Nə qədər primitiv mənzərə! Parlamentin iclasını göstərirlər. Bəzi deputatlar çıxış etməyə cəhd edirlər. Bəli, mən buna “cəhd” deyirəm, çünki bunu çıxış adlandırmaq çox müşkül məsələdir. Bir gözləri qarşılarındakı kağızda, o biri gözləri də parlament rəhbərliyinin üzündə. Birdən nəyisə yanlış deyərlər – həqiqətən də “risk” böyükdür… Imitasion demokratiya bitib. Indi təzə dövr başlayıb, hələ adı yoxdur. Inşallah, olmayacaq da, çünki bu dövr elə də çox çəkməyəcək. Hər halda, buna ümidliyik. Istəyirəm yazının gözünə bir zarafat qatım. Qəzzafini sıxışdıranda qayıtdı ki, mən prezident deyiləm, necə istefa verim?! Qorxuram nə vaxtsa bizimkilər də desin ki, bizdə parlament yoxdur, nəyi buraxaq?! Bunu desələr ömürlərində ən böyük etirafı etmiş olarlar. Hə, edərlər, inşallah! Bu günlərdə yenə Kanta bir nəzər saldım. “Mən nəyi bilə bilərəm?”, “Mən nə edə bilərəm?”, “Mən nəyə ümid edə bilərəm?”… Kantın məşhur sualları! Jurnalist tayfası hər şeyi bəsitləşdirməyə meylli olur. Mən də bu sualları bəsitləşdirmək istədim, bircə anlığa fərz etdim ki, bu sualları elə özümüzdən soruruq.
Biz nəyi bilə bilərik?
Biz Neft Fondunda həqiqətən nə qədər sərvət toplandığını, böyük layihələrə həqiqətən nə qədər pul sərf olunduğunu, ünvanlı sosial yardımların necə və kimə paylandığını, məmurların həqiqi gəlirlərini, kimin şanlı parlamentimizə həqiqətən seçildiyini, prezident seçkilərində kimin həqiqətdə nə qədər səs topladığını, büdcə vəsaitlərinin necə xərcləndiyini, xarici və daxili siyasətin incə mətləblərini bilə bilmərik! Qalan şeyləri bilmək icazəlidir. Burada yenə də yadıma böyük filosofların prinsipləri düşdü. Qalan şeylər barədə necə və nə qədər istəyirsiniz fikir yürüdün, amma itaət edin! Bəli, itaət etmək vacib şərtdir, ona görə də keçək növbəti mətləbə.
Biz nə edə bilərik?
Aksiya, mitinq keçirə bilmərik. Siyasi partiya olaraq şəffaf bir seçki arzulaya bilmərik. Üç nəfərdən artıq toplaşa bilmərik. Ürəyimiz istəyəni, ağlımız diqtə edəni yaza və danışa bilmərik. Hökumətin işlərinə qarışa bilmərik, ondan nə hesabat, heç informasiya da ala bilmərik. Azad mətbuat arzulaya bilmərik. Sərbəst şəkildə öz partiyalarımızın iclasını keçirə, qərargah sevdasına düşə bilmərik. Hökumətdə və parlamentdə təmsil olunmaq fikrinə düşə bilmərik. Məhkəmələrə ümid edə bilmərik, ədalətli mühakimə arzulaya bilmərik. Bəli, yazılmış, kağız üstündə olan qanunlara inanıb hərəkət edə, yaşaya və həyat qura bilmərik. Öz biznesimizi, öz işimizi qurmaq fikrinə düşə bilmərik. Bir də bizdən vəzifəcə böyüklərə sorğu ünvanlaya bilmərik. Bəs axı biz nə edə bilərik? Itaət, itaət və yenə də itaət!
Biz nəyə ümid edə bilərik?
Yaxşı həyata, ucuz bazara, normal maaşa, geniş mənzilə, etibarlı gələcəyə ümid edə bilmərik. Sabahkı günümüzün bugünkündən daha yaxşı olacağına ümid edə bilmərik. Nə vaxtsa qiymətlərin düşəcəyinə, aldığımız maaşla gen-bol olmasa da, normal yaşayacağımıza ümid edə bilmərik. Yolumuzun heç vaxt məhbəs tərəfə düşməyəcəyinə ümid edə bilmərik. Bəs nəyə ümid edə bilərik? Səsimizi çıxarmasaq, sakitcə itaət etsək, yolu qırmızı işıqda, yaxud keçid olmayan tərəfdən keçməsək, daim qənaət etsək, hamı kimi yaltaqlıqla başımızı girələsək, taleyin bizə bəxş etdiyi 50-60 ili yaşayacağımıza ümid edə bilərik!
Kiçik sözardı
Bəli, əsas suallar da bitdi. Sualların sayını artırmadıq, çünki bunu ulu Kanta əlavə kimi yoza bilərdilər. Heç buna ehtiyac da yoxdur. Metafizika, əxlaq və bir də din! Kant özünün məşhur sualları ilə bu üç sferanın üçünü də əhatə edib. Bizim suallara daha nə ehtiyac var? Əsas cavablardır. Onu da etdik.
Qəribə məqamdır. Həmişə bu ölkəni cavabsız suallar ölkəsi adlandırmış və bunu xüsusi vurğulamışam. Amma, sən demə, cavablar varmış. Düzdür, onlar daha çox inkar formasındadır, fəqət, fərqi yoxdur, əsas odur ki, onlar var. Sonda bir detala diqqət çəkim. Bu alman dühaları öz yaşadıqları dövrlə, quruluşla münaqişəyə girmədən yaşayıb-yaradıblar. Kant da, elə Höte də çox rahat həyat keçiriblər. Kaş, biz də rahat olaydıq!