar respublikadan kənarda fəaliyyət göstərmək istəyən sahibkarlara VÖEN verilmir:
“VÖEN almaq üçün Naxçıvan Şəhər Vergilər Idarəsinə müraciət etdim. Orada mənə dedilər ki, muxtar respublikadan kənarda fəaliyyət göstərən vətəndaşlara VÖEN vermirik. Səbəbini soruşanda dedilər ki, muxtar respublikadan kənarda fəaliyyət göstərənlərə nəzarət edə bilmirik. Bir neçə gün get-gəldən sonra dedilər ki, 500 manat ver, başqa yolla həll edək”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublika Vergilər Nazirliyinə yollandıq. Aparat rəhbəri Əli Şabanov müsahibəsində Muxtar Respublikadan kənarda sahibkarlıqla məşğul olmaq istəyən Naxçıvan vətəndaşlarına VÖEN verilməsinə nazirliyin qadağa qoyması faktını təsdiqlədi. O, bunu vergidən yayınma ilə izah etdi. Aparat rəhbəri bildirdi ki, belə qadağanı qoymalarına səbəb Bakıda fəaliyyət göstərmək istəyən sahibkarlara nəzarət edə bilməmələridir. Əli Şabanov bu problemlə üzləşən sahibkarlara çıxış yolu kimi Naxçıvan qeydiyyatından çıxıb, fəaliyyət göstərmək istədikləri ərazidə qeydiyyata düşməyi məsləhət gördü.
Naxçıvan Şəhər Vergilər Idarəsi koordinasiya şöbəsinin əməkdaşı Vüqar Məmmədov isə idarədə Naxçıvan sakini Isa Quliyevdən 500 manat pul istəmələri faktını qətiyyətlə inkar etdi. Vüqar Məmmədov bildirdi ki, 6 aydan artıqdır ki, onlara VÖEN problemiylə bağlı müraciət edilmir.
Iqtisadi ekspert Məhəmməd Talıblı isə hesab edir ki, Naxçıvanda belə bir məhdudiyyətin tətbiqi qanuna ziddir:
“Azərbaycan qanunvericiliyində belə bir tələb yoxdur ki, sahibkar fəaliyyət yerini dəyişərkən mütləq yaşadığı yerin də qeydiyyatını dəyişməlidir. Fərqi yoxdur, Naxçıvan vətəndaşı, yaxud digər bölgə vətəndaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, həmin şəxslər sadəcə yaşadıqları ərazinin vergi idarəsində qeydiyyatda durmalıdır. Bu, onların yaşayış yerinin dəyişməsi anlamına gələ bilməz. Naxçıvanda tətbiq olunan bu məhdudiyyət sırf qanun pozuntusudur”.
Işsizlik ucbatından Naxçıvanı tərk edib Bakıda kiçik sahibkarlıqla məşğul olmaq istəyən sadə vətəndaşlar isə, hesab edirlər ki, bu siyasət məqsədyönlü aparılır. Onların fikrincə, belə qanunların tətbiqi ona görədir ki, dözümsüz şərait ucbatından Naxçıvanı tərk edənləri rəsmən qeydiyyatdan çıxarıb, Naxçıvandan biryolluq uzaqlaşdırsınlar.